İlin sözü seçildi: «Selfie» nə deməkdir?

Nelson Mandela ilə vida mərasimi. Sağdan sola: Amerika prezidenti Barack Obama, Danimarkanın baş naziri Helle Thorning-Schmidt və Britaniyanın baş naziri David Cameron öz fotolarını çəkirlər, Johannesburg, Cənubi Afrikada, 10 dekabr 2013.

-

Oxford Universitetinin lüğətçiləri ilin YENİ SÖZÜnü seçiblər.


Hələ orta əsrlərdən rəssamlar öz portretlərini çəkiblər və buna avtoportret deyiblər.

Amma öz şəklini çəkmək 21-ci əsrdə artıq mürəkkəb və vaxtaparan bir iş deyil. Mobil telefona və gücgüyə nə gəlib? Smartfon olan yerdə isə heç güzgü də lazım deyil.

İndi gəl, eqosu "qabarıq", bir düyməni basmaqla sosial şəbəkədə az qala həyatının hər dəqiqəsini fotolar şəklində paylaşan yeni əsr insanının qabağında dur...

"Məntiq"lə götürəndə gərək bunun adı "avtofoto" olaydı. Amma dildə söz yaranışının öz məntiqi var...

Britaniyanın Oxford Universitetində nəşr edilən Oxford lüğətləri dünyada ən məşhurlardan sayılır.

İngilis dilinin lüğətini 20 cilddə (!!!) nəşr edir universitet. Hər il də oraya yeni yaranan sözləri əlavə edir.

Lüğətçilər hər il - ilin sözünü seçib elan edirlər. 2013-cü ilin sözü "selfie" seçilib (selfi - vurğu ilk hecada).

İngiliscə, "self" (öz) sözündəndir. Amma "selfish" (eqoist) sözünə də çox oxşayır:)

Bu günlərdə vəfat edən böyük siyasi xadim Nelson Mandela ilə Cənubi Afrikada keçirilən vida mərasiminə bir çox dünya liderləri qatılmışdı. Həmin mərasimdə Amerika prezidenti Barack Obama, Britaniyanın baş naziri David Cameron və Danimarkanın baş naziri Helle Thorning-Schmidt smartfonla birgə şəkillərini çəkdilər.

Rəsmi mərasimdə gülə-gülə edilən bu hərəkət bəzilərinə yersiz göründü.

Bu, Oxford lüğətçilərinin qərarından sonra baş vermişdi. Bir çox qəzetlər hadisəni təsvir edərkən "selfie" sözünü işlətdi.

Lüğətçilər deyirlər ki, əslində bu söz təzə yaranmayıb, sadəcə, daha sıx şəkildə axır 12 ayda işlənməyə başlayıb.

Onun ilk dəfə harada işləndiyini, təbii ki demək çətindir, amma İnternetdə 2002-ci ilə aid forumların biri sözün Avstraliyada "dünyaya gəldiyini" göstərir.

Dil isə öz işindədir və artıq "selfie"dən törəmə yeni sözlər yaşam hüququ qazanmağa çalışır.

Məsələn, bədənin ayrı-ayrı hissələrinin fotolarının öz adları yaranır. Saçını çəkirsənsə, adına "helfie" ("hair" - saç sözündən), pardon, dalını çəkirsənsə, adına "belfie" deyilir. Sərxoş "selfie"yə isə "drelfie"...