Hague-in Bakı səfəri ərəfəsi Twitter-də kampaniya başlanıb

-
Azərbaycanlı və beynəlxalq ictimai fəallar Böyük Britaniyanın xarici işlər naziri William Hague-in Bakıdakı görüşləri zamanı insan haqları məsələsini qaldırması üçün sosial media kampaniyasına başlayıblar.

İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov BBC-yə deyib ki, kampaniya Twitter sosial şəbəkəsindən fəal istifadə edən Hague-in Klikləyin profilini qeyd etməklə, ona Azərbaycanda siyasi məhbus problemini çatdırmaq və onun bu məsələni İlham Əliyevlə görüşdə qaldırması üçün aparlır.

"Hague, son seçkilərdə gözlənilmədən ədalətli mövqe nümayiş etdirən Böyük Britaniyanı təmsil edir, həm də o, Bakıya hər gün gələn rəsmi deyil".

Hague Britaniyanın son 17 ildə Azərbaycana səfər edəcək ilk xarici işlər naziridir.

Dekabrın 17-də Bakıya gələcək Hague “Şahdəniz” layihəsinin ikinci mərhələsinin son investisiya qərarının qəbul olunması mərasimində iştirak etməlidir. Həmin gün onun prezident İlham Əliyevlə də görüşü planlaşdırılıb.

HAGUE-Ə ÇAĞIRIŞLAR : "KÜRÜ YEYƏNDƏN SONRA SUSMA"

Twitterdə @rasuljafarov yazıb ki, "Nazir @WilliamJHague, xahiş edirəm ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə danışıqlar zamanı siyasi məhbusların azad edilməsini tələb et. Açıq danışmaq vaxtdır".

"Görünməmiş sayda vicdan məhbusu olan Azərbaycana xoş gəlirsən. Xahiş edirəm, bu mövzunu rəhbərliklə danış", @FuserLimon yazır.

"@WilliamJHague, 8 günahsız gənc yalan təqsirlərlə həbsdədir, ümid edirəm, kürü yedikdən sonra susmayacaqsan", @Ulk_A_li isə belə deyib.

Helsinski İnsan Haqları Fondunun prezidentinin müavini @Adbodnar bildirib ki, "Ümid edirəm ki, @WilliamJHague Azərbaycana səfəri zamanı 140-dan çox siyasi məhbus problemini qaldıracaq".

Beynəlxalq və yerli hüquq müdafiəçiləri bildirir ki, Azərbaycanda 9-u jurnalist olmaqda, 142 siyasi məhbus mövcuddur.

Azərbaycan rəsmiləri isə, dəfələrlə ölkədə siyasi məhbus olmadığını və həmin şəxslərin müxtəlif cinayətlər törətdiyini bildirib.