Əlil mülkiyyət hüquqlarının pozulmasına etiraz oluraq intihara cəhd etdi [Yenilənib]

-
“Bizim yol” qəzeti Həmkarlar İttifaqının qarşısında özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovun niyə belə bir addım atdığına aydınlıq gətirib.
Qəzetin yazdığına görə, Qarabağ əlili intiharın səbəbini mülkiyyət hüquqlarının pozulması, bank girovluğunda olan evinin satışa çıxarılması ilə əsaslandırıb.

“Vaxtı ilə eks-prezident Heydər Əliyev tərəfindən Qarabağ əlillərinin yaşayışlarının yaxşılaşdırılması məqsədi ilə dəniz kənarında mənə torpaq sahəsi verilmişdi. Həmin torpaqla bağlı Həmkarlar İttifaqı tərəfindən 2010-cu ildə məhkəməyə verildim və yerim əlimdən alındı. Məhkəmənin qərarından sonra hər yerə şikayət etməyimə baxmayaraq, boş-boş sözlər və vədlərdən başqa bir cavab verilmədi”.

Zaur Həsənovun sözlərinə görə, həmin torpaq sahəsində yerləşən obyekti yeganə gəlir mənbəyi olub.
----
APA-nın məlumatına görə, ikinci qrup əlil, 5 uşaq atası Zaur Həsənov üstünə benzin tökərək özünü yandırıb.

Polis əməkdaşlarının səyi nəticəsində Zaur Həsənov xəstəxanaya aparılıb.

Hazırda intihara cəhdin səbəbləri araşdırılır.