Anar Məmmədli ev dustaqlığına buraxılmadı

Anar Məmmədli

-
Dekabrın 25-də Nəsimi rayon məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı vəkilin müraciətinə baxılıb. Məhkəmə 3 aylıq həbs qəti-imkan tədbirini dəyişməyib.

Anar Məmmədli dekabrın 17-də həbs olunub. Baş Prokurorluq A.Məmmədlinin sədri olduğu təşkilata oktyabrın 29-da cinayət işi açıb. İlkin ittiham qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq idi. Daha sonra Anar Məmmədli vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendum nəticələrini saxtalaşdırmaqda da suçlanıb. Eyni ittiham «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İctimai Birliyinin rəhbəri Elnur Məmmədova qarşı da sürülüb.

Baş Prokurorluq bildirir ki, cinayət işinin araşdırılmasına Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar əsasında başlanıb.

Anar Məmmədli Nəsimi rayon Məhkəməsinin onun barəsində 3 aylıq həbs qərarından şikayət vermişdi.

Bir sıra beynəlxalq qurumlar Anar Məmmədlinin həbsini siyasi sayır, onu dərhal azad etməyə çağırır.

İşi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.