“Əcəlimizlə ölmək istəyirik”, “Nifrətə inad, yaşasın həyat!” - Hevi-LGBT dərnəyi yanvarın 25-də İstanbulda keçirdiyi etiraz aksiyasına bu şüarlala çıxmışdı.
Onlar Azərbaycanlı homoseksual İsa Şahmarlının faciəvi ölümünə etiraz ediblər. İ.Şahmarlının fotosu ətrafında şamlar yandıran aksiya istirakçıları mətbuata açıqlama verdilər.
“Dövlət və cəmiyyət tərəfindən həyat bizim üçün yaşanmaz bir hala gətirilib”. - LGBT fəalı, transseksual qadın Asya Elmas AzadlıqRadiosuna bildirib:
“İsa qardaşımıza Allahdan rəhmət diləyirik. Azərbaycanlı homoseksuallara səslənmək istəyirəm ki, yalnız deyilsiniz, biz əlimizdən gələn dəstəyi sizə verməyə həmişə hazırıq. Çünki sizin orda yaşadığınız çətinliyin eynisini biz də burda yaşayırıq. İnşallah, bir gün həyat hər kəs üçün yaşanılacaq, gözəl bir yerə çevriləcək”.
Türkiyəli fəal Sezer Azərbaycanda cinsi ayrı-seçkiliyə yol verən təfəkkürü qınadığını deyir:
“Xüsusən də, dəfn mərasimində baş verənləri şiddətlə qınayıram. Əcəlimizlə ölmək istəyirik. Homoseksual, transseksual, biseksual olduğumuz üçün öldürülmək istəmirik. İnsana insan olduğu üçün dəyər verilməlidir. Ki, bunu mənimsəmiş bir ölkə hesab edirik Azərbaycanı”.
Azad LGBT təşkilatının sədri, 20 yaşlı İsa Şahmarlının yanvarın 22-də intihar etdiyi bildirilir.