Dünya Ədəbiyyatı Kitabxanası seriyasından daha 5 kitab

-

Dünya Ədəbiyyatı Kitabxanası seriyasından daha 5 kitab çap edildi.

Bu barədə "Oxu zalı" Bakı Kitab Klubuna istinadla xəbər verir:

1. Valter Skott, Ayvənhəu

2. Artur Miller, Seçilmiş Əsərləri

3. Ernest Seton-Tompson, Seçilmiş Əsərləri

4. Migel de Servantes,“Lamançlı Don Kixot”

5. Henrix Mann, Seçilmiş Əsərləri

Beləliklə prezidentin sərəncamı ilə gerçəkləşdirilən 150 cildlik Dünya Ədəbiyyatı Kitabxanası layihəsindən 89 kitab artıq nəşr olunub.

KİTABLAR HAQDA ƏTRAFLI

Ernest Seton-Tompson. “Seçilmiş əsərləri”

Görkəmli kanadalı yazıçı Ernest Seton-Tompson (1860-1946) təbiətşünas yazıçı kimi məşhurlaşmışdır. Hadisələrin və müşahidələrin bioloji səhihliyi, Seton-Tompson yaradıcılığının ən böyük məziyyətidir.

Yazıçı heyvanları sanki insaniləşdirir. Uşaqlıqdan heyvanlara, canlı aləmə məhəbbəti bütün ömrü boyu onu müşayiət etmişdir. Seton-Tompsonun, demək olar ki, hər hekayəsi qəhrəmanlıq duyğu və əməllərinə qadir bir heyvanın, ya da bir quşun həyəcanlandırıcı həyat hekayətidir.

“Mənim tanıdığım heyvanlar” hekayələr toplusu onu ABŞ və Kanadada xeyli məşhurlaşdırmışdı. Onun həmin əsərlərə özünün çəkdiyi rəsmləri dəqiqliyi və ifadəliyi ilə diqqəti cəlb edirdi.

Şəhər həyatını sevməyən Ernest bir çox illər meşələrdə və çöllərdə yaşamışdır. 40-a yaxın əsəri, əsasən, heyvanlara həsr olunmuşdur. Seton-Tompson sanki vəhşi təbiətin ecazkar dünyasını bütün insanlara tanımaqçün dünyaya gəlmişdir. .

Bu . Bu kitabda Ernest Seton-Tompsonun 2 romanı- “Balaca vəhşilər”, “Mənim həyatım” və 16 hekayəsi Azərbaycan oxucusunun ixtiyarına verilmişdir.


Artur Miller. “Seçilmiş əsərləri”

Dünya dramaturgiyasının klassiki vcə əfsanəsi hesab edilən Artur Millerin (1915-2005) 1943-cü ildən yazmağa başladığı pyesləri onun dünya ədəbiyyatındakı yerini müəyyənləşdirmişdi.

Qərbin ən nüfuzlu teatrşünasları Artur Miller dramaturgiyasını XX əsrin böyük sənət hadisəsi hesab edirlər. Miller yaradıcılığı demək olar, bütün teatr araşdırmalarının baş mövzularındandır. Millerin dramları dünya teatr səhnələrində oynanılmış, ədəbi tənqidçilər və teatrşünaslar tərəfindən yüksək qiymətləndirilmişdir. Onun pyesləri dramaturgiya ilə nəsrin vəhdətində, yəni sərhədlərində yazılmışdır. Əsərlərindəki dialoqlar obrazların daxili aləmini açmağa yönəlmişdir.

Millerin bütün pyeslərinin qəhrəmanları, əsasən, həyatda özünü tapa bilməyən, təsadüfdənmi, ya zərurətdənmi taleyin istehzasına tuş gəlmiş insanlardır.

1968-ci ildə qələmə aldığı “Qiymət” pyesi illüziyalar və gerçəkliklər, həqiqət və yalanlar, adamların bir-birinə doğmalaşması, yadlaşması haqqındadır. Onun “Körpüdən görüntü”, “Xalq düşməni”, “Bu, Vişidə baş vermişdir” əsərləri oxucuların diqqətini özünə çəkmişdir. . Bu kitabda Artur Millerin “Hamısı mənim oğlum idi”, “Kommivoyajörün ölümü”, “Bəxti gətirən adam”, “Qiymət”, “Dünyanın yaranışı və başqa-başqa işlər”, “Ağır sınaq” və “Körpüdən görüntü” pyesləri Azərbaycan oxucusunun ixtiyarına verilmişdir.


Valter Skott. “Ayvənhəu”

XIX əsrin əvvəllərində tarixi roman janrının yaradıcısı kimi qəbul edilən şotland əsilli ingilis yazıçısı Valter Skott (1771-1832) əsasən, Şotlandiya, ingiltərə, bütövlükdə isə Avropa tarixinə dair romanların müəllifi kimi tanınır.

“Romanın Uilyam Şekspiri” adlandırılan yazıçı, Belinskinin təbirincə, “yeni Avropa incəsənətinin sosial istiqamətini müəyyənləşdirmişdir”.

Valter Skottun 1802-1803-cü illərdə nəşr etdirdiyi “Şotland sərhədinin nəğmələri” adlı üçcildlik toplusu, “Rokbi” (1812) və digər əsərləri öz vətəni Şotlandiyanın və onun insanlarının taleyi haqqında bitkin təsəvvür yaradır. “Ayvənhəu” (1819) onun ən məşhur romanıdır.

Migel de Servantes. “Lamançlı Don Kixot”

Yaradıcılığa bir qədər gec-38 yaşında başlamış məşhur ispan yazəçısı Migel de Servantesin (1547-1616) dünya ədəbiyyatı klassikləri arasında xüsusi yeri var. Yazıçının şah əsəri kimi dünya mədəni sərvətlərindən birinə çevrilmiş “”Lamançlı Don Kixot” eyni zamanda özünəməxsus koloriti və yumoru, bəzən kəskin satirası ilə seçilən orijinal milli romandır.

Migel de Servantesin bu əsəri ispanlara məxsus roman olmaqla yanaşı, onun hər fəslində görünən donkixotluq ümumbəşəri anlayışdır. Don Kixot surəti rəmzə çevrilmiş əbədi obrazıdır.

Haynrix Mann “Seçilmiş əsərləri”

Ailədə Heayrixdən (1871-1950) başqa daha üç övlad böyüyürdü. Onların hamısı gələcəkdə ədəbiyyat və incəsənət aləmində tanınmış simalar olmuşlar (Tomas-yazıçı, Nobel mükafatı laureatı, bacısı Karla-aktrisa).

Haynrix 1881-1899-cu illərdə Lyubek gimnaziyasında təhsil almış, Berlin universitetinə daxil olmuş, lakin oranı yarımçıq tərk etmişdir. 1884-cü ildə Sankt -Peterburqa səyahət edir. 1893-cü ildə dəfələrlə Münhendə (atası öldükdən sonra ailəsi buraya köçür) olur.

1933-cü ildə Hitler hakimiyyətə gəldikdən sonra o, alman vətəndaşlığından məhrum edilir, əvvəlcə Praqaya, sonra isə Fransaya mühacirət edir, “Hersoginya Assinin üç romanı” (1903) trilogiyasında Haynrix siyasətdəki rolunu sərbəst şəkildə ifadə etmək istəyən xanımın sonda iflasa uğramasından bəhs edir.

Yazıçını daha çox digər personajlar, bu vəziyyətdən digər vəziyyətə asanlıqla keçə bilən insanlar maraqlandırır. “IV Henrixin gənclik və yetkinlik illəri” romanı ona böyük şöhrət qazandırmışdır. 1953-cü ildən Berlin Akademiyası hər il Haynrix Mann mükafatı təqdim edir. Bu kitabda Haynrix Mannın “Təbəə” və “Professor Qanmaz”romanları Azərbaycan oxucusunun ixtiyarına verilmişdir.