Türkmənistandan Azərbaycana benzin gətirilə bilər

İlham Şaban

-
Azərbaycan «Aİ-95» markalı benzinə olan tələbatını Türkmənistan, Rusiya, Rumıniya və Bolqarıstandan gətirməklə ödəyə bilər.

Neft araşdırmaları üzrə ekspert İlham Şaban bu fikirdədir.

Onun dediyinə görə, Rusiya və Türkmənistan Azərbaycana yaxın olduğundan çox güman ki, üstünlük də bu ölkələrə veriləcək. Amma ekspert bütün hallarda qiymətlərin indikindən yüksək olacağını düşünür:

«1 manat 20 qəpik də ola bilər. Azad bazar siyasəti olacaqsa, bu, ucuz da ola bilər. İndi Azərbaycanda «Aİ-95» 80 qəpikdirsə, elə sahibkar ola bilər ki, ona benzini gətirmək ucuz başa gələr və gətirdiyi benzini 85 qəpiyə satar. Bu, daha çox benzinin gətirilməsinə çəkilən yol xərclərindən asılıdır. Misal üçün, sahibkar benzini Bolqarıstandan Batumiyə, ordan da Böyük Kəsiyə gətirib 85 qəpiyə satırsa, həmin benzin Bakıda 1 manat olacaq. Azad bazardan söhbət gedirsə, ölkənin bu başı ilə o biri başı arasında eyni qiymət ola bilməz. Qiymətlər indikindən ucuz olmayacaq. Həm də ona görə ki, Rusiyada və Avropada benzin ucuz deyil. Türkmənistanda daxili qiymətlər ucuz olsa da, bu ölkə xaricə daxili qiymətlərlə benzin satmır».

Hazırda Azərbaycanda «Aİ-95» markalı benzin ümumi tələbatın yalnız 10-11 faizini təşkil edir.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev hökumətə «Аİ-95»nin istehsalını dayandıraraq tam şəkildə «Аİ-92»nin istehsalına keçməyi təklif etdiklərini söyləyib. Bu, Bakıdakı Neft Emalı Zavodunda modernləşmə işinin aparılması ilə əlaqələndirilir.

Nazirlər Kabinetinin qərarı ilə «Aİ-92» və «Aİ-95» markalı benzinin idxalı gömrük rüsumundan azad edilib.