“Terrorçuluğa qarşı mübarizə haqqında” qanun sərtləşdirilir

-
Azərbaycanda “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna dəyişikliklər edilir. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsindən APA-ya verilən məlumata görə, bununla bağlı sənəd komitədə müzakirə olunub.

Komitə sədri Ziyafət Əsgərov bildirib ki, son vaxtlar dünyada gedən qlobal proseslər və iğtişaşlar Azərbaycana də təsir edir: “Bəzi məktəb və məscidlərdə, müxtəlif təşkilatlarda aqressiv dini təriqət daşıyıcılarının toplaşaraq sabit qruplar yaratması, təbliğat aparması, terrorçuluğa açıq çağırışlar səsləndirilməsi hallarına rast gəlinir. Buna görə də sözügedən sənəddə ölkənin və dövlətin milli maraqlarına uyğun olaraq bəzi maddələrin sərtləşdirilməsi zəruridir. Bu, əsasən beynəlxalq terror fəaliyyəti, terrorçuluğun maliyyələşdirilməsi, terror aksiyaları təşkil etmə, planlaşdırma, hazırlama, əhali arasında vahimə yaratmaq, bu məqsədlə media orqanlarından, internetdən, sosial şəbəkələrdən istifadə etmə hallarını əhatə edir”.

Komitə sədri onu da deyib ki, indiyədək Azərbaycan bununla əlaqədar 15-dən artıq beynəlxalq konvensiyaya qoşulub, parlamentdə bir sıra mühüm qanun və qərarlar qəbul edilib. Bildirilib ki, hər hansı bir şəkildə terror fəaliyyətində iştirak edən şəxsin cəzalandırılması onun ətrafının, ailəsinin, bundan əziyyət çəkən digər fiziki şəxslərin təhlükəsizliyinin təmin edilməsi baxımından da vacibdir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.