«İsmayıllı işi»: Alqışlayanlar. Qarğışlayanlar. Mat qalanlar

Sizin brauzer HTML5-i dəstəkləmir

«İsmayıllı məhbusları»na hökm oxundu

-
Martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində – «İsmayıllı işi»ylə bağlı son iclasda alqışla qarğış eyni anda səslənib.

Uzandıqca uzanan məhkəmədən sonra şərti azadlığa buraxıldığını eşidənlər hakimi alqışlayıblar. Müxtəlif müddətlərə həbsə atılanlarsa qarğış ediblər. Alqış və qarğış öz yerində, amma məhkəmə hökmünə mat qalanlar da olub:

«Biz mat qalmışıq, bu necə dövlətdir, bu necə qanunlardır? Qanunlardan danışan hakimiyyət görmürmü ki, bu gün məhkəmələr hansı vəziyyətdədir?».

Oğlu Elşən İsmayıllının günahsız olduğunu bildirən Səməd kişi sübut olunmayan cinayətlərə görə övladının 5 il yarım azadlıqdan məhrum olunmasını ciddi qanun pozuntusu sayır:

«İlkin istintaqda təzyiq, hədə və digər üsullarla təqsirləndirilən şəxsdən və ya şahidlərdən götürülən ifadələr məhkəmədə əsas kimi götürülə bilməz. Götürüldü. Bundan başqa bütün məhkəmə boyu dindirilən 87 nəfərin 74-ü ilkin ifadəsindən imtina etdi, elə bir ifadə vermədiyini, sadəcə, yazılanlara imza atdığını bildirdi. Amma yenə məhkəmə ilkin ifadələrə söykənərək hökm oxudu, özü də gözlənildiyindən də ağır».

MƏHBUS ATASI PREZİDENTƏ TELEQRAM VURUB

Səməd İsmayıllı prezidentə teleqram vurub, təcili dövlət başçısıyla görüşmək istəyir:

«Teleqram vurmuşuq ki, bizi təcili qəbul eləsin. Belə şey olmaz, Uşaqlarımız həbsxanada çürüyürlər.

İsmayıllı - 25 yanvar 2013

​Sübut olunmamış cinayətlərə görə niyə bu qədər iş oxudular? Bizim başımız çıxmır bu nə məsələdir. Bizdən qisasmı alınır?».

Elşən İsmayıllının vəkil İslam İsmayılov da müdafiə etdiyi şəxsin həbs olunmasını yalnız videogörüntülərdə olmasına bağlayır:

«Rayonda olmaq nə vaxtdan cinayət sayılır? Haradasa videokameraya düşməklə insanlar tutulsaydı, onda yer üzündə bir nəfər də qalmazdı. Mən fikirləşirdim ki, bəraət veriləcək. Elşən iki maddə ilə məhkum olunub, amma 7 maddə ilə məhkum olunanlar şərti azadlığa buraxıldı. Demirəm ki, onlara şərti cəza niyə tətbiq olundu, onlar da günahsızdırlar. Amma 7 maddə ilə ittiham olunan adamlar buraxılırsa, himayəsində iki azyaşlı övladı olan, müəllim işləyən və müsbət səciyyələndirilən, təsadüfən hadisə yerində görünən adam 2 maddə ilə 5 il yarım cəzaya məhkum edilir. Qanunsuzluq, ədalətsizlik öz yerində, mənim fikrimcə, burda ən azı Allahsızlıq var, Adamın bir Allahı olar! Adam bir yuxarı baxar!...».

Məhbusların yaxınları məhkəmə qarşısında - 17 mart 2014


«NƏ GÖZLƏYİRDİKSƏ, O DA OLDU»

Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu məhkəmə hökmündən təəccüblənməyib. Deyir ki, əksinə, onları təəccübləndirən atalarına dövlət ittihamçısının istədiyi cəzadan az iş kəsilməsi olub:

«Biz, təbii ki, ədalət, demokratiya olmayan ölkədə ədalətli məhkəmə hökmü gözləmirdik. Nə gözləyirdiksə, o da oldu. Bir az cəzanın müddəti bizi çaşdırdı, biz daha çox gözləyirdik. Gözləmədiyimiz bir şey olmadı».

AzadlıqRadiosu şərti azadlığa buraxılanların məhkəmə hökmünə münasibətini öyrənmək istədi. Yalnız bir nəfər tapıldı, o da bircə cümlə söylədi:

«Sağ olsun prezidentimiz!..» (telefonu qapayır)

«PREZİDENT TUTA DA BİLƏR, BURAXA DA...»

Şərti azadlığa buraxılan Rəşid Məmmədovun atası Ərzuman Məmmədov oğlunun azadlığa buraxılmasını prokurorun istəyinə deyil, hakimin müsbət yanaşmasına bağlayır:

Polis İsmayıllıda aksiyaçını saxlayır, 24 yanvar 2013


«Mənim oğlumun üzünə duran çox oldu. Prokuror da ona 6 il iş istəmişdi. Amma hakim onu azadlığa buraxdı. Ona görə ki, mənim oğluma qarşı irəli sürülən ittihamlar şayiə olduğu üçün sübut edilmədi. Oğlumun 22 yaşı var. Tutulanadək Şamaxıda liseydə – yol hərəkətinin təşkili kursunda oxuyurdu. İndi görək təhsilini davam etdirəcəkmi. Bu günümüzə şükür. Allah prezidentimizin canını sağ eləsin. O özü tuta da bilər, buraxa da...».

Ərzuman Məmmədovun fikrincə, oğlu ilə yanaşı, bütün tutulanlar da buraxılsaydı, daha yaxşı olardı:

«Biz hökumətin işinə qarışa bilmərik, amma arzu edərdik ki, o biri tutulanlar da buraxılsın. Bu gün elə bil bizim üçün İsmayıllıda 50 faiz toy-bayramdır. Bu gün İsmayıllıda konsert gedir, o biri tutulanlar da buraxılsaydı, bu, çox şərəfli olardı».

İsmayıllıda yandırılan hotel, 25 yanvar 2013


«ƏLAVƏ PƏRDƏ...» VƏ BİR «MÜƏMMA»

Əvvəldən axıradək məhkəmə iclaslarına qatılan Elçin İsmayıllı – AzadlıqRadiosunun bölgə müxbiri bir çox sirrin üstünü aça biləcək şəxslərin sonadək məhkəməyə gətirilməməsinə diqqət çəkir:

«Vəkillər, təqsirləndirilənlər, onların yaxınları, rayon ağsaqqalları dəfələrlə məhkəməyə müraciət etdilər ki, İsmayıllı və Mingəçevirin polis rəisləri məhkəməyə çağırılsın. Bu, bir çox qaranlıq məqamların üstünə işıq salardı. Amma sonadək məhkəmənin bu müraciətlərə məhəl qoymaması qaranlıq məsələlərin üzərinə elə bil əlavə pərdə saldı».

Elçin İsmayıllı rayonda otelin yandırılmasına qatılan 10-a yaxın kənardan gələn şəxsin də sonadək üzə çıxarılmamasını «İsmayıllı işi»ndə ciddi müəmmalardan biri sayır.

Martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2013-cü ilin yanvarın 23-24-də İsmayıllıda baş verən hadisələrlə bağlı təqsirləndirilən 18 nəfərdən 8-i şərti cəza ilə azadlığa buraxılıb.

REAL Hərəkatının rəhbəri İlqar Məmmədov 7, Tofiq Yaqublu 5, yerdə qalan 8 rayon sakini 2 il yarımdan 8 ilədək azadlıqdan məhrum edilib.