“Səhər açılandan burda dayanmışam. Prokurorun qəbuluna düşmək istəyirəm. Dərdimi demək istəyirəm. Binadan çıxırlar, məni ələ salırlar, yenə qayıdırlar binaya...”.
QAPI ARXASINDA QALANLAR...
Martın 14-də baş prokuror Zakir Qaralov Qusarda qəbul keçirirdi. Ölkənin birinci prokurorunun görüşünə qucaq qucaq problemlərlə gələn şimal əhli qapı arxasında qalmışdı. Daha doğrusu, qəbula xırda-para gileyləri olanları buraxırdılar. Böyük problemləri olanlar isə qapı arxasında qalmışdı.
“Dünəndən burdayam, məni lağa qoyurlar.
- Kim lağa qoyur sizi?
- Bu polislər...
- Baş prokurorla niyə görüşmək istəyirsiniz?
- Uzun illər əvvəl əllərimlə tikdiyim ev dağılıb gedir. Yaşlı və xəstəyəm. Köməyim yoxdur. Icra hakimiyyəti məni aldadır. Gedirəm icra hakimiyyətinə, deyirlər, get, gəlib düzəldəcəyik. Hər dəfə məni uşaq kimi aldadıb yola salırlar. Baş prokurora demək istəyirəm ki, mənə kömək eləsin”.
Baş prokurora sözünü çatdıra bilməyənlər üzlərini AzadlıqRadiosunun kamerasına tutmuşdular. Deyirdilər, əyani onları dinləməyən birinci prokuror bəlkə səslərini dinləyə, problemlərinə əncam çəkə...
“Məni işdən çıxarıblar. Məhkəmələri də keçmişəm. Xeyrimə üç məhkəmə qərarı çıxıb. Ancaq işə bərpa etmirlər. 3 uşaq anasıyam, dolanışım çətindir. İşim əlimdən tuturdu. Gəlmişəm baş prokurora dərdimi deyəm. Prokurorun qəbuluna buraxmlırlar”.
“MƏNİ “KPZ” İLƏ HƏDƏLƏYİRLƏR...”
Fidayə Abdullayeva isə Qusardan gəlmişdi. Şikayəti yerli bələdiyyədən idi:
“Yerli bələdiyyə 1995-ci ildən istifadə etdiyim torpağı başqasına satıb. İndi də məni polislə hədələyirlər. Deyirlər, səsini çxıarsan, şikayət etsən, səni “KPZ”-yə saldırarıq. Mal-qara yerimiz idi. Dedim, bəlkə baş prokuror işə qarışa, göstəriş verə, torpağımı özümə qaytararlar. Hanı? Heç yaxınına da buraxmırlar...”
Xaçmaz sakini Nazan Mirzəyeva oğlunun əsassız həbsindən şikayətə gəlmişdi:
“Övladımı haqsız yerə tutublar. Məhkəmə vaxtı haqsızlığa etiraz edib özümü yandırdım. Bu ölkədə bir toyuqun ayağı sınanda bütün tülükanallar göstərir. Ancaq başımıza bu qədər bəla gəldi, bir adam bizimlə maraqlanmadı. Hakim ədalətsiz hökm çıxartdı, oğlum həbsə atıldı”.
İş orasındadır ki, baş prokurorun qəbul keçirdiyi otağa təkcə şikayətçilər yox, heç kütləvi informasiya vasitələrinin nümayəndələri də buraxılmadı.
Fevralın 28-də şimal bölgəsinə şikayətçiləri dinləmək üçün gəlmiş fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəbulunda da eyni vəziyyət yaşanmışdı.