Vüqar Dəmirbəyli "Süddaşıyan" (Hekayə)

Vüqar Dəmirbəyli

-

Dəlik isə həm kiçik idi, həm də hasarın lap aşağısında idi. O biri tərəfə keçmək üçün gərək yerə uzanıb iməkləyəydin.

- Nə baxırsan? — dedi bibisi. – Qoy torbanı burda dursun, özün çıx o tərəfə. Biz arvadlar burdan hər gün keçirik.​..



Son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilir.


Vüqar Dəmirbəyli


SÜDDAŞIYAN

(Hekayə)


Kiçik əyalət şəhərciyindəki xəstəxananın hesabdarı bir gün evə çox yorğun gəldi.

Heç şam yeməyinə də halı yoxdu, yatmaq istəyirdi.

Son vaxtlar işdən evə yorğun-arğın gəlib yemək yeyən kimi yatağa girirdi. Nə artıq böyüyüb boya-başa çatmış uşaqlarına, nə də deyingən arvadına fikir verməyərək yuxuya dalmaq hesabdarın ən böyük ehtiyacı idi.

Bu axşam da elə yenicə mürgüləməyə başlamışdı ki, yadına haradansa yeniyetməlik çağları düşdü…

Atası süd kombinatında işləyirdi, özü də hər gün, nahara bir neçə saat qalmış köhnə arabasında süd gətirirdi.

Arabanı qoca bir at çəkərdi; yaralarına da milçəklər daraşardı. Yazıq yabı elə bil ki, taleyi ilə barışdığından heç milçəkləri qovmağa cəhd də etməzdi.

Yabı hər gün süd dolu metal bidonları qəsəbənin bu başından o başına daşımağa da öyrəncəli olmuşdu.

Bidonlar ağzınadək süd ilə dolu olurdu, belə ki, araba həmişə yağışdan sonra zığ-zımrığı dizə çıxan əyri-üyrü yollarda silkələndkcə süd də qapağın altında çalxalanır, bidonun kənarlarında axmağa başlayırdı.

Atası tək işləyirdi, südü xəstəxanaya, uşaq bağçasına və başqa yerlərə paylamazdan əvvəl arabanı evə sürər, hər bidondan bir vedrə götürüb yerinə su doldurardı.

Anası isə həmin süddən qatıq tutub, şor, kəsmik düzəldər, bu da yavanlıqlarını görərdi. Atası söyləyərdi ki, onun gətirdiyi xalis süd deyil, çünki dediyinə görə hələ kombinatda buna su qatırdılar.

Uşaq bağçasının, xəstəxananın və şuluq uşaqlar üçün olan internat məktəbinin işçiləri də bu duru südü su ilə qarışdırır, amma bundan qabaq “təmiz süddən” öz paylarını götürməyi də unutmurdular.

Hesabdarın yadında qalan o idi ki, axırda hamı razı qalırdı: həm kombinatın “sahibləri”, həm onların öz ailəsi, həm bu “artıq südü” evlərinə aparan xəstəxana, uşaq bağçası və internat məktəbinin işçiləri, eləcə də bu havayı “nemətin” sonda çatdığı xəstələr, bağça və internat uşaqları.

Uzun müddət bu belə də davam etdi, ta ki, tam qocalıb əldən düşmüş at canını tapşırıb öldü.

Gələcək hesabdarın atası, aydındı ki, atsız araba ilə süd daşıya bilməzdi, ona görə də onların ailəsiz ağartısız qaldı.

Atası bir müddət ümid eləyirdi ki, bəlkə kombinata ayrı at verələr ki o da yenə hər gün evinə süd gətirə bilə.

Ancaq kombinata at əvəzinə köhnə-külə bir yük maşını verdilər, özü də onu sürücüsü ilə bir yerdə göndərdilər.

Əslində bun onlardan ötrü bir mənası yox idi, atası onsuz da maşın sürə bilmirdi. İndi həmin gəlmə sürücü südü maşınının kuzovunda daşıyırdı. Bu maşına “köhnə-külə” də demək azdı, adama elə gəlirdi ki, onun böyürlərini bir-birinə bərkidən dəmir bağlarının cırıltısından qulaq tutulan taxta kuzovu bu dəqiqə tikə-parça olub dağılacaq.

Yəqin ki, köhnə əməliyyatı indi də təzə süddaşıyan aparırdı, “artıq südü” bidonlardan boşaldır, yerinə də o həcmdə su doldururdu.

Gələcək hesabdarın atası əlinin süddən çıxmasına çox mütəəssir olmuşdu Allaha dua edirdi ki, bu sürücünü işdən çıxarsınlar və kombinata da, daha doğrusu, çoxdan kombinatın küllüyündə atılıb istifadəsiz qalmış arabaya bir at tapıb gətirsinlər.

Lap elə əvvəlki kimi arıq-salxaq, yaralı-xoralı bir yabı olsun, özü də arabaya qoşulmadan başqa qoy heç nəyə yaramasın, amma təki at olsun.

Və nəhayət bir axşam onların evinə xəbər gəldi ki, təzə süddaşıyanı doğrudan da işdən çıxarıblar.

Səbəbini atası belə yozdu ki, guya bu adam son vaxtlar bidonlara bir yox, iki vedrə su tökürmüş, deməli südü də iki vedrə götürürmüş.

Bu işin də ki, üstü gec-tez açılmalı idi, çünki xəstələrə, uşaqlara, internat şagirdlərinə çatdırılan süd daha çox su qatılmış duru əhəng məhlulunu xatırladırmış.

Həmin sürücünü işdən çıxarmağına çıxardılar, amma bundan sonra da hesabdarın atası arzusuna çatmadı; onun arabası yenə də heç kimin yadına düşmədi. Kombinata isə yeni bir sürücü göndərdilər.

Hesabdarın atası ona təzə at verəcəkləri bağlı ümidini getdikcə daha çox itirsə də kombinatdan ayrılmaq istəmirdi.

İndi o başqa bir nəfərlə bir yerdə kombinatın ərazisini təmizləyir, həftədə də bir dəfə zibil atmağa yollanırdı, elə həmin maşınlaca.

Südün daşınması ilə zibilin daşınması eyni vaxta düşürdü, ona görə də zibili elə bidonları yanınaca yükləyirdilər. Hesabdarın atası o biri yoldaşı ilə kuzova qalxır, südü paylayandan sonra da maşın qəsəbədən çıxıb zibili boşaltmaq üçün bir kənara üz tuturdu.

Amma belə günlərdə təzə şofer də kombinatdan çıxan kimi maşını əvvəlcə öz həyətinə sürür, o birilərə də tapşırırdı ki, kuzovdan düşməsinlər.

Sonra da oğlunu çağırır, ata-bala köməkləşib bidonları bircə-bircə aşağı düşürür, çalxalaya-çalxalaya içəri aparır, sonra da geriyə gətirirdilər.

Bu, hesabdarın atası üçün olduqca ağır idi. Keçmiş süddaşıyan, indiki zibilyığan bütün bunları gözü ilə görür, xiffət eləyirdi. İndi aldığı maaş ailəsinin dolanışığını çətinliklə görürdü, süd almağa isə imkanları yoxdu. Amma ailəsi bütün bu illər ərzində südə öyrəşdiyindən ağartısız əziyyət çəkirdi.

O vaxtlar hesabdarın bibisi xəstəxananın mətbəxinə yeni işə düzəlmişdi və anasının dediyinə görə hər gün evə iki vedrə dolu yemək aparırdı — birini özlərinə, birini də itə — üstəlik də bir zənbil ərzaq.

Anası xeyli vaxt idi atasını dilə tuturdu ki, uşaqlardan birini ərzaq dalınca bibisinin yanına göndərsin atası isə razı olmurdu. Belə olanda anası şikayətlənirdi ki, uşaqlara yemək çatmır, bir dəri, bir sümük qalıblar, onların əmələ gəlməsi üçün gərək bundan belə yaxşı yeyib içələr.

Axır ki, atası bur gün uşaqlardan birini – gələcək hesabdarı ərzaq üçün bacısının yanına göndərməyə razılıq verdi.

O onda hələ uşaq idi — qaça-qaça gəlib xəstəxananın darvazasından içəri girdi, sonra da soraqlayıb mətbəxi tapdı. Gələcək hesabdar daş pilləkənlərlə qalxıb qapını açdı və içəri girdi.

İçəridə çox isti idi, bucaqdakı yan-yana qoyulmuş iri sobaların üstündəki qazanlarda arvadlar nəsə bişirirdilər. O ömründə belə iri qazanlar görməmişdi; bu qazanlardan qalxan buğ otağı boğanağa döndərmişdi.

Əriyib yanmış piyin və tərin qoxusu bir-birinə qarışıb içəridəki havanı daha da ağırlaşdırmışdı. Sobaların başında üç arvad qan-tər içində əlləşirdi, biri də onlardan bir az arxada kətilin üstündə oturmuşdu.

Oğlan istər-istəməz oturmuş qadına diqqət edəndə gördü ki, onun boynundan qan axır; bu qanın izi qadının qartımış sinəsində də gözə dəyirdi.

Sonradan bibisi ilə etdiyi söhbətlərdən öyrəndi ki, mətbəxdə işləyən qadınlar tez-tez öz aralarında saçyolmasına çıxmalı olurlar. Kim evə nə aparacaq, nə qədər aparacaq – hər şey də bunun başındadır. Bibisinin ona sonradan söylədiyinə görə burda bişən xörəklərin ən yağlı tikələri xəstəxananın “başçılarına” saxlanılır – bu o kəslərdir ki, onlara adları ilə yox, soyadları ilə müraciət edirlər.

Sonra baş aşpaz burda olandan öz payını götürür, ondan sonra da xörəkbişirənlərlə, bibisi kimi xörəkpayalayanlar.

Əlbəttə axırda xəstələrə də nəsə çatırdı. Xəstələr heç vaxt şikayətlənmirdilər, verilənə qane olur, hələ şükür də eləyirdilər. Axı bütün bunlar hamısı havayı idi, dövlətin hesabına.

Oğlan yeməkbişirən qadınlardan bibisini soruşanda ona içəri otağın qapısını göstərdilər. Yaxınlaşıb qapını astaca döydü. Qapını olduqca kök, buxağı bir neçə dəfə qat bağlamış bir qadın açdı – sən demə bu da baş aşpaz imiş.

Bibisi otaqdakı masanın arxasında oturmuşdu, hər iki metaldan olan dayaz boşqablarda nəsə yeyirdilər. Qapının arasından onu görən kimi bibisi ayağa durub irəli yeridi, onu qucaqlayıb marçamarçla öpdü.

Elə bil bibisi ağzının yağını silməyə bir şey tapmadığından dodaqlarının yağını-piyini onun üzünə sürtürdü. Sonra da gəlməkdə xeyir olduğunu soruşdu. Oğlan bir az utansa da, hər halda atasının xahişini ona çatdıra bildi və bibisinin gözlərindən oxudu ki, sözləri onu təəccübləndirməyib.

Sonra bibisi əlindən tutub çəkə-çəkə onu özünün bayaq oturduğu yerdə əyləşdirdi. Ac olub-olmadığını soruşub eləmədən də öz boşqabından qaşıqladığı yeməyi az qala zorla onun ağzına dürtüşdürməyə başladı. Yemək çox yaşlı olduğundan oğlanın az qala ürəyi qalxacaqdı.

Bibisi dedi:

- Bu gördüyün həmin böyük qazanlarda bişməyib, baş həkimin bu gün yuxarıdan qonaqları varıydı, onlara bişirdiyimiz yeməkdəndi.

Sonra da dedi ki, yeməyin kimin üçün bişirildiyi onun yağlı, ya yavan olmasından bəlli olur. Onu sifariş verənin mövqeyi nə qədər yüksəkdirsə, yemək də bir o qədər yağlı olmalıdır. İO istədi desin ki, yaşlı yeyə bilmir, heç ac da deyil, amma bibisi sözünü ağzında qoydu:

- Gördün yemək — daha nə demək? Qismətdən qaçmaq olmaz, bala.

Bir-iki qaşıqdan sonra indiki hesabdar hiss elədi ki, ürəyi bulanır və istər-istəmız bibisin əlini itələdi. Bundan sonra daha bibisi də ona zor göstərməyib qalxdı, baş aşpaza yaxınlaşıb ondan sanki nə barədəsə xahiş eləməyə başladı. Baş aşpaz cavabında ucadan:

- Sən ona ancaq öz payından nəsə verə bilərsən, — deyə qətiyyətlə bildirdi.

Amma sonra oğlana tərəf baxıb nə fikirləşdisə, əlavə elədi:

- Yaxşı, neynək, bir az öz payından qoy, bir az da bizim payımızdan.

Bunda sonra bibisi onu ardınca çağırdı. Bu otaqdan içəriyə başqa bir otaq da açılırdı. Oraya girən kimi oğlanın gözünə qalaq-qalaq yığılmış ərzaq məhsulları dəydi.

Burada nələr yox idi! Mavi kağızlı dəmir bankalarda qablaşdırılmış süd, makaronla vermişel, kərə yağı, paxlava, qənd və şəkər tozu. Heç dükanda da bunların çoxunu görməmişdi. Hələ ət və balıq!

Istəyirsən təzəsi olsun, istəyirsən dondurulmuşu. Hamısı ayrı-ayrı rəflərdə düzülmüşdü – bəziləri torbada, bəziləri açıq. Sonralar bibisi danışırdı ki, xəstəxananın anbarına gətirilən malların heç də hamısı onlara çatdırılmır.

Ən yaxşı və təzə malları xəstəxananın böyükləri tezkən qapazlayır, ya da kənara satdırırlar. Malların bir qismi çox vaxt heç xəstəxananın anbarına da gəlib çıxmır — elə yoldaca onlardan yaxa qurtarırlar. Həmin malları məhz kim satır, kimə satır – bibisigilin bundan heç xəbəri də olmur.

Tək bazarda-dükanda onların qalıqlarını görəndə tanıya bilirlər. Sonra bibisi iri bir kağız torba götürüb ona verdi, özünə də tapşırdı ki, onun ağzını gen açsın və kənarlarından möhkəm yapışsın. Bibisi iri bir çömçə götürüb, hər ərzaqdan bir az qoymuşdu ki, torba doldu. Sonra da məlum oldu ki, belə dolu torbayla xəstəxananın darvazasından çıxmaq olmazmış, bun görə də hasardakı dəlikdən keçmək lazımdır.

Sonra bibisi ilə baş aşpaz onu pilləkənə qədər ötürdülər, oradan da hasardakı dəliyin yerini ona nişan verdilər. Qarşısında iri gövdəli ağaclar bitdiyindən uzaqdan o heç görünmürdü də. Hər iki qadınla xudafizləşəndən sonra gələcəyin hesabdarı göstərilən tərəfə üz tutdu. Amma bir neçə addım atmışdı ki, arxadan bibisinin səsini eşitdi:

- Dayan, bala, qoy səni özüm yola salım, yoxsa narahat olacam.

Bibisi ona çatandan sonra bərabər etməyə başladılar.

- Başa düşürsən də, — dedi bibisi, — gərək elə edəsən ki, səni bir adam görməsin. Yoxsa kimsə böyüklərə xəbər verər, biabırçılıq olar.

- Nə olar biləndə axı? — deyə uşaq soruşdu.

- Nə olacaq ki? Yolda sənə çatıb apardıqlarını əlindən alacaqlar, özünə də ağızlarından çıxanı deyib, söyüb bulayacaqlar. Buradakıların hamısı buna öyrəncəlidir, mənim də başıma bu artıq bir neçə dəfə gəlib. Elə olub ki, yemək apardığım yerdə yuxarılara xəbərləyiblər, yolda da məni tutub vedrəmi yerə boşaldıblar, özümü də abırdan salıblar.

Gəlib hasara çatdılar; hasar xeyli hündür idi, dolu torbayla onu üstündən aşmaq çətin olardı. Dəlik isə həm kiçik idi, həm də hasarın lap aşağısında idi. O biri tərəfə keçmək üçün gərək yerə uzanıb iməkləyəydin.

- Nə baxırsan? — dedi bibisi. – Qoy torbanı burda dursun, özün çıx o tərəfə. Biz arvadlar burdan hər gün keçirik.

Gələcəyin hesabdarı yerə uzandı; torpaq burada sarımtıl və yumşaq idi, üstündə də aydınca ləpirlər görünürdü. Deyəsən bu izi itlər qoymuşdular, yəqin onlar da xəstəxanaya gəlib-getmək üçün bu dəlikdən yararlanırdılar.

Amma hər halda burdan keçmək onlar üçün daha asan olmalı idi. Oğlan dirsəkləri ilə dizi ilə güc verib birtəhər dəlikdən keçdi. Onda hələ sürünməyə öyrənməmişdi; dizləri sıyrılmış, dirsəkləri də bir xeyli göynətmişdi.

Ayağa qalxıb üst-başının torpağını çırpandan sonra bibisini səslədi. Arvad da qardaşı oğlunun o biri tərəfə keçdiyinə əmin olandan sonra torbanı deşikdən bayıra itələdi.

Öz qiymətli yükünü alan kimi gələcək hesabdar evlərinə tərəf yol aldı. Tələsir, az qala yüyürə-yüyürə gedirdi; ona elə gəlirdi ki, hər dəqiqə xəstəxana böyüklərindən biri qabağını kəsəcək, onu söyüb biabır eləyəndən sonra da əlindəki azuqəni alıb xəstəxananın arxasından axan çaya tökəcək.

Amma çay da bir çay olaydı. Həm yatağı kiçik idi, həm də suyu az olurdu. Tək yaz gələndə suyu çoxalırdı, amma o qədər bulanıq olurdu ki, az qala qırmızıya çalırdı. Başqa vaxt isə dibi gözlə görünürdü, elə dayaz və susuz olurdu.

Deyilənə görə bu çayın suyu əvvəllər yaz-qış həmişə bol olarmış. Sonradan qurumağa başlayıb, suyu azalıb. Bəlkə də indiyə kimi çoxdan qurumuşdu, amma cürbəcür müəssisələr öz sularını çaya axıtdığından bu onu qurumağa qoymurdu. Bu çay bütün qəsəbədən keçirdi, suyundan da ki, bütün hamı istifadə edirdi.

Onlar özləri bu çayın suyundan ancaq ev-eşiyi, qab-qaşığı və, nə bilim, pal-paltarı yumaq üçün istifadə edirdilər. Bəlkə həmin müəssisələrin çoxusu hesabdarın atasının evi kimi qəsəbənin yuxarı hissəsində olduğundan onlar buraya çirkab suların axıdıldığını və hər cür tullantının atıldığını öz gözləri görürdülər, bundan yana da onun suyunu içmək üçün istifadəyə yararsız sayırdılar.

İçməli suyu isə çarəsizlikdən pul ilə almalı olurdular. Həmin suyu da yuxarı kəndlərdəki bulaqlardan doldurub gətirirdilər.

Düzdü, içməli suyu o qədər baha satmırdılar, amma bu da bir yandan ailənin xərc-xəsarətini artırırdı.

Əvvəllər at sağ olanda atası suyu da özü doldurub gətirərdi, indisə gərək pul ilə alaydılar. Amma qəsəbənin aşağı hissəsində yaşayanlar bu suyu elə içmək üçün də yararlı hesab edirdilər və pulla su almırdılar.

Bəlkə o tərəfdə yaşayanlar daha xəsis, ya daha kasıb idilər deyə suyun təmiz olub-olmamasına o qədər də əhəmiyyət vermirdilər?

Ya bəlkə onların müəssisələrin çirkab sularını haraya axıtmasından xəbəri yox idi? Gələcək hesabdarın ailəsində özlərinə belə təsəlli verirdilər ki, çaya nə çirkab axıtsan da müəyyən məsafədən sonra hamısı onun dibinə çökür, buna görə su da durulub təmizlənir.

Ola bilər qəsəbənin aşağı hissəsinin sakinləri özlərini onunla sakitləşdirirdilər ki, əgər su yuxarıda yaşayanlara çatana qədər durulub təmizlik işləri üçün yararlı olurdusa, onlara çatana kimi də daha çox təmizlənib içməyə də yararlı olurdu. Nəyə görə onda onlar pulla bulaq suyu almalıydılar ki?

Oğlanı evdə sevinclə qarşıladılar, sən demə hamı onun yolunu gözləyirmiş. Anası iri bir qazançada əlüstü makaron qaynatdı, sonra onun gətirdiyi ətdən də bir az doğradı, soğanla qızardıb süfrəyə düzdü. Çoxdandı belə ləzzətlə yeməmişdilər.

Uşaqların qatılaşdırılmış süd də çox xoşuna gəldi. Ona bir az su qatanda lap atalarının gətirdiyi əvvəlki südə oxşayırdı, bir az şirin də olsa.

Bundan sonra gələcək hesabdar bibisinin yanına tez-tez gedir, hər dəfə də əlidolu qayıdırdı. Daha əsas qapıdan heç istifadə eləmirdi – artıq öyrəşdiyindən girəndə də, çıxanda da rahatca dəlikdən sürünüb keçirdi.

Bir dəfə yenə həmin dəlikdən keçmək istəyəndə divara dirəndi: hasardakı dəliyi daşla tutmuşdular. Oğlan boş çanta ilə hasarı dırmaşıb aşdı. Bir az keçmiş isə yenə də dolu çantayla həmin yerə qayıtdı, özü də bibisiylə bərabər. Dəlik elə doldurulmuşdu ki, hasarın başqa yerini təzədən dəlmək onu açmaqdan asan idi. Beləcə xalalı-balalı axtarıb hasarda asan dəlinəcək bir yer tapdılar və təzə keçid düzəltməyə başladılar.
Bakı, 1996-1997