Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək

Vüqar Həşimov

-

Aprelin 19-dan 30-na qədər Şəmkirdə mərhum Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri keçiriləcək.

Şahmat Federasiyasından AzadlıqRadiosuna verilən məlumata görə, turnir iki (A, B) dairəvi sistem üzrə keçiriləcək. A turnirində azərbaycanlı qrossmeysterlər Şəhriyar MəmmədyarovTeymur Rəcəbov, dünya çempionu Magnus Carlsen (Norveç), Fabiano Caruano (İtaliya), Hikaru Nakamura (ABŞ), Sergey Karyakin (Rusiya) iştirak edəcək.

Turnirin mükafat fondu 100 min avrodur.

B turnirində 10 şahmatçı – Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abbasov (Azərbaycan), Hao Vang (Çin), Pavel Eljanov (Ukrayna), Etienne Bakrot (Fransa), Radoslav Voytaszek (Polşa) və Aleksandr Motilev (Rusiya) mübarizə aparacaqlar. B turnirinin mükafat fondu 30.000 avrodur.

27 yaşlı Vüqar Həşimov bu il yanvarın 11-də Almaniyada uzun müddət müalicə olunduğu xərçəng xəstəliyindən vəfat edib.

Vüqar Həşimov 6 yaşından şahmat oynamağa başlayıb. 1999-cu ildə beynəlxalq usta adını qazanıb. 2002-ci ildə qrossmeyster olub. 2009-cu ildə karyerasının ən pik nöqtəsinə çatıb. Dünya reytinqində 6-cı mövqeyə yüksəlib. O, həmin il Azərbaycana Avropa çempionu adını gətirən son bir xalı da qazandırıb. O, qalib gəlsəydi Azərbaycan, heç-heçə etsəydi, Rusiya çempion olurdu. Onda Vüqar qalib gəldi və Azərbaycan Avropa çempionu oldu.