Salyanda ictimai fəala cinayət işi açılıb

Arxiv foto, Salyan rayon polis şöbəsi


Salyan rayonunda Demokratiyaya Yardım İctimai Birliyinin üzvü Tofiq Qasımov haqqında cinayət işi açılıb.

Bu haqda AzadlıqRdiosuna birliyin rəhbəri Emil Məmmədov məlumat verib. Birlik rəhbərinin sözlərinə görə o, Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmək) ittiham olunur. Emil Məmmədov açılan cinayət işini birliyə və özünə qarşı təzyiq sayır:

“Bundan öncə 10 sutkalıq həbs olunmuşdu. Bu gün vaxtı tamam olurdu, buraxılmalı idi. Ailə üzvlərinə deyiblər ki, onun haqqında hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi açılıb. Guya idarə və müəssisə rəhbərlərinə hədə-qorxu gələrək pul istəyib onlardan. Əslində burada əsas hədəf təşkilat sədri kimi mənəm. Mən icra hakimi haqqında prezidentə şikayət etmişdim. O da demişdi ki, mən buna görə ondan qisas alacağam, Emili tutduracağam. İndi də əllərinə fürsət düşüb. İdarə müəssisə rəhbərlərini zorla göndərib şahid kimi onun üzünə qoyublar. Salyan polisində saxlanan Tofiqdən zorla mənim əleyhimə izahat alıb, məni də həbs etmək istəyirlər. İşi polis aparır”

Salyan Rayon Polis Şöbəsindən Tofiq Qasımova açılan cinayət işi ilə bağlı məlumat vermək istəmədilər.

Tofiq Qasımov aprelin 4-də ictimai asayişi pozma ittihamı ilə 10 sutkalıq həbs olunmuşdu. Emil Məmmədov AzadlıqRadiosuna həbsin əsassız və sifarişli olduğunu demişdi. O bildirirdi ki, monitorinq apararkən üzə çıxardığı korrupsiya faktlarına görə Salyan rayon icra başçısı ondan qisas alır.

Salyan rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov ünvanlarına səslənən iddiaları rədd etmişdi.

Rayon polis şöbəsi də Tofiq Qasımovun şərlənərək həbs olunması barədə deyilənləri rədd edirdi. Salyan şəhər sahə müvəkkili Zeynal Vəliyev AzadlıqRadiosuna bildirmişdi ki, Tofiq Qasımov ictimai yerdə nalayiq ifadə işlətdiyinə görə 10 sutkalıb həbs olunub.