Nazirlərin orta yaşı

-
Aprelin 18-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

ŞUŞANIN MAKETİ


“Yeni Müsavat” qəzetində Zamin Hacı yazır:

“...Gül bayramına diqqətinizi yönəltməyimin səbəbi bu deyil. Mən sadəcə sarayın yanında Şuşa qalasının tanış maketini gördüm, söhbət xoşuma gəldi. Demək, bu maketi çoxdan qayırıblar, yetərincə də böyükdür, yalan olmasın qala divarının natural, təbii ölçüləri boyunda bir zaddır. Hər il gül bayramında Hacıbala müəllim bunu basır gətirir - təkər üstündə qayırıblar - meydana, xalq da Şuşanın qabağında durub şəkil çəkdirir, internetdə paylaşıb “Şuşanı aldıq” deyə bir-biriylə məzələnirlər.

Maraqlı maketdir, hətta bunun ətrafında yumoristik bir film də çəkmək olar. Məsələn, maketin üzərində “Şuşa” sözünü kiril əlifbasında, Sovet dövrü yazılan formada saxlayıblar, bununla sanki demək istəyirlər ki, bizim üçün Şuşa köhnə vaxtdakı kimidir, ermənilər yanıb tökülsünlər. Ancaq absurd odur ki, həmin hərflər təkcə kiril əlifbası effekti vermir, yazılış formasına görə erməni əlifbasına dəhşətli dərəcədə bənzəyir. Bəlkə də SSRİ vaxtı bunu qəsdən o şriftlə yazmışdılar. Xalqlar dostluğuna-filana görə.

“EURONEWS”DA İVANOVKA REPORTAJI

“Euronews” telekanalı Azərbaycanın İvanovka kəndində yaşayan malakanlar haqqında geniş reportaj təqdim edib. AzərTAc xəbər verir ki, süjetdə malakanların ilk evlərinin 1834-cü ildə Azərbaycanın İsmayıllı rayonunda tikildiyi qeyd olunur.

Telereportajda qeyd olunur ki, İvanovkada sanki zaman donub. Çünki demək olar ki, hər bir malakanın evində soba vardır. Bu, gözəllik üçün deyil, ənənəvi dadlı yeməkləri bişirmək üçündür. Heç bir ailəvi və bayram toplantıları “əriştəsiz” keçmir. Teleyayımda Valentina Serebrannikova “Euronews”un müxbirlərinə “əriştə” təklif edir.

Reportajda məhz İvanovkada Azərbaycanda sovet dövründən qalan yeganə kolxozun fəaliyyət göstərdiyi xüsusi vurğulanır. İvanovka sakini İvan Novoselsev telekanala müsahibəsində bütün ömrü boyu kolxozda işlədiyini bildirir. Təqaüdə çıxdıqdan sonra o, arıçılıqla məşğul olur.

Süjetdə xüsusi qeyd olunur ki, İvanovka sakinləri tarixi ənənələrinə çox sadiqdirlər, eyni zamanda, dəyişikliklərdən də qorxmurlar.

AZƏRBAYCANDA NAZİRLƏRİN ORTA YAŞI 56-DIR

“Media forum” saytı Azərbaycanda nazir postu tutan şəxslərin orta yaşını hesablayıb: orta yaş 56-dır. Azərbaycanda 20 nazir var. Onların ən cavanı təhsil naziri Mikayıl Cabbarov (38 yaş), ən yaşlısı energetika naziri Natiq Əliyevdir (67 yaş).
Sayt qeyd edir ki, Azərbaycan prezidenti İlham Əliyev 53 yaşın içindədir. Baş nazir Artur Rasizadənin 79, Milli Məclisin sədri Oqtay Əsədovun 59, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 76 yaşı var. Onların orta yaşı 66-ya bərabərdir.

MTN-Nİ NARAZI SALAN MƏQALƏLƏRİM

Pərviz Həşimli

AXCP sədrinin müavini Pərviz Həşimlinin “Azadlıq” qəzetində məqaləsi dərc olunub.
Milli Təhlükəsizlik Nazirliyinin rəhbəliyində olan adamlarla həbsimdən sonra dəfələrlə üz-üzə gəldim. Daha doğrusu, məni, zorla başıma qara torba keçirib, MTN-nin bir korpusundan digərinə o qədər aparıb-gətirdilər ki, qolumdan tutan nəzarətçilərə, “artıq gedə bilirəm, tutmaya da bilərsiniz” deyirdim.

Məni 5 aylıq istintaq müddətində bəlkə də 30-40 dəfə Antiterror Mərkəzinə apardılar. Saxta cinayət işinə rəhbərlik edən müstəntiq Elşən Murtuzov məni cəmi 3 dəfə dindirdi. Qeyd edim ki, istintaq qrupunun tərkibində 4 müstəntiq olsa da, Elşən Murtuzov istisna olmaqla, onların heç birinin üzünü görməmişəm. Hətta bildiyimə görə, onlardan biri Səbail Rayon Polis İdarəsinin müstəntiqi imiş. Görünür, müstəntiqlərin mənimlə ünsiyyətdə olmaması istintaq üçün maraqlı şəxs olmamağımla bağlıdır.

Həbs olunduğum gecə istintaqçılar özləri də çaşqın durumda idi. Onlar üçün bir jurnalistin, hüquq müdafiəçisinin belə düşük, gülünc ittihamlarla həbsi həmin gecə bir sual olaraq qalırdı. Görünür, bu çaşqınlığın, cavabsızlığın nəticəsi idi ki, istintaq şöbəsinin rəis müavini sahib Allahverdiyev “Silahları Əli Kərimliyə gətirmisən, səmimi etiraf elə, işin yüngülləşsin”, - deyə bildirdi.

17 sentyabr gecəsi məni Antiterror Mərkəzinin rəisi Elçin Quliyevin otağına apardılar. Müavini İlqar Əliyevlə qarşıma MTN-lə bağlı yazılarımı qoydular. Həmin yazıların nədən ibarət olduğu barədə ictimaiyyətə məlumat vermək istərdim. Bu yazılar bir o qədər prinsipial əhəmiyyətə malik olmasa da, hiss etdim ki, mənə qarşı çox qəzəblidilər.

QƏRİB QARABAĞ, SİRLİ MİRYƏHYA VƏ QIZILBAŞ YURDUNDAN

Lent.az-ın əməkdaşı Əfqanıstandakı Qarabağ bölgəsindən yazır.

Əlimizdə sovetdən qalma xəritə, yanımızda sovetdən qalma əfqan tərcüməçimiz…
Səhərin gözü açılmamış... Qarabağa gedirik.
Kabildən 60 km aralıda yerləşən Qarabağa.
...Əfqan tərcüməçi təbii ki Kəlbəcərin harada olduğundan xəbərsiz idi.

...Elə biz də heç nə başa düşmürdük yol boyu. Çünki Əfqanıstanda yol boyu quraşdırılmış bircə məlumat lövhəsinə rast gələ bilməzsən. Ta Qarabağacan. Elə burada, Qarabağda, “4 yolda”, Qarabağ Müəllimlər Kolleci yazılmış lövhəni görməyənəcən bilməzdik ki, istədiyimiz yerə çatmışıq. Elə bu “4 yolda”ca Fuad kameranı çıxardıb çəkməyə başlayanda başımıza yığışan insanlar belə təəccüblənirdilər: görəsən bu lövhə bu əcnəbiləri nəylə cəlb edib ki? Qupquru bu dəmir parçasında nə sehr varmış? Əfqan tərcüməçi də deyəsən heç nə anlamır, elə hey “gəlin qabağa gedək, orda dağlar var, oranı çəkin” deyir...

“DİPLOMATİYAMIZIN ƏSAS TAPŞIRIĞI BARƏDƏ”

Rauf Mirqədirov

Rauf Mirqədirov “Zerkalo” qəzetində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində yubanmanın niyə təhlükəli olmasından yazır.

“Bu suala cavab çox sadədir: Gürcüstan və Ukraynanın taleyi göstərir ki, nizamlamada irəliləyişin olmaması gec ya tez “yarıformal və yarırəsmi” qəsbə gətirib çıxara bilər. Özü də təkcə Dağlıq Qarabağın deyil, Azərbaycanın qalan işğal olunmuş ərazilərinin də. Ona görə “yarıformal və yarırəsmi” ki, Rusiya və müttəfiqlərindən başqa dünyada heç kəs bu reallığı “rəsmi və formal” tanımayacaq”.