Başı kəsilən adam

Hicran Əliyevin rəsmi

-

"Ədəbi Azadlıq-2014" müsabiqəsinin Şeir 20-liyindən


Elşən Əzim


BAŞI KƏSİLƏN ADAM

Yaxın şərqdə hələ də cəza tədbiri kimi insan başı kəsilir. Və bu hərəkəti əvvəldən axıra kimi lentə alıb dünyaya yayımlayırlar.


Sifətin avazıyıb
üzünə qorxun çıxıb.
Qorxudan elə sənin
Diriykən qırxın çıxıb.

Cəlladın bıçağına
Dözə-dözə nə gördün.
Bu dünyaya bədənsiz
Baxdın, təzə nə gördün?

Qəm eləmə hər canın
Bir fitrə-zəkatı var.
Bu dünyanın nə qədər
Başsız məmləkəti var.

Gözümüzdən əriyib
Yaş gedəndə neyniyək?
Tanrının hüzuruna
Boş gedəndə neyniyək?
Papaq getdi neynədik
Baş gedəndə neyniyək
Başı kəsilən adam.

Elə mən də cəlladam,
Toyuq başı kəsmişəm,
Quzu başı kəsmişəm.
Ürəyimdə nə qədər
Arzu başı kəsmişəm.

Adamları başkəsən
Dünyanın daş başına.
Baş şəkli döydürürlər
Başsızın baş daşına.
Baş var ki, ha dartırsan
Manqurt papağı çıxmır
Eh bəxtəvər başına.
Başı kəsilən adam.