Krımdan sonra Qarabağ probleminin həlli : B.Shaffer təklif edir

Brenda Shaffer

Ukraynadan sonra növbə Qazaxıstanındır? Ukrayna hadisələri Qarabağ probleminin həllinə necə təsir edəcək? ABŞ Bankları Rusiyadan geri çəkilir - Mətbuat icmalı

Qafqaz üzrə tanınmış ekspert Brenda Shaffer Foreign Policy-də yazır : Nə qədər ki, Moskva Yerevanı dəstəkləyir, Bakı öz qonşusu Yerevanla sülh əldə etməkdə acizdir.
Dağlıq Qarabağda pozunuq status-quo vəziyyəti Moskvaya imkan verir ki, Cənubi Qafqazı nəzarətdə saxlasın. Münaqişə həll olunmadığına görə, Ermənistan heç vaxt Rusiya qoşunlarını ölkədən çıxartmayacaq. Öz növbəsində Rusiya qoşunları Ermənistanda qaldıqca, Rusiya Ermənistanı Qərbə yaxınlaşmaqdan çəkindirə biləcək.
Shaffer yazır ki, erməni qüvvələri Dağlıq Qarabağ ətrafındakı torpaqları sonradan sülhə dəyişməklə alver etmək üçün tutublar, ancaq bu gün erməni tərəfi bu torpaqlarda heç bir, xırda da olsun, güzəştə getmək istəmir. Shaffer qeyd edir ki, Qarabağ probleminin həllində Azərbaycan beynəlxalq aləmə inamını itirib.

Shafferin fikrincə, sülh cəhdləri əsasən, ona görə uğursuzdur ki, ABŞ Azərbaycan və Ermənistana əsas münaqişə tərəfləri kimi baxır, Rusiyanın bu münaqişənin uzanmasındakı roluna əhəmiyyət vermir.

Putin Gumrüdə hərbi bazada


ABŞ-ın hər dövlət katibi Ermənistan və Azərbaycan prezidentlərini tənqid edir ki, öz xalqlarını sülhə hazırlamırlar, sülhə gələ bilmirlər.

ABŞ, ATƏT Ermənistan və Azərbaycan arasında etimad yaratmağa milyonlarla dollar xərcləyiblər, ancaq Moskva ilə problemi yoluna qoymağın strategiyasını hazırlamayıblar.

Krıma qədər Vaşinqton Moskvanın etnik münqişələrtdən öz nüfuzunu genişləndirmək üçün istifadə etdiyinin fərqində deyildi.

Shaffer təklif edir ki, ABŞ Qarabağ sülh cəhdlərinə yenidən başlayandan sonra sülhə nail ola bilmədiklərinə görə Ermənistan və Azərbaycan prezidentlərini tənqid etməyi dayandırmalı, sülhə Rusiyanın dəstəyini necə təmin etmək barədə düşünməyə başlamalıdır. Məsələn, problemin həllində Rusiyanın maraqlarını müəyyən etmək olar. ABŞ məsələn, razılaşa bilər ki, Rusiyanın qonşuları NATO-ya üzv olmaycaq və bununla Rusiyanın yaxşı davranışına nail olmaq olar. Və yaxud ABŞ bildirə bilər ki, Rusiya qoşunlarının Ermənistandan çıxarılmasına çalışmayacaq. Shaffer yazır ki, Rusiya ilə “dövlətin suverenliyi”, “demokratiya” kimi anlayışlarla danışmağı dayandırmaq lazımdır, Rusiya sübut edib ki, ümumi dəyərlərdə maraqlı deyil.

Shaffer hesab edir ki, Vaşinqton Ankarının da siyasətini dəstəkləməlidir. Ermənistanla Türkiyə arasında artan ticarət Qarabağ sülh prosesinə dəstək olardı.

Shafferin fikrincə, Obama hökumətinin Qarabağ problemini həll etmək cəhdi müsbət əlamətdir. Bu onu göstərir ki, Obama hökuməti gələcək Krımların qarşısını almaq istəyir. Ancaq Vaşinqton Rusiyanı ciddi qəbul etməlidir. Qarabağ problemi Rusiyanın regiona ciddi nüfuzundan xəbər verir.

RUSİYANIN MENYUSUİNDA SONRA KİM VAR?

Qazaxıstan növbəti Ukrayna ola bilər. Bunu Moscow Times yazır.

Qəzetin fikrincə, 19-cu əsrdə Britaniya və Rusiya arasında Orta Asiyaya nüfuz uğrunda gedən böyük oyun yenə başlanıb və hər yerdə, o cümlədən Ukraynada gedir.
Qəzet yazır ki, Sovet İttifaqı dövründə bu Oyun dayanmışdı, ancaq SSRİ dağılandan və ABŞ Əfqanıstana gorəndən sonra oyun yenidən başlanıb.

Qəzetin fikrincə, Ukrayna böhranında məchullar çoxdur. Ancaq bir-iki məsələ aydındır. Rusiya Qərbin oyun qaydaları ilə oynamaq istəmir.

Putin hesab edir ki, Ukrayna qərb düşərgəsinə daxil olsa, NATO Rusiyanın astanasında olacaq. Bu isə qəbuledilməzdir.

Qazaxıstanın Kaşagan yatağı


Qəzet daha sonra Qazaxıstan barədə yazır ki, zəngin Qazaxıstanın 17 milyon əhalisi var. Bunun 25 faizi ruslardır. Qazaxıstanın şimalında və şimal-şərqində rusların payı 50 faizdir. Hətta Rus yazıçısı Soljenitsın post-Sovet Rusiyasına baxışlarını yazanda hesab edirdi ki, yeni dövləti Rusiya, Ukrayna, Belarus və Şimali Qazaxıstan yarada bilər və adı Cənubi Sibir ola bilər.

Hazırda Qazaxıstan sabitdir, ancaq prezident Nazarbayev öləndən sonra müəyyən çaxnaşma gözlənilir və yaxud belə çaxnaşmanı həmişə yarada bilərlər.

Qazaxıstanın cəmi 70 minlik qoşunu var və Rusiyaya müqavimət göstərə bilməz. Qazaxıstanın böyük bir hissəsini qopartmaq Rusiyaya böyük var-dövlət və nəhəng geosiyasi üstünlük gətirər.

Qəzet hesab edir ki, Rusiya Orta Asiyaya yenə öz yolunu tapıb. Bu yol Kiyevdən birbaşa Qazaxıstana gedir. Bu indi strateji məcburiyyətdir. Böyük Oyun qayıdır.

ƏVVƏLCƏ İNSANI ÖYRƏNƏN İQTİSADÇI

Müasir iqtisadiyyat statistika və riyazi düsturlardır, ancaq Gary Becker əvvəlcə insanı öyrənirdi. Becker sübut edirdi ki, məsələn, ayrı-seçkilik iqtisadi cəhətdən sərfəsizdir. Əgər sahibkar işinə görə yox, hər hansı bir subyektiv səbəbdən yaxşı işçini götürmürsə, o, uduzur. Becker göstərdi ki, ən rəqabətli sahələrdə ayrı-seçkilik çox azdır. Çünki hamı işə ən yaxşı işçini götürmək istəyir.

Wall Street Journal yazır ki, Nobel mükafatı laureatı Becker 83 yaşında vəfat edib. Becker iqtisadiyyatı insan davranışına tətbiq edirdi və sübut edirdi ki, insan kapitalı da eynilə o biri mal və məhsullar kimidir.

Becker göstərdi ki, hökumətlər məsələn, təhsil vasitəsilə insan kapitalına investisiya etməlidirlər, ancaq o eyni vaxtda sübut edirdi ki, bunu bazar iqtisadiyyatı edəndə nəticəsi hökumət edəndən qat-qat çox olur.

ABŞ BANKLARI RUSİYADAN ÇƏKİLİR

Financial Times yazır ki, ABŞ-ın ən böyük bankları Rusiyadan geri çəkilir. Citigroup elan edib ki, bu ilin birinci rübündə Rusiyaya kreditləri 9 faiz və ya 9,4 milyard dollar azaldıb. JP Morgan Case bankı 13 faiz və ya 4,7 milyard dollar, Bank of America 22 faiz və 5,2 milyard dollar azaldıb.