Şəkidə diabetli xəstələrin sayı artır

Şəkidə diabetli xəstə

-
Şəki şəhərində diabet xəstələrinin sayı dayanmadan artır. İndiyə qədər qeydiyyata alınan diabet xəstələrinin sayı 3600 nəfərə yaxındır. Xəstəxanadan verilən məlumata əsasən, bu ilin 4 ayında qeydiyyata düşən diabetli xəstələrin sayı 200 nəfərə çatır. Əvvəlki illərlə müqayisədə bu iki dəfə artım deməkdir. Diabetli xəstələrin yaşlarında cavanlaşma da müşahidə olunur.

“ŞƏKƏRLİ DİABET XƏSTƏLİYİ CAVANLAŞIB”

Tofiq Mehtiyev

​Həkim endokrinolog Tofiq Mehdiyev deyir:

“Hər ay bizdə 30-40 nəfər diabetli xəstələr qeydiyyata alınır. Amma düzün desək bir o qədər də xəstə qeydiyyata alınmayıb. Şəkərli diabet xəstəliyində cavanlaşma var. Bizdə indiyə qədər 10-a yaxın azyaşlı uşaq qeydiyyatdan keçib. Əksəriyyəti 4-5 yaşda aşkar olunub”.

Xəstəxanadan bildirilir ki, 2008-ci ildən sonra dövlət şəkərli xəstələrin dərman təminatını öz öhdəsinə götürdükdən sonra xəstəliyin aşkarlanması çoxalıb. Lakin şəkərli diabetdən əziyyət çəkən xəstələrdən çoxu bu dərmanlardan yararlana bilmədiyini deyir.

“BAHALI DƏRMANI ALA BİLMİRİK”

Belə xəstələrdən biri də, Mahirə Aslanovadı:

Mahirə Aslanova

“Xəstəxanadan bizə iki dərman verməlidirlər. Birinin qiyməti 50 qəpikdir, digəri isə bahalıdır, 16 manatdır. Ucuz dərmanı gedən kimi verirlər. Amma bahalı dərmanı ala bilmirik. İndiyə qədər cəmi iki-üç dəfə almışam. Ailədə iki nəfər şəkər xəstəsidir. Yoldaşım artıq iyirmi ilə qədərdir xəstədir. Mən də on ilə yaxın. Bahalı dərmanı vermədiklərinə görə məcburuq bunu öz cibimizin puluna alaq. Bizim kimi bahalı dərmanı xəstəxanadan ala bilməyən xəstələr çoxdur”.

Tofiq Mehdiyev isə bildirir ki, qeydiyyatda olan xəstələrin hamısı dərmanları alır. Sadəcə gecikmələr olur ki, bu da xəstəxanalıq deyil:

dərmanlar

​“Demək olar ki, xəstələrin 90 faizi dərmanlarla təmin olur. Yeni siyahiya düşənlərin dərman təminatında ləngimələr baş verir. Dərmanlar Səhiyyə nazirliyindən ayrıldığına görə, qeydiyyata alındıqdan sonra dərmanlar gəlir”.

Qeyd edək ki, Azərbaycanda rəsmən 170 mindən çox diabet xəstəsi olduğu bildirilir.