Qaçqın qırmızı pasportdan yaxa qurtarmağın yollarını axtarır

Arxiv fotosu

​-
“26 ildir Ermənistandan qaçqın düşmüşük. Hələ də havadayıq, deyirlər, bu ölkənin vətəndaşı deyilsiz. Qeydiyyata almırlar...”

Sovetlər birliyi çoxdan dağılsa da, İsaxan Abbasov və həyat yoldaşı Səmayə Abbasova hələ də cibində qırmızı sovet pasportu gəzdirir. 1989-cu illərin sonunda Ermənistanın Amasya rayonundan qaçqın kimi Azərbaycana gələn ər-arvad o vaxtdan burada yaşayış qeydiyyatına düşə bilmirlər. İsaxan Abbasov AzadlıqRadiosunun “Qaynar xətt”inə səbəblərindən danışır:

POLİS DEYİR, QAÇQINSIZ, QEYDİYYATA ALA BİLMƏRİK"

“Elə həmin vaxtlardan Bakıda, Yeni Pamana qəsəbəsində bir yarımtikilidə məskunlaşdıq. Tikintini də yavaş-yavaş özümüz başa vurduq. Ancaq nə tikdiyimiz evə sənəd vermirlər, nə bizi vətəndaşlığa götürmürlər, nə də yaşayış qeydiyyatına almırlar. Bircə oğlum ali məktəbə girirdi, ona müvəqqəti şəxsiyyət vəsiqəsi ala bildik. Sabunçu rayon polis idarəsinə müraciət edirik ki, evimizin sənədi yoxdur, bizi heç olmasa polisin inzibati binasına qeydiyyata götürsünlər. Cavab verirlər ki, bunu yalnız Azərbaycan vətəndaşları üçün edə bilərik. Siz qaçqınsınız, qanun yol vermir ki, qeydiyyata götürək”.

Uzun-uzadı yazışmalar da kömək olmayıb

İsaxan Abbasov hələ bilmir ki, o, Azərbaycan vətəndaşıdır, ya yox. Uzun illər ərzində miqrasiya xidməti, daxili işlər nazirliyi, yaşadığı ərazi üzrə icra hakimiyyəti və başqa qurumlarla yazışmaları da bu məsələyə aydınlıq gəirməkdə ona kömək etməyib.

İsaxan Abbasov



2008-ci ildə Daxili İşlər Nazirliyinin Baş pasport, qeydiyyat və miqrasiya idarəsi yazır ki, Azərbycan Respublikanın vətəndaşlığı haqqında qanuna əsasən, Abbasovlar Azərbaycan vətəndaşı hesab olunurlar. Yaşadıqları ərazi polis orqanının müvafiq şöbəsinə müraciət edə bilərlər.

Abbasovlar ailəsi də bu cavabdan həvəslənib ərazi üzrə Sabunçu rayon polis idarəsinə müraciət ediblər. İdarədən verilən rəsmi cavabda bildirilir ki, ailə üzvlərinin Azərbaycan Respublikasının vətəndaşı olub-olmadığı araşdırılmalıdır. Ailəyə bu məsələ ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmələri tövsiyə olunur. Dövlət Miqrasiya Xidməti isə bu araşdırmanın səlahiyyətləri xaricində olduğunu qeyd edir.

Beləcə, Abbasovlar çoxsaylı yazışmalarla vaxt itkisindən başqa heç nə əldə etmirlər. Qaçqın düşdükləri Ermənistanın, yoxsa sığındıqları Azərbaycanın vətəndaşı olduqlarını hələ də dəqiq bilmirlər.

​HÜQUQŞÜNAS: "POLİSİ MƏHKƏMƏYƏ VERSİN"

Hüquqşünas Asima Nəsirli deyir, 1998-ci ilin oktyabr ayında “Azərbaycan Respublikasının Vətəndaşlığı Haqqında” qanun qüvvəyə minib. Qanunun 5-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndi ilə Azərbaycan ərazisində 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-nədək məskunlaşmış qaçqın Azərbaycan vətəndaşıdır.

Asima Nəsirli


Hüquqşünas:

“Bu, o deməkdir ki, həmin qaçqınlar naturalizasiya qaydasında Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş oldular. Əgər Abbasovların yaşadıqları mənzilin hər hansı sənədi yoxdursa, faktiki yaşadıqları ərazi üzrə polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etməlidilər. Bu zaman mütləq qaçqın vəsiqəsi təqdim etməlidilər. Bu yolla polisin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alına, şəxsiyyət vəsiqəsi ilə təmin oluna bilərlər. Belə hallarda problem qaçqın vəsiqəsi olmayanlarda yaranır. Çünki onlar qaçqın olduqlarını məhkəmə yolu ilə sübut etməli olurlar”.

Asima Nəsirli deyir, əgər qaçqının idarənin inzibati binasına qeydiyyata alınmasından imtina olunarsa, çıxış yolu məhkəmədir:

“Məskunlaşdıqları ərazi üzrə polis idarəsinə, rəsmi imtina cavabı alandan sonra 30 gün ərzində polis idarəsinin yerləşdiyi ərazi üzrə inzibati iqtisad məhkəməsinə müraciət olunmalıdır. İddia ərizəsində “Vətəndaşlıq Haqqında” Qanunun 5-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndi əsas götürülərək, qaçqın vəsiqəsinin təsdiqlənmiş surəti də ərizəyə əlavə olunaraq məhkəməyə təqdim olunmalıdır. Ərazi üzrə polis idarəsinin inzibati binasına qydiyyata alınmaqla 10 iş günü ərzində şəxsiyyət vəsiqəsi ilə təmin edilməsinin polis orqanının üzərinə öhdəlik kimi qoyulmasını tələb etməlidir”.

İsaxan Abbasov qaçqınlığını təsdiqləyən vəsiqəsi olduğunu, bu gedişlə polislə məhkəmədə qarşılaşmalı olacağını deyir.