Müsabiqəyə 4-cü dəfə qatılan Şəhriyar del Gerani: "Əgər münsiflər..."

Şəhriyar del Gerani

-

"Yazıçının arxasında xalq dayanmırsa, o həmişə güvənsiz olacaq, ehtiyatlı olacaq. Yazıçının mövqeyi mətndə olur, küçədə, meydanda olmaz, yazıçı müsahibə verəndə də ədəbi mövqeyini bildirməlidir, siyasi mövqe yox".


«Ədəbi Azadlıq-2014» Milli Müsabiqəsinin Hekayə 10-luğuna keçmiş yazarlarla müsahibələrə davam edirik. Həmsöhbətimiz Şəhriyar del Geranidir. (Onluqdakı hekayəsini oxu)


- Şəhriyar, düşünürəm ki, səni oxuculara tanıtmağa elə bir ehtiyac yoxdur, çünki indi kifayət qədər tanınıbsan.

Hal-hazırda nə işlə məşğul olursan?

Demək olar “Ədəbi Azadlıq”müsabiqəsi başlayandan bəri burda iştirak edibsən, bu dəfə müsabiqədən nə gözləyirsən?


- Hal-hazırda lent.az, kulis.az saytlarında çalışıram, köşələr yazıram, layihələr aparıram. Vaxtım az olduğundan hələlik böyük həcmli bir əsər yaza bilmirəm, amma qarşıdakı aylarda bir romana başlamaq istəyirəm. Payızda bir şeirlər kitabımı çap etdirməyi düşünürəm.

“Ədəbi Azadlıq” müsabiqəsində indiyə kimi dörd dəfə iştirak etmişəm, ancaq cəmi bir dəfə müsabiqənin mükafatçısı olmuşam. Deyim ki, bir çox yazardan fərqli olaraq müsabiqəni özüm üçün xüsusi önəmi olan bir şey hesab etmirəm, əgər müsabiqə mənim tanınmağıma kömək edəcəksə, bunun mənə yox, oxuculara dəxli var. Məncə, yazar tanınmaq üçün çalışmamalıdır. Tanınmaq yazıçının üstünlüyü deyil.

- Maraqlı yanaşmadır. Fikir verirsənsə, bizim çox kiçik bir ədəbi oxucu kütləmiz var və 2000-ci illərə nisbətən saytlar, jurnallar, ədəbiyyat verilişləri daha çoxdur. Əgər 2000-ci illərdə yazarlar tanınmaq üçün çox çalışırdılarsa, indi onlarda bu həvəs qalmayıb.

İndi o dövrün yazarları özlərini dahi kimi his edirlər, dünyanın tanıdığı yazarların həyatını yamsılayırlar, içkiyə, qadına meyl edirlər. Səncə, bu kontekstdə ədəbi saytların, müsabiqələrin yazara zərəri ola bilərmi?


- Öz adıma deyim ki, mənim həyat tərzim əvvəldən belə olub. Həmişə etirazçı, lağlağı birisi olmuşam. Əgər yazarların həyatını dərindən müşahidə etsən, görərsən ki, onlar heç də başqalarının həyatını təkrarlamırlar. Bütün yazarları, şairləri birləşdirən bircə şey var, o da ağrıdır. Hər şeir, hər hekayə yaradılanda yazarın ağrıları daha da şiddətlənir, o ağrıları sağalatmaq üçün içkiyə, qadına, ya da Mövlanə Cəlaləddin Rumi kimi ibadətə üz tutmaq lazım gəlir. (ardı aşağıda)

Şəhriyar del Gerani (sağda) və Namiq Hüseynli



Bilirsən, istedadı nə tanınmaq, nə dahilik düşündürmür. İstedadın təbiətində öz ağrılarından bir yolla xilas olmaq cəhdi var. Həzrət Əlinin belə bir sözü var ki, insan bütün meyvələrə tərəf getsə də, təkcə nar insana tərəf gəlir. Bu misalı dekonstruksiya edib yazarın üzərinə köçürsək, deyə bilərik ki, içki, qadın özü yazıçıya tərəf gəlir, yazıçı onlara tərəf getmir. Zatən bunlar olmasa, yaradıcılıq mümkün deyil. On gündə bir dəfə, ayda bir dəfə içkiyə can atmasan, yaşamaq çətinləşir, psixoloji problemlər yaranmağa başlayır.

- Son dəfə səndən əsgərlikdə olduğun vaxt müsahibə almışdım, əsgərliyə gedib-gələndən sonra səndə nə dəyişib. Həyata baxışın, düşüncən, ədəbi iddialarında nə fərq var?

- Mənim ədəbi iddialarım həmişə olub. Bu baxımdan bir dəyişiklik yoxdur, amma indi yazıya daha həssas yanaşmağa başlamışam. Məsəlçün, “Ədəbi Azadlığa” bu dəfə şeir göndərməmişəm. Artıq müsabiqələrə şeir göndərməyi yanlış hesab edirəm, çünki şeir insanın daha özəl tərəfidir, onun müsabiqədə müzakirə olunmasını istəmədim. Ümumiyyətlə, mən bir şeyə fikir vermişəm ki, hər dəfə şeir yazanda çox böyük enerji sərf edirəm, düşünürəm ki, nə yaxşı ölmədim, nə yaxşı iflic olmadım. Bu baxımdan sözə münasibətim tamam dəyişib, daha həssas olmuşam.

- Sənin müsabiqənin onluğundakı “Bizim olan heç nə” hekayəndə baş qəhrəman qadındır və hadisələr qadın dili ilə danışılır. Burda məqsəd nə idi? Qadının cəmiyyətdəki vəziyyətini təsəvvür etmək üçünmü bu yola əl atdın?

- Kişi yazarların təhkiyəni qadının dili ilə verməsi dünya ədəbiyyatında yayılmış bir şeydir. Gözümüzün önündəki Çingiz Abdullayevin üç romanında təhkiyə qadının dili ilə verilir. Bu mənim ilk hekayəm idi ki, təhkiyəni qadının dili ilə vermişəm. Bu yolla həm də oxucunu nə dərəcədə inandıra biləcəyimi yoxlamaq istədim. Əgər münsiflər mənim hekayəmi imzasız olaraq oxuyanda müəllifin həqiqətən də qadın olduğuna inanıblarsa bu mənim uğurumdur, yox onları inandıra bilməmişəmsə, deməli uğursuz olmuşam.

- Bildiyim qədərilə bundan öncə Slavyan Universitetində çalışırdın və özünü o çevrədəki ədəbi qruplaşmaya aid edirdin. Bəs indi hansı ədəbi qrupdasan?

- Bu barədə 2012-ci ildə Azadlıq Radiosundakı müsahibəmdə demişdim. Həmişə elə düşünmüşəm ki, yazar fərd olaraq tək olmalıdır, amma mətbuatda mütləq hansısa ədəbi qrupda yer almalıdır. Heç kim heç kimi öz ədəbi qrupuna bağlamır ki. Sadəcə düşüncələrin uyğun gəldikcə zamanla kimlərləsə birləşirsən. Mən o vaxt Kamal Abdulla, Aqşin Yenisey, Salam Sarvan və b. ilə bir dəstədəydim, elə indi də onlarla birlikdəyəm, onlarla düşüncələrimiz uyğun gəlir.

- Bəs sizin qrupun ideyası nədir? Onların ictimai mövqelərini bəyənirsənmi? Məsəlçün, Aqşin bir dəfə Facebookda əsgər ölümlərinə etiraz edənləri ələ salan bəyanat yaymışdı. Ölkədə baş verən ictimai hadisələrdə Kamal Abdullanın, Salam Sarvanın, Aqşinin açıq mövqelərini görə bilmirik.


- Bilirsən, Aqşin öz mövqeyi olmayan adamdır, o indiyə kimi heç bir konkret mövqe nümayiş etdirməyib. Amma Kamal Abdullanın, Salam Sarvanın mövqeləri var, mənim də həmçinin. Biz siyasi mövqelərimizi nümayiş etdirməkdə bir səbəb görmürük. Bilirsən, yazıçının arxasında xalq dayanmırsa, o həmişə güvənsiz olacaq, ehtiyatlı olacaq. Yazıçının mövqeyi mətndə olur, küçədə, meydanda olmaz, yazıçı müsahibə verəndə də ədəbi mövqeyini bildirməlidir, siyasi mövqe yox.

Yazıçı siyasiləşməməlidir, küyə getməməlidir. Əlbəttə, bunu bütün dövrlərə aid etmirəm, indiki dövr üçün bu belədir. Əgər sən küçəyə çıxıb, qışqırıb-bağırırsansa və bu heç nəyi dəyişdirmirsə, deməli, sən boş adamsan, enerjini boşuna sərf edirsən. Məsəlçün, gənclər çıxdı əsgər ölümləri ilə bağlı etiraz etdi, 8 nəfər həbs olundu, nə dəyişdi? Heç nə. Xülasə indiki məqamda yazıçının ictimai məsələlərdə mövqe bildirməsini lazımsız hesab edirəm. Çünki,onların mövqe bildirməyi heç nə dəyişdirməyəcək.

Söhbətləşdi: Namiq Hüseynli