Sayat Nova sözün söylər matahdan...

Sayat Nova

-
Sayat Nova erməni, gürcü və əsasən Azərbaycan dillərində şeirlər yazan erməni şairi və ozanıdır. Sayat Novanın günümüzə qədər gəlib çatmış əsərlərin çoxu Azərbaycan dilində qələmə alınıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Sayat Nova sözün söylər matahdan...


Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu direktorunun xarici əlaqələr üzrə müşaviri Əli Şamilov Sayat Novanın Azərbaycan dilində yazdığı şeirlərindən misalla sözə başladı:

Sayat Nova sözün söylər matahdan,
Sərin saxlaginən çox tavakatdan,
Nəmək yedikcə arvad xatadan,
Deyərəm saxlasın yaradan sizi.

Son misranı söyləyəndən sonra ilk fikrini yekunlaşdırdı:
– Bu şeirlərin hamısı Azərbaycan türkcəsindədir...

SAYAT NOVA AZƏRBAYCAN DİLİNDƏ 120 ŞER YAZIB

Əli Şamilov deyir ki, Sayat Nova Azərbaycan dilində 120 şeir yazıb. Aşıq və bəstəçi kimi də ad çıxarıb. Sovet dövründə onun yaradıcılığı xeyli araşdırılıb. Azərbaycan alimləri Sayat Novanın kitabını da çap ediblər. Tədqiqatçının sözlərinə görə, bu şairin adına 19-cu əsr ədəbiyyatında rast gəlinmir. O, yalnız sovet dövründən sonra populyarlaşıb:

Yerevanda Sayat Novanın abidəsi


«20-ci əsrin ikinci yarısında, artıq müharibədən sonrakı dövrdə Sayat Nova məşhurlaşmışdı. O, sarayda yaşayır və Bəri Qafqazın hər üç xalqıyla sıx ünsiyyətdə olmaq, fikirlərini yaymaq üçün bu dillərdə yazırdı. Erməni, gürcü tədqiqatçıları da yazırlar ki, onun şerləri içərisində ən güclüsü, bədii cəhətdən nisbətən dolğunu türkcə olanlardır. Aşıq Ələsgərin, Xəstə Qasımın, Aşıq Alının, Növrəs Simanın, başqa aşıqlarımızın şerlərindən fərqli olaraq, Sayat Nova şerlərinin variantları yoxdur. Bu şeirlər əlyazma şəklində və 18-ci əsrdə yazıya alındığına və 20-ci əsrdə çap olunduğuna görə variantsızdır. Necə yazıbsa, o cür də qalıb».

EYNƏN VAQİFİN YAZDIQLARI KİMİ...

Əli Şamilov deyir ki, Sayat Novanın şeirləri ənənəvi saz havalarına uyğun deyil:

«Onun şeirlərini bu gün tək-tük bəstəçi aşıqlar improvizasiya ilə oxuya bilirlər, axı saz havalarına uyğun deyil. Eynən Vaqifin yazdıqları kimi, aşıqlar oxuyanda çətinlik çəkirlər. Sayat Novanın da əsərləri elədir».

Vaxtilə ədəbiyyatşünas-alim Mirəli Seyidovun Sayat Nova yaradıcılığını diqqət mərkəzində saxladığını söyləyən

Mirəli Seyidovun ölümündən sonra Sayat Nova irsinin Azərbaycanda öyrənilməsində sönüklük hiss olunur

Əli Şamilov həmin alimin ölümündən sonra Sayat Nova irsinin Azərbaycanda öyrənilməsində sönüklük hiss olunduğunu da sözlərinə artırıb.

Sayat Novanın sovet dövründə Azərbaycan xalqı arasında çox tanındığı danılmazdır. Burada onu daha çox Azərbaycan dilindəki əsərlərinə görə tanıyıblar. Bəs indi necə, Sayat Nova nə dərəcədə tanınır? Bir neçə Bakı sakini bu sualı cavablayır:

- Adını eşitmişəm, ancaq dərindən tanımıram.
- Sayat Nova, bilirəm ki, Ermənistanın gözəlliklərini tərənnüm edən yazar, şair olub.
- Eşitmişəm. Sayat Nova, yanılmıramsa, musiqiçi olub.
- Bilmirəm, eşitməmişəm.
- Dəqiq deyə bilmərəm, heç eşitməmişəm.
- Eşitməmişəm.
- Hə, belə bir erməni aşığı olub.
- Sayat Nova şair olub... Əvvəllər oxumuşdum, indi oxumuruqsa, yaddan çıxır.«SAYAT

NOVA TÜRK COĞRAFİYASINDA DAHA ÇOX MƏŞHUR İDİ»

Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı çalışan, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı da Sayat Novanın sovet dövründə yaxşı tanındığını söyləyir:

«Sovet ideologiyasında Sayat Novanın rolu çox böyük idi. Bu adam xalqlar dostluğu üçün örnək sayılırdı.

Qafar Çaxmaqlı

Ancaq müstəqillik qazanılandan – 1991-ci ildən sonra Sayat Nova birdəfəlik unuduldu. Azərbaycan dilində çox yaxşı şerləri, əsərləri olsa da, nə ədəbiyyatımızda, folklorumuzda öyrənilir, nə də tədqiq olunur».

Qafar Çaxmaqlının sözlərinə görə, Sayat Nova Azərbaycan dilində qoşma, müxəmməs, gəraylı yazıb. O, qədim Tiflisdə yaşadığından azərbaycanlılar arasında məşhur olub:

«Sayat Nova böyük şair, din xadimi kimi həmişə xalqın arasındaydı. O dövrdə türk dilinin bütün Qafqazda hakim rolu vardı. Xüsusən folklor və aşıq musiqisində türk dili üstün mövqe tuturdu. Üstəlik, o dövrdə Sayat Nova türk coğrafiyasında daha məşhur idi, nəinki ermənilər arasında».

Qafar Çaxmaqlı çağdaş dövrdə Sayat Nova irsinin araşdırılmasını və onun yeni nəslə tanıdılmasını vacib sayır:

«Onun şeirlərində Azərbaycana, Azərbaycan xalqına çox böyük sevgi var. Türkcədən sevgi ilə söz açır. Biz də bu sevginin əvəzini verməli, bütün xalqlara sayqı və sevgimizi göstərməliyik».