Avropa Məhkəməsi MTN təcridxanasında vəfat edən Naxçıvan sakininin işini araşdırır

Turac Zeynalov

-

Avropa Məhkəməsi Naxçıvan MTN təcridxanasında vəfat edən Turac Zeynalovun işini araşdırır

Avropa İnsan Haqları Məhkəməsi Naxçıvan MTN-in təcridxanasında işgəncə ilə öldürüldüyü iddia olunan Turac Zeynalovun işi ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib.

Bu haqda AzadlıqRadiosuna vəkil Əshabəli Mustafayev məlumat verib. Onun sözlərinə görə sorğunun təsviri hissəsində Turac Zeynalovun MTN tərəfindən həbs olunması, saxlanılması və orada vəfat etməsi faktlar sadalanır:

«Daha sonra bütün bunlarla bağlı hökumətə suallar verilir. Ən əsası da Turac Zeynalovun cinayət işi və onun ölümü ilə bağlı aparılan araşdırmanın bütün sənədlər hökumətdən tələb olunur. Rusiyaya qaçan keçmiş MTN əməkdaşı İbrahim Musayevin Turacın işgəncə ilə öldürülməsi haqqında mətbuata verdiyi açıqlamalar da sənəddə qeyd olunur. Hökumətdən sual olunur ki, Turac Zeynalova işgəncə verilməsi ilə bağlı hər hansı araşdırma aparılıbmı? Aparılıbsa nəticəsi nədir?»

Vətənə xəyanətdə ittiham olunan 31 yaşlı Culfa sakini Turac Zeynalov 2011-ci il avqustun 24-də Naxçıvan MTN-ə çağırılıb və bir neçə gün orada saxlanıldıqdan sonra ölüb. Ailəsi iddia edir ki, Turac Zeynalov nazirlikdə işgəncələr nəticəsində ölüb. 2012-ci ildə Rusiyaya gedən, Naxçıvan MTN-in əməkdaşı olduğunu iddia edən İbrahim Musayev də mətbuata açıqlamalarında Turac Zeynalovun işgəncə ilə öldürüldüyünün şahidi olduğunu bildirirdi.

O vaxtlar işgəncə ilə bağlı deyilənləri inkar edən Naxçıvan Muxtar Respublikası MTN-i Turac Zeynalovun dəri xərçəngindən öldüyünü bildirirdi.