Prezident Əliyev: «Özünü müxalifət və hüquq müdafiəçiləri adlandıran bəzi şəxslər...»

İlham Əliyev

-

İyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilib. Prezident İlham Əliyev müşavirədə iştirak edib.

İlham Əliyev deyib ki, son illər həm siyasi, həm iqtisadi islahatların aparılması ölkənin çox böyük inkişafına səbəb olub. «Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, gələcəyini özü müəyyən edir, tam şəkildə müstəqil siyasət aparır. Azərbaycanda iqtisadi müstəqillik tam təmin edilib. Azərbaycan özünü təmin edən ölkədir».

HƏRBİ YOL İSTİSNA OLUNMUR

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prezident təəssüfünü bildirib ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan vasitəçilər Ermənistana heç bir ciddi siqnal verməyib.

«Bizdə belə fikir yaranır ki, məsələ ilə məşğul olan vasitəçilər bu vəziyyəti daha çox bu şəkildə saxlamaqda maraqlıdırlar. Onların əsas marağı ondan ibarətdir ki, bölgədə sabitlik pozulmasın, müharibə olmasın. Biz də sülh istəyirik. Ancaq dəfələrlə bəyan etmişəm ki, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını, beynəlxalq hüququn təntənəsini istəyirik. Son illər ərzində Ermənistanın bu mövqeyi imkan vermir ki, məsələ danışıqlar yolu ilə həllini tapsın. Əlbəttə ki, məsələnin həlli başqa yolla da mümkündür. Biz bunu heç vaxt inkar etməmişik və açıq bəyan etmişik ki, hərbi yol da istisna edilmir. Çünki son aylarda, illərdə beynəlxalq arenada müşahidə olunan mənzərə onu göstərir ki, əfsuslar olsun, beynəlxalq hüquq işləmir. Güc amili əsas rol oynayır. «Kim güclüdür, o da haqlıdır» prinsipi əfsuslar olsun ki, beynəlxalq əlaqələrin konstruksiyasına böyük zərbə vurub».

BROŞURALAR HAZIRLANMALIDIR

«Hesab edirəm ki, diplomatların fəaliyyəti ilk növbədə bu istiqamətə yönəlməlidir. Çünki hələ ki, geniş dünya ictimaiyyəti Qarabağla bağlı həqiqətləri bilmir. Erməni lobbisi çalışır ki, faktları dünya ictimaiyyətinə təhrif edilmiş şəkildə çatdırsın. Biz isə çalışmalıyıq ki, real faktları dünya ictimaiyyətinə çatdıraq, o cümlədən İrəvan xanlığı ilə bağlı olan həqiqətləri çatdırmalıyıq.

Bilirsiniz ki, alimlərimiz mənim təşəbbüsümlə İrəvan xanlığı haqqında böyük elmi əsər yaradıb. Bunun çox böyük əhəmiyyəti var. Ancaq bu əsər daha çox faktoloji və elmi məsələləri əks etdirir. Hesab edirəm ki, daha geniş auditoriyaya çatdırmaq üçün kiçik həcmli broşürlər də buraxılmalıdır. Hesab edirəm ki, Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Mədəniyyət və Turizm Nazirliyi birlikdə belə broşuralar hazırlamalıdırlar ki, müxtəlif dillərdə nəşr edilsin və xarici ictimaiyyətə çatdırılsın. O cümlədən İrəvanın 1918-ci ildə Ermənistana verilməsi faktları da geniş auditoriyaya məlum deyil. Bu məsələni mən birinci dəfə qaldıranda, bu, bəziləri üçün, necə deyərlər, bir yenilik kimi görünürdü. Ancaq bu, reallıqdır, bunu hazırda Azərbaycanda hər kəs bilir və imkan düşdükcə biz bunu beynəlxalq konfranslarda, forumlarda, tədbirlərdə daim qeyd etməliyik. Çünki bu, tarixi həqiqətdir».

Prezident İlham Əliyev qeyd edib ki, ölkədə daxili təhlükə mənbəyi yoxdur. «Heç bir narahatedici məqam da yoxdur. Azərbaycanın sürətli inkişafı, sabitliyin qorunması, xalqla iqtidar arasındakı birlik, xarici və daxili siyasətlə bağlı uğurlarımız, bax, belə vəziyyəti yaradıb».

ƏTRAFDA TƏHLÜKƏ MƏNBƏYİ OLMASIN

«Ona görə biz, əlbəttə, istəyirik ki, ətrafda da təhlükə mənbəyi olmasın. Biz qonşularımızla bu istiqamətdə ikitərəfli və çoxtərəfli formatda çalışırıq, işləyirik. Hesab edirəm ki, gələcək illərdə də bu, prioritet olaraq qalmalıdır. Eyni zamanda, son illərdə yenə də bizim təşəbbüsümüzlə üçtərəfli formatlar da müəyyən edilib. Onu da qeyd etməliyəm ki, bu, Azərbaycanın təşəbbüsüdür və bu gün belə formatlar var. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran və son vaxtlar Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatları var. Xarici İşlər, İqtisadiyyat və Sənaye nazirlikləri səviyyəsində görüşlər keçirilir. Artıq prezidentlər səviyyəsində də bir görüş keçirilib. Bunun da çox böyük faydası var».

«Bizim digər beynəlxalq təşkilatlarla da əlaqələrimiz uğurludur. Biz indi Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edirik. Bu yaxınlarda Strasburqda olarkən sədrliklə bağlı öz prioritetlərimizi ifadə etdim, təkrar etmək istəmirəm. Eyni zamanda, ümumiyyətlə bu təşkilat çərçivəsində fəaliyyətimizlə bağlı fikirlərimi dəfələrlə bildirmişəm. Əfsuslar olsun ki, o təşkilatda antiazərbaycan qruplaşması var və uzun illərdir fəaliyyət göstərir. Diplomatlar yaxşı bilirlər ki, o qruplaşma Azərbaycanı Avropa Şurasına qəbul etmək istəmirdi. O vaxt bizə qarşı əsassız ittihamlar irəli sürülürdü. Hətta bəziləri deyirdilər ki, Azərbaycan Avropa Şurasına üzv olsa, bu təşkilatın qan tərkibi dəyişəcək. Görün nə qədər rasist, ksenofob və faşist mövqedə olan insanlardır. Belə insanlar var və heç kim bunu dana, inkar edə bilməz».

ONLARIN ARXASINDA ERMƏNİ LOBBİSİ DAYANIR

«Onların arxasında dayanan erməni lobbisidir. Çünki siz yaxşı bilirsiniz ki, bu gün erməni lobbisi üçün bir nömrəli hədəf Azərbaycandır. Bütün səylərini birləşdirib Azərbaycana qarşı kampaniya aparırlar. Onların nümayəndələri əlbəttə ki, mediada, başqa ölkələrin hökumətlərində, ictimai qurumlarda var. Onlar möhkəm kök salıb və Azərbaycanı bir nömrəli hədəf seçiblər, çalışırlar ki, bizi hər tərəfdən vursunlar. Ancaq buna baxmayaraq, bizim uğurlu inkişafımıza təsir edə bilmirlər. Yaxşı olardı ki, onlar indi Ermənistanın acınacaqlı vəziyyətini daha dərindən dərk etsinlər və sual versinlər ki, nə üçün Ermənistan belə bərbad vəziyyətdədir, nə üçün bu ölkə getdikcə tamamilə öz müstəqilliyini itirir və müstəqil siyasət aparmaq imkanı yoxdur, sadəcə olaraq, ona-buna qulluq etməklə məşğul olur və öz gələcəyini bunda görür?! Ona görə, erməni lobbisi, eyni zamanda, Azərbaycana qarşı qərəzli mövqedə olan deputatlar əlbəttə ki, Avropa Şurası Parlament Assambleyasında vardır. Biz onların cavabını vermişik. Hələ mən orada nümayəndə heyətinin rəhbəri olan zaman onların cavabını vermişəm. Bu dəfə də cavablarını vermişəm. Çünki yenə də deyirəm, bizimlə məntiq üzərində mübahisə aparmaq mümkün deyil. Yalan danışmaq olar, ancaq biz orada olanda o yalanın üstünü açırıq, çünki yalan yalandır. Yenə də deyirəm, tənqid əsaslıdırsa, biz bunu alqışlayırıq və bu, bizə kömək göstərir. Ancaq əsassız tənqid sadəcə olaraq ölkəmizə qarayaxma cəhdidir.

«BİZ CAVAB VERİRİK»

Ancaq, eyni zamanda, hesab edirəm ki, bizim Avropa Şurasında uğurlu fəaliyyətimiz vəziyyəti tamamilə dəyişdirib. Çünki keçən ilin yanvar ayında Azərbaycana qarşı hazırlanan qərəzli məruzə iflasa uğradı. O məruzəni təqdim edən deputat demək olar ki, tamamilə biabır olub. Avropa Şurası Parlament Assambleyası o əsassız, qərəzli, yalan üzərində yazılmış məruzəni rədd etdi. Bu, bizim böyük qələbəmizdir. Ona görə, biz Avropa Şurasında bundan sonra da fəal işləyəcəyik. Bilirəm ki, son vaxtlar bizə qarşı aparılan kampaniyalar, qarayaxma cəhdləri, qara piar kampaniyaları Azərbaycan ictimaiyyətini, əlbəttə, həm incidir, həm də ki, müəyyən dərəcədə narahat edir. Mənə gələn məlumatlar və suallar ondan ibarətdir ki, nə üçün biz bu qədər ədalətsizliyə cavab verməməliyik?! Biz cavab veririk.

Nə üçün biz yenə də Avropa siyasətimizi prioritet kimi hələ ki, xarici siyasət prioritetləri sırasında saxlayırıq?! Mən həmişə deyirəm ki, biz öz hədəfimizə doğru getməliyik və gedirik.

AYAĞIMIZA DOLAŞMAQ İSTƏYƏNLƏRƏ FİKİR VERSƏK...

Əgər biz oradan-buradan ayağımıza dolaşmaq istəyənlərə fikir versək hesab edirəm ki, bu, düzgün olmaz. Çünki mahiyyət etibarilə bu gün bizim Avropa ölkələri ilə çox möhkəm və sağlam ikitərəfli münasibətlərimiz var. Mənim Avropa ölkələrinə çoxsaylı səfərlərim, Avropa dövlət və hökumət başçılarının Azərbaycana səfərləri bunu göstərir. Mən sizə açıq deyə bilərəm ki, ikitərəfli səfərlər zamanı, Avropa liderləri ilə ikitərəfli görüşlər əsnasında bax, bu 11 il ərzində bir dəfə də olmayıb ki, Azərbaycana qarşı hansısa bir hörmətsizlik və yaxud işimizə qarışma cəhdi görüm. Heç vaxt. Burada özünü müxalifət və yaxud hüquq müdafiəçisi adlandıran bəziləri hesab edirlər ki, bizə kimsə nə isə deyəcək, biz də onu edəcəyik. Bunlar sadəlövh insanlardır. Yumşaq desək, ya özləri sadəlövhdürlər, ya da ki, sadəcə olaraq belə rəy yaratmaq istəyirlər. Bu 11 il ərzində bizim daxili siyasətimizlə bağlı ikitərəfli formatda heç vaxt Avropa liderləri tərəfindən mənə bir söz deyilməyib. Bu gün mən bunu ilk dəfə deyirəm. Əlbəttə beynəlxalq təşkilatlar deməlidir. Yəni, bunların siyasi həyat tərzi belədir. Biz bunu sadəcə olaraq bilməliyik». /AzərTac/