Axundov küçəsində «Təmiz Binəqədi» layihəsini arzulayanlar

Arxiv fotosu

-

“Deyirlər, Binəqədidə iri layihələr həyata keçirilir. Küçələr abadlaşdırılır, parklar salınır, uşaq meydançaları qurulur. Bəs bu, bizim küçəyə nə vaxt gəlib çıxacaq?”

Bu sual AzadlıqRadiosuna zəng vuran Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsinin sakini Tariyel Cabbarovu çox düşündürür. Onun sözlərinə görə, yaşadığı küçənin sakinləri kənar küçələrdə aparılan abadlıq işlərinə kənardan baxıb köks ötürməklə kifayətlənir:

XİRTDƏYƏCƏN PROBLEMİN İÇİNDƏ...

“Biz də küçəmizdə asfaltın yenilənməsini, binamızın həyətində uşaq meydançasının təzələnməsini istəyirik. Ancaq deyəsən, hələ çox gözləməli olacağıq”.

Tariyel Cabbarov yaşadığı küçədə həm də daha çox su probleminin yaşandığını bildirir:

“40-50 ilin su xətləridir, yenilənməlidir. İşıq xətləri həmçinin... Küçəmizdə çoxlu problemlər var. Gözləyirik ki, yerli icra hakimiyyətinin yadına düşəcəyik, ya yox”.

Nuridə Allahyarova, Binəqədi İH şöbə müdiri

"YAŞILLIQ ZOLAQLARINI ÇOXALDAQ, BİNƏQƏDİNİ ABADLAŞDIRAQ"

Sakinin giley-güzarlarını Binəqədi rayon icra hakimiyyətinin şöbə müdiri Nuridə Allahyarova cavablandırır:

“İcra hakimiyyəti insanların rahatlığı üçün əlindən gələni edir. “Bakı 2015” ilk Avropa Oyunlarının keçirilməsi ərəfəsində iyulun 1-dən Binəqədi rayonunda “Təmiz Binəqədi” adlı sosial layihəyə start vermişik. Məqsədimiz qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə abadlıq işlərini intensiv, mütəşəkkil davam etdirməkdir. Belə parkların salınması, yeni-yeni ağacların, bitkilərin əkilməsi ilə yaşıllıq zolaqlarının yaradılması, rayonun abadlaşması ilə yanaşı, həm də vətəndaş məmnunluğunu qazanmaqda iddialıyıq. İyulun 5-də 9-cu mikrorayon, Adil Məmmədov küçəsində yeni istirahət parkının açılışı oldu”.

Şöbə müdirinin sözlərinə görə, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Binəqədinin abadlaşdırılması ilə bağlı bu günlərdə xüsusi sərəncam imzalayıb:

Yeni salınmış park

İCRA HAKİMİYYƏTİNDƏN SAKİNLƏRƏ SƏBR DİLƏYİ...

“Sərəncamda bildirilir ki, I Avropa Oyunlarına hazırlıqla əlaqədar 1 iyul 2014-cü ildən etibarən davamlı olaraq mərhələli şəkildə rayon ərazisində “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlansın. Bununla əlaqədar icra başçısının birinci müavini İlqar Süleymanovun sədrliyi ilə komissiya da yaradılıb. Görüləcək işlərin əhatə dairəsi indiyədək görünməmiş dərəcədə əhatəlidir”.

İcra hakimiyyətinin əməkdaşı layihə çərçivəsində aksiyaların nəzərdə tutulduğunu deyir. Onun sözlərinə görə, bu aksiyaların çoxu rayon ərazisindəki təmizlik işlərini qoruyub saxlamaqla bağlı maarifləndirilməsi nəzərdə tutulub.

O ki qaldı Axundov küçəsinin sakinlərinin nigarançılığına, Nuridə Allahyarova bu işlərin mərhələli görüldüyünü deməklə yanaşı küçə sakinlərinə səbrli olmağı tövsiyyə edir.