USAID 1.5 milyon dollarlıq layihəni dayandırıb

Sizin brauzer HTML5-i dəstəkləmir

İki milyonluq qrant müsabiqəsi və müsabiqədən xəbərsizlər...

-

ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycan Mətbuatına Dəstək Fəaliyyəti proqramı barədə açıqlama yayıb. Bəyanatda deyilir:

«Bu bəyanatın məqsədi son zaman ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) qrant proqramı ilə bağlı mətbuatda müşahidə olunan yanlış hesabatlara və anlaşılmazlıqlara aydınlıq gətirməkdir. Təkliflərlə müraciət prosesində, habelə təkliflərin toplanmasında heç bir nizamsızlıq və ya uyğunsuzluq yer almayıb. Dünyada qəbul olunmuş bütün standart prosedurlara riayət edilib, proses tam ədalətli və şəffaf keçib.

Azərbaycan Mətbuatına Dəstək Fəaliyyəti proqramı barədə ictimaiyyətə 2014-cü il mayın 21-də məlumat verilib. Standart prosedura uyğun olaraq qrant barədə məlumat www.grants.gov saytında və USAID-in Azərbaycandakı facebook səhifəsində yerləşdirilib. İyunun 10-da proqram barədə məlumat USAID-in Azərbaycandakı veb-səhifəsində də diqqətə yetirilib».

Səfirlik bildirir ki, təkliflərin qəbuluna 2014-cü il mayın 21-dən iyulun 7-dək vaxt ayrılıb.

Yerli mediada USAID-in 2.4 milyonluq qrant layihəsinin elanında şəffaflıq prinsiplərinin pozulmasını iddia edən yazılar yer alıb.

USAID 1.5 MİLYON DOLLARLIQ LAYİHƏNİ DAYANDIRIB

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycan Hüquqşünaslar Konfederasiyasına göstərdiyi maliyyə yardımını dayandırıb.

USAID-nin Bakıdakı ofisindən AzadlıqRadiosunun sorğusuna cavabda belə deyilir.

İki il öncə USAID-nin 1.5 milyon dollarlıq layihəni Azərbaycan Hüquqşünaslar Konfederasiyasına verməsi bəzi QHT-lərin narazılığını doğurub. 4 illik layihə çərçivəsində İnternet hüquq televiziyasının yaradılması da nəzərdə tutulmuşdu.

USAID bildirir:

«USAID qadınlar və əlillər kimi ehtiyacı olan insanların hüquqlarının qorunması, hüquqi yardımın əldə olunması və Azərbaycanda hüquq sahəsində çalışanların bacarığının inkişafı üçün 1.1 milyon ABŞ dolları qrant verib (ilkin olaraq qrantın müddəti 2012-ci ildən 2016-cı ilədək planlaşdırılıb).

Biz qürur hissi duyururuq ki, həmin layihə çərçivəsində sosial-iqtisadi baxımdan məhdud qruplardan 288 insana hüquqi yardım göstərilməklə yanaşı, Xəzər Universiteti nəzdində cəmiyyətin hüquqi biliyini artıran Hüquq Maarifləndirmə Mərkəzi də yaradılıb».

QHT RƏHBƏRİ 15 MİN DOLLARLIQ BORCUNU ALA BİLMİR

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bu günlərdə facebook sosial şəbəkəsində yazıb ki, təxminən 15 min dolları bir layihəyə xərcləyəndən sonra həmin layihə ləğv olunub və pulunu ala bilməyib. Sahib Məmmədov USAID-nin layihəsinin niyə dayandırılması barədə heç bir açıqlama vermədiyini deyir.

Qeyd edək ki, 1.5 milyonluq layihə «Azərbaycan Hüquqlar Konsorsiumu» (Azerbaijan Rights Consortium) layihəsi adlanır. Layihənin əsas tərəfdaşı Azərbaycan Hüquqşünaslar Konfederasiyası idi. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və Konstitusiya Araşdırmaları Fondu həmin layihənin tərəfdaşlarıdır.

USAID AzadlıqRadiosuna bildirib ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası vəsaiti Azərbaycan Hüquqlar Konsorsiumundan alır:

«Onlar USAID-dən birbaşa maliyyə yardımı almayıblar, USAID-ə birbaşa hüquqi bağlılıqları da yoxdur».

USAID məsələyə dair Azərbaycan Hüquqlar Konsorsiumundan şərh almağı məsləhət görür.