Yuxular harda bitir? Həyat harda başlayır?

Orxan Orxanov

-

Belə anlarda mən yuxularımda daim cəsədi doğramaq qərarına gəlirəm.

Sümüklərin şaqqıltısı, ətrafa axan qan, qurbanın qana bulaşan üzü, saçları, mənim isə dəlicəsinə döyünən ürəyim, əsən əllərim.

Tez-tez ətrafa baxıram, hərəkətimi dayandırıb aləmin səsini dinləməyə çalışıram…

Orxan Orxanov

YUXULAR HARDA BITIR? HƏYAT HARDA BAŞLAYIR?

Bu səhər çox qorxulu bir yuxuya ayıldım.

Uşaqlığımla bağlı çox gözəl xatirələrimin olduğu nənəmgilin köhnə mənzilində idim, şam yeməyinə hazırlaşırdıq.

Yataq otağına keçib qapının qarşısında əyləşmiş tibb bacısından portağal şirəsi istəyirəm. O isə bu gün ilk iş günü olduğunu deyir, həyəcanına görə bağışlamamı istəyir.

Sonra ayağa qalxır, geyim dolabından iynəni çıxarıb damarımdan qan götürür, onu bir stəkana tökür və necə olursa, qanımın qırmızı rəngi bir neçə saniyə içində portağal şirəsinə çevrilir.

Mən tibb bacısının əlindəki iynəyə baxıram, ona bu iynənin məndən öncə də artıq bir dəfə istifadə olunduğunu deyirəm. Qadın təlaşla qorxumu təstiqləyir, tələsdiyini, həyacandan yanlışlığa yol verdiyini etiraf edərək üzr istəyir.

Mən qışqıra-qışqıra və hansısa xəstəliyə yoluxa biləcəyim ehtimalından ağlımı itirərək otaqdan çıxıram.

Yemək otağında, masanın üzərində iPad var, portağal şirəmi içərək onu əlimə alıram, nə üçünsə planşetin arxasına baxıram və "Apple"ın məşhur alma təsvirinin içindən əllərində iPad`lər tutmuş başqa adamlar çıxır.

Üzləri buluda bənzəyir, nəfəs almaları məni qorxudur. Ardınca da onların iPad`lərindən əllərində iPad`lər tutmuş başqa, eyni buludüzlü, qəribə nəfəs alan adamlar çıxır və mənim üzərimə gəlməyə başlayırlar.

Yuxudan qorxu içində oyandığımda əvvəl masam üzərindəki noutbukuma baxdım, sonra telefonumu əlimə götürüb arxasını çevirdim, alma təsvirinə uzun-uzadı baxdım. Bundan sonra nə qədər çalışsam da, qorxudan yata bilmədim.

İki gün əvvəl isə mən yuxuda gerçək həyatdan qəflətən kompüter oyununun içinə düşmüşdüm. Qarşıdurma yaşanır. Uzaqda mavi komandanın çoxsaylı oyunçuları özlərindən beş-altı dəfə az olan qırmızı komandanın oyunçularını Abşeronun susuz çöllərinə bənzər yerdə təqib edirlər.

Çox az vaxt keçir, qırmızı komandanın dörd oyunçusu məni əhatəyə alır və atəş açmaq istəyirlər. Müdafiə olunmaq istəyirəm, amma blasterimin tətiyi ilişib. Hardansa mavi komandanın oyunçuları peyda olur, həyatıma təhlükəni zərərsizləşdirirlər və mən bir neçə saniyə sonra özümü naməlum bir şəhərin China Town məhəlləsində kəşf edirəm.

* * *

Lap uşaqlıqdan, yuxunun təbiətində ən sevmədiyim, qorxduğum, hətta zəhləm gedən şey onun gerçəklikdən heç nəyi ilə fərqlənmədiyi olub. Məsələn, iPad`dən çıxan o adamlar, qırmızı komandanın silahlıları qarşısındakı qorxunu və ya bənzərini əyləşdiyim avtobus başqa avtobusa çırpılanda, metro qatarı qaranlıq tunneldə bir neçə dəqiqəlik hərəkətsiz qalanda, dənizdə boğulanda, gecə şəhərin hansısa yarıqaranlıq küçəsi ilə addımlayanda hiss etmişəm. Bu an mən Truman Capote`nin yazdığı sözlərin gerçəkliyinə tam əminəm: "Gündüzün işığından gizlənmək asandır, gecə isə qaçılmazdır, və yuxular - nəhəng qəfəslərdir".

Mənim uşaqlığım SSRİ-nin çöküşü və yoxluğunun ilk illərində keçib. Cəmiyyətin bütün maraqlarını, arzularını, qorxularını idarə etməyə öyrəşmiş sistemin yumruğu boşalmış, mövhumat, mistika, ezoterika, hər cür qeyri-elmi söhbətlər birdən-birə mümkünsüz şöhrət tapmışdı.

O vaxtlar bizim evdə də kabusu xatırladan qaranlıq üz qabıqlı, keyfiyyətsiz nəşr edilmiş yuxu yozmaları kitabı peyda olmuşdu. Xatırlayıram, hərdən onu əlimə götürüb vərəqləyir, sonra bir az qorxudan, bir az da mənasızlığını hiss etdiyimdən kənara tullayırdım.

Carl Gustav Jung (1875-1961)

Üstündən illər keçəcək, yuxular haqda əvvəl Freud`un, sonra isə Carl Gustav Jung`un baxışları ilə tanış olduqdan sonra, ikincinin fikirlərini daha gerçəkçi sayacaqdım. Buna qədərsə, dörd bir tərəfimdə - məktəbdə, qohumlar arasında, ictimai nəqliyyatda başqalarından eşitdiyim yuxuların mənalarını hər dəfə evə gəldiyimdə o kabusu xatırladan qaranlıq üz qabıqlı kitabda axtaracaq və çox tezliklə nədənsə içimdə belə bir fikir yaranacaqdı ki, yuxuların özü-özlüyündə adamlara maraqlı olmaması, yuxunun sərhədlərini aşıb gerçək həyatla əlaqələndirilməsi böyük axmaqlıqdır.

Nə idi Jung`un fikirlərində mənə yaxın olan, doğma gələn? Hər şeydən öncə, yuxugörmənin də şüuraltı kimi öz dilinə malik olması; şüurlu, işıqlı vaxtkı həyatımızın qaranlıq, şüuraltı qatı ilə tamlığa yetişməsi. Bu tamlıq, mənim fikrimcə, çox önəmlidir və əgər siz yazıçısınızsa, onun faydası sonsuz böyükdür.

Bu yerdə yuxularımın gerçəkçi, hətta qorxudacaq qədər gerçəkçi olmasının mənə bəxş etdiyi hədiyyələri saymaqla bitirə bilmərəm. Məsələn, üzərində bir neçə il işlədiyim və tamamlamadığım "Çıxılmazlıq nəzəriyyəsi" romanımda qısqanclıq zəminində arvadını öldürdükdən sonra tikə-tikə doğrayıb iri bir çantanın içinə yığan Simbad obrazı var.

Xoşbəxtlikdən, gerçək həyada mən heç vaxt kimisə öldürüb, sonra da izi itirmək ehtiyacı duymamışam, amma bunun necə qorxunc və amansız hiss olduğunu çox yaxşı bilirəm: Yuxularımdan öyrənmişəm. Necəsə olub hirsdən, nifrətdən və ya özünü qorumaq üçün birini öldürürsən və istəmirsən ələ keçmək, həbs olunmaq.

Belə anlarda mən yuxularımda daim cəsədi doğramaq qərarına gəlirəm. Sümüklərin şaqqıltısı, ətrafa axan qan, qurbanın qana bulaşan üzü, saçları, mənim isə dəlicəsinə döyünən ürəyim, əsən əllərim. Tez-tez ətrafa baxıram, hərəkətimi dayandırıb aləmin səsini dinləməyə çalışıram. Hər tıqqıltı, hər ayaq səsi məni qorxudur. Eşidən olar, şübhələnib polisə zəng edərlər, düşünürəm. Mən bu miskin duyğunu çox yaxşı bilirəm, dəfələrlə tanımadığım mənzillərdə, qarajlarda, kimsəsiz çöllərin düz ortasında bu duyğunu yaşamışam.

Yuxularım - mənim lənətim və böyük xəzinəmdir. Məsələn, əvvəlcə təyyarə səsi eşidilir, sonra gurultulu partlayış. Bircə telefonumu götürüb evdən çıxıram, səmaya baxa-baxa, ayağım daşlara ilişə-ilişə qaçıram. Ətrafda qışqırıqlar, yanıq qoxusu və duman var. Sevgilimə zəng edirəm, telefon xətləri işləmir. Ən gülməlisi isə odur ki, mən indi əminəm, sabah doğrudan da bombalanan bir şəhərdə yuxudan oyansam, sadəcə durmadan qaçmaq hesabına xilas ola biləcəm.

* * *

Əminəm ki, yuxunun qiymətli tərəfi onun süjeti, detalları yox, məhz yuxuda keçirilən hisslər, baş verən hadisələrə reaksiyalarımızdır. Bu tərəfi ilə yuxu yazıçı üçün əsl sirlər xəzinəsidir. Bir elmi məqalədə oxumuşdum, beyin yuxuda və gerçək həyatda yaşanan hadisələri eyni cür qəbul edir.

Bu o deməkdir ki, mən yuxuda yadplanetlilər tərəfindən əsir götürülüb içərisi Rusiya İmperiyasının dəbdəbəli saraylarını xatırladan uçan boşqabda saxlanıldığımda beynim bunu gerçək həyatda yaşanmış hadisə kimi qəbul edir. Və ya birini öldürdüyümdə, yaxud da yarğandan aşağı yuvarlanarkən yaşadığım qorxu, həyəcan, dəhşət duyğusu "Bayern"in "Barcelona"nın qapısından keçirdiyi dörd cavabsız top qədər, saçlarımı kəsdirərkən bərbərxana aynasında gördüyüm üzüm qədər və ya "Twitter"in yenilənmiş dizaynı qədər realdır. İndi özünüz düşünün: məgər bu xoşbəxtlik, sonsuz sevinc demək deyil?

Fəqət bu xoşbəxtliyin ağrılı bir tərəfi də var. Elə olur ki, dörd-beş gün dalbadal yuxudan xeyli yorğun, əzgin ayrılıram. Çünki dörd-beş gecə ard-arda ağır yuxular görmüşəm.

Mənim həyatımda oyanmaq istəmədiyim yuxular demək olar ki, olmur. Bilmirəm, bəlkə də bu gerçək həyatımın xoş olmağı ilə əlaqədardır, bəlkə də xoş yuxuları oyandığımda unuduram, amma etiraf edirəm ki, özü ilə gətirdikləri bütün hədiyyələrə rəğmən, mən yenə də imtina etmək imkanım olsaydı, yuxu görməməyi seçərdim. Çünki ayda bir neçə dəfə sevgilini itirmək, dənizdə boğulmaq, şəhərinə yağan bombaların səsinə oyanmaq çox ağrılıdır.

* * *

Zamanı dayandırmağın mümkünsüzlüyü kimi, ölümə qalib gələ bilməmək kimi, yuxu görməmək də bizim seçim imkanlarımızın fövqündədir. Belə olduqda, tez-tez adama həyatı dolğun yaşamağı, onu dəyərləndirməyi, həzz almağı məsləhət görürlər.

Mənim də qorxunc və ağrılı yuxularım qarşısında özümə verdiyim yeganə təsəlli bundan ibarətdir. Yuxudan oyanan kimi noutbukumu açıb, gördüyüm yuxunu, keçirdiyim bütün hissləri qeyd edirəm, sonra zaman-zaman təkrarən o qeydləri oxuyaram və tez-tez olur ki, mətnlərimdə onlardan istifadə edirəm.

Hal-hazırda çapa hazırladığım "Külək gülü" romanımda Ramiz ayaqqabı qutusunda ayrıldığı həyat yoldaşından xatirə kimi saxladığı əşyaların içindən cib dəsmalını əlinə alır, barmaqları ilə onun naxışları üzərində gəzişir, sonra da qoxlayır, anlayır ki, Şirini hələ də sevir - bu səhnəni, naxışlara toxunmağı, yox olan qoxunu mən yuxumda görmüşdüm.

Məgər yuxularımın dözülməz ağırlığından yola çıxıb bu səhnəni yaza bilmək - həyatın ötəriliyi və ya yaşamağın absurdluğu qarşısında kiçik də olsa, qələbə deyil?