Britaniyanın Avropa işləri üzrə naziri Həsən Hüseynlinin həbsini pisləyib

Britaniyanın Avropa işləri üzrə naziri David Lidington

Britaniyanın Avropa işləri üzrə naziri David Lidington Gəncədə fəaliyyət göstərən QHT rəhbəri Həsən Hüseynlinin 6 il həbs olunmasını pisləyib.

Bu barədə «Contact.az» saytı məlumat yayıb.

«Mən Gəncədə QHT rəhbəri Həsən Hüseynlinin xuliqanlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilməsindən çox məyus oldum. Son illər Britaniyanın Bakıdakı səfirliyi cəmiyyətdə qadınların rolunun gücləndirilməsi və vətəndaşların sosial fəallığının artırılması üzrə layihələrin həyata keçirilməsində onunla sıx əməkdaşlıq edib. Hüseynli uzunmüddətli həbs cəzasına məhkum edilmiş növbəti fəal oldu. Mən bir daha Azərbaycan hakimiyyətini siyasi motivli həbslərin artması təmayülü ilə bağlı çoxsaylı çağırışlara və narahatlıqlara reaksiya verməyə çağırıram», deyə Lidingtonun bəyanatında qeyd edilir.

Gəncədə fəaliyyət göstərən «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin iyulun 14-də Gəncə şəhər Nizami rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

Həsən Hüseynli martın 31-də Gəncədə saxlanıb. O, həmyerlisi Arzu Qəhrəmanovu bıçaqla yaralamaqda ittiham olunur. QHT rəhbəri isə ittihamları rədd edir, həbsinin ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir.