-
Azərbaycan vətəndaşının
MÜRACİƏTİ
Cəmiyyətimizə, iqtidar və müxalifət partiyalarının, müxtəlif qeyri-hökumət təşkilatlarının üzvlərinə müraciət edirəm. Azərbaycan intellektual elitasının özünü müstəqil adlandıran, ölçü-biçili və dinc-sakit sözlərlə Vətənimizin ən yaxın gələcəyi barədə ümummilli diskussiya başlatmağa hamıda maraq və istək oyatmağa qadir nümayəndələrinə üz tutmaq istəyirəm. İstəyirəm ki, heç də asan olmayan vəziyyətimizi açıqlayım və bu zaman nə hər şeyi qara rəngdə göstərim, nə də nəyisə ört-basdır edim.
Onlarca bənzər müraciətin qibtəolunmaz taleyini göz önünə gətirəndə, bu niyyətin baş tutması mümkün görünmür. Həmin müraciətlər gələcəyimizə heç bir təsir göstərməyib. Uzağı, tarixdə güclə sezilən izlər buraxıb. Siyasətimizin incəliklərindən baş açan, tükü-tükdən seçən və üstün ağıllarına baş əydiyim neçə-neçə adam məni inandırırdı ki, yenə aldanışlara qapılıb saman çöpündən yapışıram və üzü üzlər görən, bu səbəbdən heç nəyə inanmayan ictimaiyyətimiz o saman çöpünü mənim gözümə soxacaq.
Bütün bunlar doğru. Amma mən yenə də dövlət və cəmiyyətimizin bugünkü durumu, lap yaxın gələcəkdə hamımızın üzləşəcəyi risk və xarici təhdidlər haqqında fikirlərimi qısaca və açıq-aydın bölüşməyə cəsarət edirəm.
Axırdan başlayım: çağdaş beynəlxalq münasibətlərdə aravermədən artan xaosla, yəqin ki, heç kimi qorxutmaq lazım deyil. Dövlətlər arasında oturuşmuş qarşılıqlı münasibət sistemi olmadığından, dünyada yalnız güc amiliylə hesablaşan anarxiya yenə baş alıb gedir. Dünyanın aparıcı ölkələrinin başlatdığı - çox vaxt BMT Təhlükəsizlik Şurasının yaşıl işıq yandıran qətnaməsi olmadan başlanan aramsız savaşların şahidiyik. Elə gözlərimizin önündəcə Rusiya Federasiyası da belə ölkələr sırasına daxil olub və postsovet məkanına nəzarətini bərpa etmək istəyir. Bu siyasət Gürcüstan, Moldova və Ukraynaya artıq baha başa gəlib - onlar ərazilərinin bir hissəsini itiriblər. Bu heç də o demək deyil ki, həmin ölkələrdə ağır itkilər dövrü başa çatıb, tam tərsinə, Ukrayna örnəyi göstərir ki, başlıca sınaqlar hələ qabaqdadır.
TARİX TƏKRARLANIR!
Azərbaycan öz «Axilles dabanı» – Dağlıq Qarabağ münaqişəsiylə mövcud Avropa Birliyi və gələn il həyata vəsiqə alacaq Avrasiya İttifaqı arasında müvazinətini saxlamaqdan ötrü dəridən-qabıqdan çıxır. Postsovet ölkələrinə bu ittifaqa qoşulmaq üçün indidən barmaq silkələnir. Türkiyənin Azərbaycandakı səfirinin bu yaxınlarda bizim mediada səsləndirdiyi bəyanat da diqqət çəkir. Səfir bildirmişdi ki, rəsmi Bakı Avrasiya İttifaqına qoşulmaq arzusunu dilə gətirsə, Ankara buna qarşı çıxmaz. Doğrudan da tarix təkrarlanır! 1920-ci ilin yanvarında Paris Sülh Konfransı Azərbaycanın müstəqilliyini de-fakto tanıyanda, Mustafa Kamal paşa (hələ Atatürk olmamışdı) V.İ. Leninə məktubunda (26 aprel 1920-ci il) təklif irəli sürürdü: «Əgər sovet qüvvələri Gürcüstan əleyhinə hərbi əməliyyat başlamağı nəzərdə tutursa və yaxud diplomatik yolla, öz təsiri vasitəsi ilə Gürcüstanı ittifaqa girməyə məcbur edə, habelə ingilislərin Qafqaz ərazisindən qovulmasını təmin edə bilərsə, Türkiyə hökuməti imperialist Ermənistan əleyhinə hərbi əməliyyata başlamağı mümkün sayır və bundan əlavə təminat verir ki, Azərbaycan Respublikasını sovet dövlətləri dairəsinə girməyə məcbur edə biləcəkdir». Tarixi gerçəklər belədir. Amma sual doğur: bunlar kor tale kimi indi də yaşanmalıdırmı?
Azərbaycanın Avrasiya İttifaqına girməsiylə işğal altındakı torpaqların qaytarılacağını düşünənlər keçmiş Azərbaycan Cümhuriyyətinin bəzi xadimləri qədər yanılırlar. O xadimlər də türklərin rus-bolşevik qızıl ordusuna müqavimət göstərməmək tələbi ilə razılaşmışdılar. Sonrası hamıya yaxşı məlumdur...
Soruşa bilərsiniz ki, bu qədər qara qorxudan qurtulmaq, risklərdən qaçmaq üçün Azərbaycan elitası hansı addımı atmalıdır? Axı onun fikriylə heç kim hesablaşmır. Demək, yalnız bir addım qalır - Azərbaycan cəmiyyətinin itirilmiş birliyi bərpa edilməlidir. Belə birliyin heç vaxt olmaması fikrini paylaşırsınızsa, o halda çıxış yolu yenə dərhal xalqı birləşdirən fəaliyyətə başlamaqdır.
AZƏRBAYCAN PARTİYALARI ŞURASININ YARADILMASINI TƏKLİF EDİRƏM
Xəstə, bəlkə də riyakar bir düşüncəmiz də var: «Azərbaycan xalqının bütünləşmə prosesi başa çatıb, amma «daxili və xarici düşmənlərimiz» bu faktı sanki görmürmüş kimi davranır». Əslinə qalanda isə, o «düşmənlərə» haqq qazandırmaq olar, çünki cəmiyyətimizdə özünə sosial-siyasi ətalət hopdurmuş dərin və miqyaslı parçalanmalar danılmazdır.
Tənqidçilərim, yəqin, dərhal sözümü kəsəcək və soruşacaq: «Yaxşı, neyləyək? Cəmiyyətə, ictimai yaşama qaytarmaq üçün xalqı tərbiyələndirək, yoxsa cəmiyyəti xalqa qaytaraq? Vaxtilə hər ikisinə cəhd göstərmişik. Nəticəsi göz qabağındadır».
Cavab verirəm: Doğrudan da elə olub! Ancaq yalnız o səbəbdən ki, indiyədək xalqı tərbiyələndirməyə cəhd göstərənlərin özü bu dərsə inanmayıb və bu bir yana, öz fəaliyyətində aşıladığı prinsiplərə əməl etməyib. Bizdə siyasi təşkilatın mahiyyəti baxımından Əlahəzrət Dövlətin klassik qərb anlamında nə iqtidar partiyası var, nə də müxalifət. Amma bu, qorxulu deyil (hələ qorxulu deyil!), axı ürəkdən istəsən - gerçəkləşəcək!..
Mən Azərbaycan Partiyaları Şurasının yaradılmasını təklif edirəm. Bu Şuraya eyni yetkilərlə həm iqtidar, həm də müxalifət partiyalarının nümayəndələri daxil ola bilər. Şuranı necə formalaşdırmaq – danışıq və razılaşmaların predmetidir, ancaq bu prosesə, üstəlik, həlledici səslə cəmiyyətin də qoşulması gözəl olardı. Şuraya iki seçilmiş həmsədr başçılıq edə bilər.
İclasların gündəliyini Şura üzvləri müəyyənləşdirsə də, sonrakı iclasların gündəliyinə ictimaiyyətin düzəliş etmək imkanının olması çox önəmlidir.
BİR HALDA Kİ BAŞQA YOL YOXDUR, NƏDƏN HƏR ŞEYİ YENİDƏN BAŞLAMAYAQ?
Sual doğur: Bəs iqtidarın yeri hanı? Dövlətin əsas qüvvəsi olaraq iqtidara - hökumətə arbitr – gələcək dialoqun təminatçısı rolu nəzərdə tutulur. Elə burdaca deyim ki, bizim dövlət və cəmiyyətimizin həyati problemlərinin müzakirəsi, heç vaxt olmadığı qədər, ilk növbədə iqtidara lazımdır. Yalnız bu yolla xalq bütünləşər, o cümlədən dövlətlə hökumətin yanında olar. Beləcə, hər hansı demokratik dövlətdə hakimiyyət qaynağı sayılan xalqın adından danışmaq və açıq-aydın xalqın iradəsinə arxalanmaq imkanı yaranar. Təcrübədən məlumdur – öz xarici siyasətində cəmiyyətə arxalanmayan hakimiyyət həm zəif, həm də səmərəsizdir.
Siyasi məhbusların amnistiyası - hamılıqca bağışlanması hakimiyyətin xeyirxah niyyətinin ən önəmli ifadəsi sayılardı. Bu, hər cür müxalifliyin bəzi radikal əleyhdarlarının inandırdığı kimi, bugünkü iqtidarın zəifliyi yox, əksinə, gücünün nümayişi olardı.
Mənimlə razılaşmayanların narazı səslərini eşidirəm: «Bu plan baş tutmayacaq!». Hərə cəmiyyətdə öz yerini tutmasa və ya qovulduğu, yaxud mövcud şərtlərdə ictimaiyyətin əlindən bir şey gəlməyəcəyini düşünərək, öz xoşuyla tərk etdiyi Azərbaycan siyasi məkanına geri dönməsə, əlbəttə, baş tutmayacaq. Amma hamılıqca və hərəmiz ayrılıqda bu gün son dərəcə kəskinləşən siyasi prosesə qoşulsaq, ümummilli dialoq başladılmasını israrla tələb etsək, bu dialoqu nəzarətdə saxlasaq, axarına təsir göstərsək, - o zaman şans doğar.
Bir halda ki başqa yol yoxdur, nədən hər şeyi yenidən başlamayaq? Elə bir ucdan uduzduğunuz yad-yabançı siyasi oyunların ucuz aləti olmaqdan can qurtarmaq üçün nədən öz addımlarımızı – müstəqil addımlarımızı atmayaq?
Bu «Müraciət»də adımı bildirmirəm. Tənqid və ya repressiyalardan qorxduğuma görə yox, hər ikisini o ki var dadmışam. Məqsədim – gələcəyimizə, övladlarımıza miras qoyduğumuz cəmiyyətin gələcəyinə biganə qalmayan hər kəsin imza ata biləcəyi bir plan təklifidir.
Təqdim edilən «Müraciət» faydalı tənqidə də, dəstəkçi imzalarına da açıqdır. Önəmlisi, öz taleyinə total biganəlik ətalətindən qurtulmaqdır. Yaşayacağımız iki yay ayı – iyul və avqust, Azərbaycan ictimai-siyasi həyatına qatılanların hamısının iştirakıyla müzakirə və qərar qəbulu üçün yaxşı fürsətdir.
Sonsuzluğadək sürməyəcək mövcud «pat» vəziyyətindən çıxış yolu tapmaqdan ötrü hər hansı daha praqmatik planı bəyənməyə hazıram.
Ramiz Səməd