Prezident Böyükşorda, ordan köçmək istəməyən yeganə ailə polisdə...

Ələkbər Hüseynov

-

Böyükşor yaşayış massivində mülkünün sökülməsinə etirazını bildirən və evini tərk etməyən yeganə ailənin başçısı Ələkbər Hüseynov və qardaşı polisə aparılıb.

Bu haqda AzadlıqRadiosuna Ələkbər Hüseynovun özü məlumat verib. Onun dediyinə görə, hadisə iyulun 24-də, prezident İlham Əliyevin həmin ərazidə tikintisi davam etdirilən Bakı Olimpiya Stadionuna baş çəkməsindən bir neçə saat əvvəl olub.

Ələkbər Hüseynovun sözlərinə görə, Sabunçu rayon Polis İdarəsində bir neçə saat saxlanandan sonra onları polisə müqavimət ittihamı ilə məhkəməyə aparıblar:

«Səhər saat 9 radələrində 2 nəfər polis evimə gəldi. Dedilər ki, prezident qarşısına çıxmayaq deyə, bizə nəzarət edəcəklər. Bir müddət sonra Sabunçu rayonunun icra başçısı Adil Vəliyev gəldi və polislərə məni şöbəyə aparmaq göstərişi verdi. Məni və qardaşımı ayaqyalın, zorla polis maşınına mindirib şöbəyə apardılar. Axşam saat 5-dək şöbədə saxladılar. Sonra bizi polisə müqavimət ittihamı ilə məhkəməyə apardılar. Məhkəmə bizə xəbərdarlıq etdikdən sonra sərbəst buraxıldıq».

Ələkbər Hüseynov etiraz olaraq bir ildən çoxdur ki, evini tərk etmir

Ələkbər Hüseynov deyir ki, polisdə olduğu zaman 2 oğlunu və həyat yoldaşını zorla Sabunçu rayon İcra Hakimiyyətinə aparıblar. Təxminən 1 saat sonra, yəni prezident əraziyə baxış keçirəndən sonra onları buraxıblar.

Sabunçu rayon Polis İdarəsindən Ələkbər Hüseynov və onun qardaşının polisə gətirilməsi ilə bağlı deyilənləri təkzib etdilər.

Sabunçu rayon İcra Hakimiyyətindən məsələdən xəbərsiz olduqlarını bildirdilər.

Azərbaycan 2015-ci ildə keçiriləcək I Avropa Olimpiya Oyunlarına hazırlaşır. Bununla bağlı Böyükşor yaşayış massivində yeni olimpiya stadionu inşa olunur. Stadionun tikintisi və yeni yolların çəkilişinə görə buradakı mülklər plana düşüb və sökülüb. Sakinlərə hər kvadratmetr üçün 1020 manat ödənilib.

Ödənilən kompensasiya ilə razılaşmayan Ələkbər Hüseynov etiraz olaraq bir ildən çoxdur ki, evini tərk etmir. O deyir ki, evinin bir saat belə kimsəsiz qalması mülkünün sökülməsi ilə nəticələnə bilər. Bu səbəbdən işdən də çıxıb.