-
"Məncə, elə ki yazıçı ömrünü yarıladı, gərək ölümünü gözü önünə alsın ki, yazı-pozuya daha ciddi yanaşmağa başlasın.
Elə adamlar var ki, öz aqibətini çox tez hiss edir. Rimbaud kimi.
Elə ki ölümü göz önünə aldın, anlayırsan ki, xeyli mövzu var ki, batıb-getməyə qoymamalısan".
Tanınmış Meksika yazıçısı Carlos Fuentes-in "Paris review" jurnalına müsahibəsindən parçalar (1981)
- Səfir işlədiyiniz vaxtlarda yazmaq niyə sizdən ötrü mümkünsüz idi?
- Diplomat işi və yazı prosesi bir-birinə daban-dabana ziddir.
Gərək o qədər yerə parçalanasan ki. Ağlaya-ağlaya sənin üstünə gələn qadın (məlum olur ki, katibə ilə dalaşıb)... idxal-ixrac... işi çətinə düşən tələbələr... səfirlik üçün dəftərxana sancağı...
Yazı yazmaqsa yazıçıdan fikrini cəmləməyi tələb edir. Tələb edir ki, yazmaqdan başqa heç bir işlə məşğul olmayasan. O vaxt içimdə boğduğum enerji indi fontan vurur. İndi çox yazıram.
Bundan başqa yazmağın çəmini tapmışam. Əvvəllər mən yazmaq bacarmırdım ki. Yəqin ki bunu büroktat olduğum vaxt öyrənmişəm.
Bürokrat olanda düşünməyə o qədər vaxtın olur ki. Sənin, başını işlədib, yazmağın yolunu düşünüb tapmaq üçün xeyli vaxtın olur.
Cavan vaxtlarımda Mallarmé-nin ağ kağız sindromundan çox əziyyət çəkmişəm, hər gün masaya əyləşər, amma nə yazacağımı bilməzdim.
Sanki vərəqlə cəngə çıxırdım, bədəlini də mədə xorası ilə ödədim.
Yeganə silahım aşıb-daşan enerjim idi, çünki iiyirmilərində, otuzlarında yazıçının enerjisi aşıb-daşır. Amma sonra gərək enerjini ağılla xərcləyəsən.
İndi o dövrü xatırlayanda düşünürəm ki, yəqin iki ilimi rəsmi iş kabinetində keçirməyimin nəticəsi idi ki, mən yazını beynimdə "yazmaq" azadlığı əldə etdim, vəzifədən gedəndən sonra yazacaqlarıma hazırlaşmağım üçün şərait yarandı.
Artıq mən yazılarımı masaya əyləşməmişdən əvvəl yazmağı öyrənmişəm və əvvəlkindən fərqli olaraq artıq ağ vərəqin "dilini" bilirəm.
- Öz əsərlərinizin təbliği üçün nə edirsiniz? Tok-şoularda müzakirəyə çıxarırsınızmı?
- Yəqin ki hər ölkənin özünə layiq bir Sibiri var. Sovet İttifaqında tənqidi təfəkkürlü yazıçını, bildiyiniz kimi, ruhi xəstətək təkliyə məhkum edirlər.
Birləşmiş Ştatlarda isə onu tok-şouya çıxarırlar.
Orda yazıçı "KQB" ilə üz-üzə gəlməli olur, burda isə Johnny Carson-la.
Özü də məncə, ikincisi daha üzücü işdir...
Keçən il Parisdəydim. Kitabım nəşr olunurdu və mənə dedilər ki, televiziyada çıxış etməliyəm. İstəmədim. Dedilər ki, yox, yox, gərək çıxış edəsən, çünki onda kitab çox satılır, proqramın adı "Apostrophes"-dir, çox populyardır, Fransada ona 30 milyon insan baxır.
Dedim ki, "Yaxşı, gedək, görək axırı necə olur". Dəhşət idi... kobud bir fransız elə hey sözümü kəsir, fikrimi deməyə imkan vermirdi. İstəyirdi ki, hər şey tezbazar olsun. Buna görə də fikrimi çatdıra bilmədim.
Proqramda baş verənlər məni bərk dilxor etmişdi, öz çıxışımdan da narazı idim. Həyat yoldaşım Sylvia ilə birgə qaldığımız mənzilə qayıtdıq. Sən demə qapıçı qadın bizim qayıtmağımızı gözləyirmiş: "Mən televizoru indicə söndürdüm. Çox gözəl! Əla! İnanılmaz!"
Mən etiraz etdim ki, "Yox, proqram çox pis keçdi, dözülməz idi. Öz çıxışımdan da xoşum gəlmədi". O isə belə dedi: "Cənab Fuentes, mən sizin nə dediyinizi eşitmədim. Amma gördüm ki, sizi göstərirlər. Mən sizi gördüm..."
- Necə düşünürsünüz, bundan sonra da əsərlərinizin əvvəlki səviyyəsini-keyfiyyətini qoruyaraq yaza biləcəksinizmi?
- Əslində fiziki olaraq yazı prosesi mənim üçün asanlaşıb. Zaman ötdükcə, keçmiş bu günə çevrilir, sənin bir zaman yaşadıqların, amma həmişəlik itib-batdığını düşündüklərin bir də görürsən, əsərlərində işinə yarayır.
Qəfildən yazıya çevrilirlər, sanki müstəqil şəkildə zaman ardıcıllığı üzrə düzülüblər və bu növbələri çatdıqca özlərinə ədəbi forma tələb edirlər.
Keçmişin bu təzahürləri sənin bu günkü yaşamının diqqət mərkəzinə gəlir. Vaxt olub onları əhəmiyyətsiz saymısan, düşünmüsən ki, bir də çətin ki yadına düşə, amma sən demə onlar sadəcə, öz məqamlarını gözləyiblər.
Əgər iyirmi beş yaşındasansa və yazmağa mövzu gəzirsənsə, düşünürsən ki, belə şeylər çətin işinə yaraya. Amma vaxt keçir və onlar sənə səxavətlə "məndən istifadə et" deyir. Əlli yaşımda məlim oldu ki, sən demə qapımın ağzında yazıya çevrilməsini istəyən obraz və formaların uzun bir növbəsi yaranıb. Ürək istər ki, onların hamısından istifadə edəsən, amma qorxuram vaxtım çatmaya. Onların arasından kimisə seçmək dəhşətli dərəcədə çətin işdir və bu prosesdə həm də gərək kimlərisə öldürəsən...
Məncə, elə ki yazıçı ömrünü yarıladı, gərək ölümünü gözü önünə alsın ki, yazı-pozuya daha ciddi yanaşmağa başlasın. Elə adamlar var ki, öz aqibətini çox tez hiss edir. Rimbaud kimi. Elə ki ölümü göz önünə aldın, anlayırsan ki, xeyli mövzu var ki, batıb-getməyə qoymamalısan.
Ölüm - ən böyük Mesenatdır*, ölüm - ən gözəl ilham pərisidir. Anlayırsan ki, gərək yazasan, çünki bu ömür bir gün bitəcək...
_____________
*Roma İmperiyasında mədəniyyətə böyük qayğısı ilə seçilmiş dövlət xadimi, adı indi də xeyriyyəçi mənasında işlənir.
İngiliscədən R.Qəmbərov çevirib.