Daniel Baer: «Sizin şefiniz Azərbaycan hökuməti deyil»

Daniel Baer

-

«Mən sizin iki fotonuzu gördüm, biri prezident Əliyevlə, digəri xarici işlər naziri ilə. Lakin vətəndaş cəmiyyəti ilə fotonuzu görmədim».

«Turan» diplomatik mənbələrə istinadən yazır ki, bu sözləri Vaşinqtonun ATƏT-dəki nümayəndəsi səfir Daniel Baer qurumun Bakıdakı layihələrinin koordinatoru Aleksis Şahtaxtinskiyə xitabən deyib. Ötən həftə Vyanada ATƏT-in Daimi Şurasının iclası keçirilib.

Agentlik yazır ki, Baer Şahtaxtinskini Azərbaycanda vətəndaş cəmiyyəti ilə əlaqələr qurmaq üçün real səylər göstərməyə çağırıb: «Sizə xatırlatmaq istərdim ki, sizin çalışdığınız ölkələrin hökumətləri ilə məsləhətləşmələriniz sözsüz ki, işinizin mühüm hissəsidir. Ancaq siz bizim hamımız üçün işləyirsiniz və siz bu qurumun əsasını təşkil edən prinsiplər üzrə çalışırsınız. Sizin şefiniz Azərbaycan hökuməti deyil».

Baer xatırladıb ki, ATƏT layihələrinin koordinatoru ATƏT prinsiplərinin dəstəklənməsi üçün Azərbaycan xalqı və hökuməti ilə iş üzrə xüsusi məsuliyyət daşıyır. Bu, ilk növbədə insan hüquq və azadlıqlarına, vətəndaş cəmiyyəti ilə güclü əlaqələrin dəstəklənməsinə aiddir.

«Daimi Komitənin 1092 saylı qərarı ilə ATƏT layihələrinin koordinatorunun mandatı ofisi vətəndaş cəmiyyəti ilə əlaqələri dəstəkləməyə çağırır, o cümlədən konkret layihələrdən kənar əlaqələri. Biz sizi ATƏT-in fəaliyyətinin məhdudlaşdırılması cəhdlərini nəzərə alaraq, öz mandatınıza riayət etməyə çağırırıq. Bu, əsasən layihələrin təsdiqlənməsi prosedurunun sərtləşdirilməsi fonunda baş verir. Bütün bunlar ATƏT-in Azərbaycana lazımi dəstək göstərməsinə mane olur ki, bu da yolverilməzdir», deyə Baer bildirib.

«VAŞİNQTON NARAHATDIR»

Vaşinqtonun ATƏT-dəki nümayəndəsi səfir Daniel Baer Azərbaycan hökumətinin müstəqil KİV, QHT və vətəndaş cəmiyyəti fəallarına təzyiqləri davam etməsindən narahat olduğunu bildirib:

«ABŞ əvvəlki kimi martda müxalifət liderləri İlqar Məmmədov və Tofiq Yaqublunun, mayda QHT rəhbəri Anar Məmmədlinin həbsindən narahatdır. ABŞ Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus və jurnalist Rauf Mirqədirova qarşı cinayət işindən narahatdır. Onlar xalq diplomatiyası üzrə layihələrə cəlb olunublar. Facebook fəalları Elsevər Mürsəlli, Əbdül Əbilov və Ömər Məmmədovun narkotik maddə saxlamaq kimi şübhəli ittihamlarla tutulması korrupsiya və insan hüquqlarının pozulmasına görə hökuməti tənqid etmələrinə cavabdır. Bütün bunlar Azərbaycanda öz fikrini söyləmək hüququnun vəziyyəti barədə həyəcan siqnalıdır. Nəhayət, bu yaxınlarda Gəncədən QHT lideri Həsən Hüseynli uydurma ittihamla mühakimə edilib. Bu, öz hüquq və azadlıqlarını həyata keçirmək istəyənlərin təqib edilməsi üzrə daha bir həyəcanlı mənzərəyə nümunədir».

Ötən il Azərbaycan hökuməti ATƏT-in Bakı ofisinin mandatının layihələrin koordinatoru səviyyəsinə endirilməsini tələb edib. Vaşinqton isə bunu etməməyə çağırmışdı.

Fransalı diplomat Aleksis Şahtaxtinski ATƏT layihələrinin koordinatoru təyin edilib və 2014-cü il martın 1-dən bu postda çalışır.