Azərbaycan XİN ABŞ-ın Leyla Yunusla bağlı bəyanatına cavab verib

Leyla Yunus

-

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentinin hüquq müdafiəçisi Leyla Yunusla bağlı bəyanatına cavab verib.

XİN-in mətbuat xidmətindən AzadlıqRadiosuna daxil olan məlumatda bildirilir ki, Azərbaycanda siyasi baxışlarına və fəaliyyətinə görə heç kim təqib və mühakimə olunmur:

«Qanunun aliliyinin təmin olunduğu istənilən demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz. Azərbaycan Baş Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyi bu il iyulun 31-də Leyla Yunusun saxlanması səbəbləri ilə bağlı geniş açıqlama verib. Leyla Yunus digər ittihamlarla yanaşı, dövlətə xəyanətdə ittiham olunur».

«3000-DƏN ÇOX QHT VAR»

XİN bildirir ki, Azərbaycanda 3000-dən çox QHT-nin olduğu bir şəraitdə ölkədə vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırıldığını iddia etmək heç cür həqiqəti əks etdirmir:

«Azərbaycana bu cür yollarla siyasi təzyiqin göstərilməsi cəhdləri qəbuledilməzdir».

XİN hesab edir ki, bu tipli bəyanatlar sözügedən təhqiqatın siyasiləşdirilməsi, onun işinə müdaxilə və Azərbaycanda məhkəmə sisteminin müstəqilliyinin şübhə altına salınması cəhdləridir.

«AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ MƏHDUDLAŞDIRILIR»

Dövlət Departamenti Leyla Yunusun həbsindən dərin narahatlıq bildirib.

Dövlət Departamentinin sözçüsü Marie Harf deyib ki, Leyla Yunusa qarşı ittihamlar Azərbaycanda vətəndaş cəmiyyətinin dinc fəaliyyətinin daha məhdudlaşdırılmasını göstərir.

Leyla Yunus barəsində vətənə xəyanət və başqa 5 ittihamla 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Onun həyat yoldaşı Arif Yunusa da oxşar ittihamlar irəli sürülüb. O, səhhətində problemlərə görə hazırda ev dustağıdır.