İsveç hökuməti İranda azərbaycanlıların hüquqlarının pozulmasını tənqid edib

İsveçin xarici işlər naziri Yan Eliasson, 13 iyun 2005

İsveç parlamenti İrandakı azərbaycanlıların milli və mədəni hüquqlarının tapdalanması, habelə Azərbaycan fəallarının həbs edilməsi məsələsini müzakirə edib. Bu danışıqların mətni İsveç parlamentinin internet saytında da nəşr edilib.


Həmin məlumata əsasən, iyulun 27-də İsveç millət vəkili Alis Aström İrandakı azərbaycanlıların vəziyyəti və bunun İsveç-İran münasibətlərinə təsiri barədə xarici işlər naziri Yan Eliassona sual verib. Hazırda BMT-nin Baş Assambleyasının sədri vəzifəsini yerinə yetirən Yan Eliasson bunun cavabında bildirib ki, siyasi, sosial, iqtisadi və mədəni baxımdan İrandakı etnik azlıqların vəziyyəti heç də qənaətbəxş deyil və müxtəlif əyalətlərdə baş qaldıran etiraz aksiyaları çox ehtimal ki, hüquqların tapdalanmasına dair narazılıqları əks etdirir. O, eyni zamanda azərbaycanlıların kütləvi etirazlarından sonra başlayan zorakılıq və həbsləri pisləyib.


Yan Eliasson Avropa Birliyi və İsveç hökumətinin İranda milli azlıqların vəziyyətinə böyük əhəmiyyət verdiyini söyləyib. Ölkəsinin millət vəkilləri qarşısında çıxışı zamanı cənab Eliasson başçılıq etdiyi BMT Baş Assambleyasının İranda insan hüquqları məsələsini yenidən müzakirə edəcəyini bildirib. Onun dediyinə görə, Avropa Şurası may ayında verdiyi bəyanatda İranda milli azlıqlara qarşı ayrı-seçkilikləri tənqid edib. Bu kontekstdə Kanada keçən il Baş Assambleyaya İrandakı insan hüquqlarına dair qətnamə təklif edib. Avropa Birliyi də bu qətnamənin həmmüəllifidir. Yan Eliasson deyib: «Mən çox şadam ki, Baş Assambleya bu sualın il ərzində bir daha gündəmə gətirilməsinə qərar verdi. Mən [sual verən deputat] Alis Aströmü əmin etmək istəyirəm ki, İsveç hökuməti də İrandakı azərbaycanlıların vəziyyətini diqqətlə izləməyi davam etdirmək niyyətindədir».


Yan Eliasson İran-İraq müharibəsi zamanı BMT-nin nümayəndəsi kimi iki ölkə arasında sülh danışıqlarına başçılıq edib.