İsrail səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Avqustun 8-də hansı təşkilatı təmsil etdiklərini bildirməyən bir qrup şəxs İsrailin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Aksiya iştirakçıları «Allahu Əkbər!», «Təcavüzə son qoyulsun!» və başqa şüarlar səsləndirməklə İsrailin Livana hücumlarına etiraz ediblər. Amma polis aksiya iştirakçılarının səfirliyin binasına yaxınlaşmasına imkan verməyib. Piketçilər isə öz bəyanatlarını səfirlikdən bir qədər kənarda səsləndiriblər: «Biz BMT-dən və bütün dünya ölkələrinin başçılarından tələb edirik ki, İsrailin fələstinlilərə və livanlılara qarşı keçirdiyi hərbi əməliyyatlar dərhal dayandırılsın!».


Polis aksiya iştirakçılarından bir neçəsini qısa müddətə saxlayıb.


İsrailin Bakıdakı səfirliyindən isə bu məsələyə şərh vermək istəmədiklərini bildiriblər.


Son bir neçə həftədə Azərbaycan İslam Partiyası və Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzi ayrı-ayrılıqda Bakıdakı BMT-nin nümayəndəliyi qarşısında, Nardaran kəndində, ABŞ-ın Azərbaycandakı səfirliyi önündə İsrailin Livanda apardığı hərbi əməliyyatlara qarşı etiraz aksiyaları keçirir. Həmin təşkilatlar Tel-Əviv hərbi əməliyyatları dayandırana qədər belə tədbirləri davam etdirəcəklərini bildirirlər.