Mərkəzi ofisi Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) «Milli Yol» qəzetinin baş redaktoru Şahin Ağabəylinin həbsilə bağlı narahatlığını bildirən bəyanatla çıxış edib. Komitə rəhbəri Coel Simonun sözlərinə görə, onlar çap olunmuş məqaləyə görə məhkəmənin jurnalisti bir il azadlıqdan məhrum etməsindən narahatdırlar və bu məsələnin siyasi tərəfi onları daha çox təşvişə salır.
«Milli Yol» qəzetinin baş redaktoru Şahin Ağabəyli millət vəkili Arif Rəhimzadənin iddiası əsasında (şərəf və ləyaqətin, işgüzar nüfuzun təhqir olunması) məhkəməyə cəlb edilib. Avqustun 9-da Nəsimi rayon məhkəməsinin hökmüylə o, bir il azadlıqdan məhrum edilib.