Dini icmaların toplantısı keçirilib

Dini icmalarla görüş yeni sədr Hidayət Orucovla tanışlıq xarakteri daşıyır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucov bildirir ki, Azərbaycanda dindən siyasi məqsədlər üçün istifadə etməyə hazır olan və radikallığa meylli qüvvələr var. Komitənin sədri avqustun 28-də Azərbaycandakı dini təşkilatlarla görüşündə həmin qurumların fəaliyyətindən hökumətin xəbərdar olduğunu söyləyib.


Dini Qurumlarla İş üzrə Komitənin keçmiş rəhbəri Rafiq Əliyev də Azərbaycanda dini sferaya beş dövlətin təsir etmək istədiyini bildirmişdi. Komitənin yeni rəhbəri Hidayət Orucov isə əlavə edir ki, həmin niyyətdə olan ölkələrin sayı beş yox, daha çox ola bilər: «Şübhəsiz daha çoxdur. Ancaq bu deyilmir. Biz ümumi tendensiyaya qarşı, zərərli, radikal, qeyri-ənənəvi, Azərbaycan üçün yad meyllərə qarşı mübarizə aparırıq. Yoxsa bu beş dövlətdir, yeddi dövlətdir, hansı dövlətdir hüquq-mühafizə orqanlarının işidir».


Hidayət Orucov onu da əlavə edir ki, Azərbaycanda dini təriqətləri yayan icmalar heç də həmişə öz dövlətlərini təmsil etmirlər. Komitə sədri bildirdi ki, ölkədə dini təşkilatların qeydiyyatı ilə bağlı problemlər də hökumətin nəzərindədir və yaxın gələcəkdə qeydiyyat məsələləri daha da yüngülləşdirilə bilər.