Sentyabrın 2-də Qobustanda dəyirmi masa keçiriləcək

Sentyabrın 2-də Ədliyyə Nazirliyi və hüquq müdafiəçiləri Qobustan qapalı həbsxanasında məhbusların iştirakı ilə dəyirmi masa keçirəcəklər.


Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin əməkdaşı Rafiq Ramazanov deyir ki, görüşdə Qobustan həbsxanasındakı məhbusların bir qisminin narazılığına aydınlıq gətirməyə çalışacaqlar. «Məqsəd Qobustan həbsxanasında yaranmış vəziyyəti öyrənməkdir. Görək məhbusların şikayətləri nədir?»


Bir neçə hüquq-müdafiə fəalı ilə Ədliyyə Nazirliyində avqustun 31-də keçirilən görüşdə qərara alınıb ki, dəyirmi masaya Respublika Prokurorluğu və Ali Məhkəmənin məsul şəxsləri, həmçinin Bakıdakı diplomatik korpusun nümayəndələri də dəvət olunsunlar.


Avqustun 21-də bir qrup məhbus ömürlük cəza çəkən Kamandar Aslanovun ölümündən sonra həyatları üçün təhlükə hiss etdiklərini əsas gətirib aclıq aksiyasına başlamışdı. Onlar hüquq müdafiəçiləri və ombudsman onlara baş çəkməsini istəyirdilər.