Hüquq müdafiəçiləri Qobustan həbsxanasında olublar

Sentyabrın 2-də bir qrup hüquq müdafiəçisi ömürlük azadlıqdan məhrum edilmiş məhbusların saxlanıldığı Qobustan həbsxanasında olublar. Onlar məhbusların saxlanma şəraiti ilə tanış olublar.


Hüquq müdafiəçisi Novella Cəfəroğlunun verdiyi məlumata görə, məhbuslar daha çox məhkəmə hökmlərindən narazı olduqlarını deyiblər, saxlanmalarıyla bağlı qanunvericiliyə dəyişikliklər edilməsini xahiş ediblər: «Onların olduğu kameralara televizor, radio qoymaq olar, nəyləsə məşğul olmaları üçün iş yerləri açmaq olar».


Son 6 ayda Qobustan həbsxanasında 4 məhbus intihar edib. Novella Cəfərovanın fikrincə, saxlanma şəraitini dəyişməklə belə intiharların qarşısını almaq olar.


Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsindən isə bildirdilər ki, hüquq müdafiəçilərinin təkliflərinə baxılacaq.


Qobustan həbsxanasında 150-dən artıq ömürlük azadlıqdan məhrum edilmiş məhbus saxlanılır. Onların bir çoxu cəzalarının 15 illik həbslə əvəzlənməsiylə bağlı məhkəmələrə müraciət etsələr də, məhkəmələr əvvəlki cəzanı qüvvədə saxlayıblar.