Dörd müxalifət partiyasının birləşdiyi «Azadlıq» bloku, qeyri-hökumət təşkilatları və jurnalistlər yerli, həmçinin beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda mətbuat azadlığına yönəltmək məqsədilə imzatoplama kampaniyasına başlayır. Azərbaycan rəhbərliyinə, Avropa Şurasının prezidentinə, eləcə də digər beynəlxalq qurumlara ünvanlanacaq müraciətləri minlərlə vətəndaşın imzalamasına çalışacaqlar.
Blokun sentyabrın 6-da keçirilən toplantısında qərara alınıb ki, ingilis və Azərbaycan dillərində şüarlar, bukletlər və köynəklər hazırlansın. AXCP sədri Əli Kərimlinin sözlərinə görə, ingilis dilli bukletlər əsasən xarici ölkələrdə yayılacaq: «Elmar Hüseynovun qatili tapılmırsa, Bahəddin Həziyevin aylarla müalicəsi davam edirsə, iki jurnalist həbsdədirsə, bu, Azərbaycanda mətbuatın hədəf olaraq qaldığını göstərir. Biz də nümayiş etdirmək istəyirik ki, bu, yalnız mətbuatın yaşadığı problem deyil».
Müsavat Partiyasının sentyabrın 23-də keçirməyi planlaşdırdığı mitinqdə isə şüarlardan biri də mətbuatın müdafiəsi ilə bağlı olacaq.
Mətbuat Şurasının sədri Əflatun Amaşov hesab edir ki, bu gün Azərbaycan mətbuatının başlıca problemi onun bir qrup məmurun və siyasi qüvvələrin əlində olmasıdır: «Çalışıb qəzetlərin iqtisadi baxımdan azadlığına nail olmaq lazımdır. Yalnız bu halda mətbuatın rastlaşdığı problemlər həll olunacaq».
Bu günlərdə bir sıra beynəlxalq qurumlar Azərbaycanda söz azadlığının durumundan narahatlıqlarını bildirib, hakimiyyəti jurnalistlərin təqibinə son qoymağa və hüquqi islahatlara çağırıblar. Azərbaycan rəsmiləri isə hesab edirlər ki, ayrı-ayrı jurnalistlər mətbuatdan öz məqsədləri üçün istifadə etməməli və fəaliyyətlərini qanunla tənzimləməlidirlər.