Azərbaycan bələdiyyələrinin səlahiyyətləri

Avropa Şurası bələdiyyələrin səlahiyyətlərinin artırılmasını istəyir

Azərbaycanda bələdiyyələrin səlahiyyətləri və maliyyə resursları çox məhduddur. Avropa Şurası (AŞ) Yerli və Regional Hakimiyyətlər Konqresinin apardığı monitorinqin nəticələri belə deməyə əsas verir. Konqresin vitse-prezidenti Yan Mikallef bildirir ki, dövlətin bələdiyyələrə ayırdığı vəsait şəffaf xərclənmir. Bu da gec-tez onların hakimiyyətin istəyinə uyğun fəaliyyət göstərməsinə gətirib çıxaracaq.

AŞ-nin Azərbaycan hökumətindən tələbi yerli idarəetmənin demokratikləşdirilməsidir. Qurumun baş katibinin Azərbaycandakı nümayəndəsi Denis Birbosia ona diqqət çəkir ki, AŞ yerli demokratiyanın inkişafını yüksək qiymətləndirir. Eyni zamanda, AŞ-yə üzv olarkən Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdən biri də yerli idarəetmə ilə bağlı olub. Artıq öhdəliyin yerinə yetirilməsi zamanıdır. Hökumətin işi yerli özünüidarəetmə haqqında Avropa Xartiyasına qoşulmaqla bitmir: «Yerli idarəetmənin inkişafına şərait yaradılmalıdır. Ötən il Konqresdə Azərbaycanın və Ermənistanın öhdəlikləri yerinə yetirməsinə dair hesabat müzakirə olunurdu. Məruzəçilər təəssüflə vurğulayırdılar ki, Azərbaycanda bu sahədə hələ çox məhdud işlər görülüb».


Konqresin istədiyi budur ki, bələdiyyələrə həm maliyyə baxımından sərbəstlik verilməli, həm səlahiyyətləri artırılmalıdır. Yalnız bu halda yerli idarəetmə öz bəhrəsini verə bilər.


Mütəxəssislərin hesablamalarına görə, bələdiyyənin illik gəliri beş yüz dolları ötmür. Halbuki qazanmaq üçün onların əllərində az imkan yoxdur.



Mütəxəssislərin hesablamalarına görə, bələdiyyənin illik gəliri beş yüz dolları ötmür. Halbuki qazanmaq üçün onların əllərində az imkan yoxdur
Azərbaycan rəsmiləri isə bələdiyyənin inkişafı üçün yetərincə iş görüldüyünü bəyan edirlər. Ədliyyə Nazirliyi bələdiyyələrlə iş mərkəzinin rəhbəri Mehdi Səlimzadə monitorinq aparılarkən yanlışlara yol verildiyini düşünür. Odur ki, cənab Mikallefin dedikləri ilə qismən razılaşır. Bu üzdən də Konqresin keçirdiyi monitorinqin nəticəsinə uyğun olaraq bələdiyyələrin səlahiyyətlərinin artırılması, maliyyə imkanların genişləndirilməsi yönündə müəyyən işlər görüldüyünü bildirir. Onun dediyinə görə, bu məqsədlə inzibati nəzarət haqda qanuna uyğun şəkildə təkliflər hazırlanaraq parlamentə göndərilib: «O ki qaldı, dövlətin bələdiyyələrə maliyyə dəstəyi verməsi və bunun şəffaf olmaması haqda deyilənlərə, bu fikirlə razılaşmıram. Son altı ildə Azərbaycanda bələdiyyələrə 25 milyon dollar dotasiya şəklində yardım göstərilib. Bu yardım elə bələdiyyələrin müstəqilliyinin təmin olunması üçün göstərilib. Dövlət bu yardımı başqa şəkildə də edə bilərdi». Ədliyyə Nazirliyinin əməkdaşı Mehdi Səlimzadə həmin vəsaitin xərclənməsi zamanı qanunsuzluqlara yol verildiyini də etiraf edir. Amma o, həmin məbləğin xərclənməsinə heç bir orqanın müdaxilə etmədiyini iddia edir.

Avropalılar isə öz dediklərində qalırlar. Üstəlik bir narazılıqları da Milli Bələdiyyə Assosasiyalarının yaradılmasının yubanması ilə bağlıdır. Hökumət isə bu qurumun dekabrın sonunadək yaradılacağını vəd edir. Konqresin qənaətincə, bu qurum hələ təzə ayaq tutub yerimək istəyən Azərbaycan bələdiyyələrinin işini əlaqələndirmək, təcrübə və məlumat mübadiləsi aparması üçün çox əhəmiyyətli ola bilər. Hazırda Avropa Şurası Konqresi, Norveç Yerli və Regional Bələdiyyə Assosasiyası Azərbaycan hökumətilə Milli Bələdiyyə Assosasiyası yaradılması üzərində işləyirlər. Ancaq bu bir yox, üç assosasiya olacaq. Şəhər, kənd və qəsəbə milli bələdiyyə assosasiyaları. Və onların fəaliyyətini əlaqələndirəcək koordinasiya qrupu olacaq. Norveç hökuməti indiyədək bu layihəyə 400 min dollar xərcləyib. Bu layihənin əhəmiyyətini izah etmək üçün bir faktı deyim. Avropa Şurasına üzv dövlətlərdən 46-dan ikisində bələdiyyə assosasiyaları yoxdur. Biri Azərbaycandır, digəri Monoko. Layihənin hüquqşünası Nazir Quliyev: «Qazax bələdiyyəsinin gördüyü işdən Zaqatala bələdiyyəsinin xəbəri yoxdur. Beləliklə də, internetə çıxış olmadığından, bələdiyyə ilə bağlı nəşrlərin yoxluğundan müsbət təcrübəni bölüşmək imkanı məhduddur. Amma Assosasiya yaradıldıqda məlumat mübadiləsi aparıla, müsbət təcrübə öyrənilə, problemlər araşdırıla bilər…»


Prezident Aparatının bələdiyyələrlə iş sektorunun rəhbəri Ramiq Haşımov isə Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliyi yerinə yetirdiyini və milli bələdiyyə Asossasiyasının yaradılması prosesinin də dayanmayacağını deyir.