Elmar Məmmədyarov Londona gedir

Elmar Məmmədyaorvun ermsnistanlı həmkarlı ilə görüşəcəyi məlum deyil

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov sentyabrın 12-də Londona gedir. O, sentyabrın 13-də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərilə görüşəcək. Bu barədə «Azadlıq» radiosuna Xarici İşlər Nazirliyinin idarə rəisi Tahir Tağızadə məlumat verib.


Ermənistan XİN-in Mətbuat Xidmətinə istinadən Rusiyanın “RİA Novosti” agentliyinin yaydığı məlumata görə, Ermənistanın xarici siyasət idarəsinin başçısı Vardan Oskanyanın həmsədrlərlə görüşü isə sentyabrın 12-də Parisdə olacaq.


Azərbaycanın Xarici İşlər nazirinin müavini, prezidentin Qarabağ danışıqlarında xüsusi nümayəndəsi Araz Əzimovun mətbuata verdiyi məlumata görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistanın XİN başçıları ilə ayrı-ayrılıqda görüşəcəklər. Bu görüşlər vasitəçilərin regiona nəzərdə tutulan növbəti səfəri və sonrakı danışıqlar üçün hazırlıq məqsədi daşıyır.


Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı sonuncu dəfə nazirlər 2006-cı ilin iyunun 13-də Parisdə görüşüblər. Növbəti dəfə belə bir formatda görüşün nə vaxt reallaşacağı isə hələlik məlum deyil.