Bələdiyyələr səlahiyyətlərinin və maliyyə imkanlarının genişləndirilməsini istəyirlər

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadənin fikrincə, Azərbaycanda bələdiyyələrin işinin təşkil edilməsi onlar üçün ciddi problem yaradıb. Bu barədə sentyabrın 14-də Gəncədə bələdiyyə üzvlərinin regional müşavirəsində bildirən cənab Səlimzadə hesab edir ki, bələdiyyələr arasında mütəmadi maarifləndirmə işinin aparılmasına ehtiyac duyulur. Bir çox bölgələrdə yerli hakimiyyət orqanlarının da bələdiyyələrin qərarlarına əhəmiyyət vermədiyini deyən Mehdi Səlimzadənin sözlərinə görə, nazirlik müvafiq qanunda dəyişiklik edilməsi üçün təkliflər hazırlayıb.


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə hesab edir ki, bələdiyyələr özlərinə yerli icma kimi yanaşsalar, zəif cəhətlərini görə bilərlər.


Müşavirədə iştirak edən bələdiyyə üzvləri isə öz çıxışlarında səlahiyyətlərinin artırılmasını və maliyyə imkanlarının genişləndirilməsini istədilər. Onların fikrincə, maliyyə çatışmazlığı və az səlahiyyətlə yerli əhalinin sosial problemlərini həll etmək mümkün deyil.