Ana dilində təhsil tələb edənlərin həbsi davam edir

Sentyabrın 23-də İran azərbaycanlılarının ana dilinin tədrisi tələbi ilə aksiyalar keçirəcəyi gözlənilir

Təbrizin Abbasi məhəlləsinin sakini Əli Sədiq Beyrəq cümə günü səhər sentyabrın 15-də İranın təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən tutulub və ana dilində təhsil tələbi ilə etiraz aksiyaları keçirmək barədə elan yaymaqda ittiham edilərək nəzarət altına alınıb. İranda gizli fəaliyyət göstərən Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Komitəsi Sədiq Beyrəğin Təbrizin «İttilaat» idarəsində işgəncə edildiyini bildirir.


Bu son bir həftə ərzində aksiyalara çağırmaq ittihamı ilə tutulan 4-cü fəaldır. Sentyabrın 13-də Azərbaycan dili müəllimi Əsədullah Səlimi Urmiyədə, sentyabrın 14-də isə Sulduz (Nəqədə) şəhərində taksi sürücüsü İsgəndər Mirzai və Vəhid adlı dükan sahibi elan vərəqələri payladıqlarına görə nəzarət altına alınmışlar.


Mehr ayının biri-sentyabrın 23-ü İranda təhsil ilinin ilk günüdür. «Cənubi Azərbaycan Tələbələr İttifaqı», «Güney Azərbaycan Milli Oyanış Hərəkatı», və «İran Azərbaycanının Federal Demokrat Hərəkatının» İcraiyyə Heyəti ana dilinin məktəblərdə tədrisi tələbi ilə təhsil ilinin ilk gününü boykot edərək, itaətsizlik aksiyaları barədə çağırışlar ediblər.


Eyni zamanda Britaniya, İsveç, Almaniya və bir neçə başqa ölkələrdə fəaliyyət göstərən bəzi Azərbaycan təşkilatları da İranda ana dilinin tədris edilməməsinə qarşı etirazlarını bildirmək məqsədilə sentyabrın 23-də müxtəlif şəhərlərdə mitinq keçirəcəklərini bildiriblər.