ATƏT polislər üçün yeni məşğələlər təşkil edəcək

2005-ci il parlament seçkiləri zamanı Daxili Qoşunların təlimi

ATƏT-in Bakı Ofisi «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna dəyişikliklərlə bağlı təkliflərini ictimaiyyətə oktyabrda açıqlamağı düşünür. Ofisin rəhbəri Maurisio Pavesinin sözlərinə görə, onların əlində olan sadəcə, işçi sənəddir. Amma Avropa Şurası Venesiya Komissiyası qanunu ekspertizadan keçirdikdən sonra ATƏT ümumi rəy hazırlayaraq hökumətə təqdim edəcək. Bundan sonra həmin sənəd hökumət təmsilçilərinin, ATƏT-in və Venesyia Komissiyasının üzvlərindən ibarət işçi qrupda müzakirə olunacaq.


Verilən təkliflər açıqlanmasa da, əsas müzakirələrin kütləvi aksiyaların dağıdılması zamanı polisin zorakı metodlardan istifadə etməsi olduğu bildirilir. ATƏT bununla bağlı polislər üçün seminarlar təşkil edəcək. Bundan əvvəl də oxşar seminarlar keçirilsə də, Bakı ofisinin nümayəndəsi Robern Sivadr deyir ki, o tədbirlər daha çox nəzəri xarakter daşıyıb. Bundan sonra ATƏT-in təşkil etdiyi məşğələlər daha çox praktiki olacaq.


ATƏT-in təşəbbüsü ilə «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna dəyişikliklər edilməsi ilə bağlı sentyabrın 19-da hökumət nümayəndələri və ekspertlərin iştirakı ilə dəyirmi masa keçirilib. Görüşdə səslənən fikirlərin araşdırılması üçün hökumətlə ATƏT-in birgə işçi qrupunun yaradılması qərara alınıb.