«Sərhədsiz Reportyorlar» Beynəlxalq Mətbuat Azadlığını Müdafiə Təşkilatı «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovun məhkəmə istintaqının sona çatması haqqında məlumat yayıb. Məlumatda deyilir ki, məhkəmə cənab Zahidovu müayinə etmiş həkimlərin prosesdə iştirakına baxmayaraq, onun narkotik maddə qəbul etdiyini sübuta yetirə bilməyib.
Sentyabrın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə cənab Zahidovu müayinə edən həkimlər narkotiklərlə bağlı ondan qan analizi götürmədiklərini bildiriblər. Jurnalistin vəkilinin sözlərinə görə, ondan qan analizi əslində, HİB testi aparmaq üçün götürülüb.
«Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidov Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən iyunun 23-də həbs edilib. DİN əməkdaşları jurnalistin cibindən narkotik maddə olan heroin tapıldığını, Sakit Zahidov isə narkotikanı onun cibinə polislərin qoyduğunu, hakimiyyət nümayəndələrinə qarşı satirik şerlər yazdığı üçün şərləndiyini bildirir.
Sakit Zahidovun növbəti məhkəmə prosesi sentyabrın 26-da olacaq. Həmin məhkəmədə dövlət ittihamçısı təqsirləndirilənə cəza tələb edəcək.