Əli Həsənov: «Ermənistan bu gün də cəbhə bölgəsindəki bütün təxribatların müəllifidir»

Əli Həsənov

-

Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibə verib. O, Ermənistan-Azərbaycan sərhədində baş verənlərdən, hüquq müdafiəçisi Leyla Yunusun həbsinə münasibət bildirib.

- Əli müəllim, son günlər Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində ciddi gərginlik müşahidə olunur. Hər iki tərəfdən çoxlu sayda ölən və yaralanan var. Baş vermiş gərginliyi və mövcud durumda Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Məlum olduğu kimi, iyulun son günlərindən başlayaraq işğalçı Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə bir neçə dəfə basqın ediblər. Bu həmlələr avqustun 1-2-də daha intensiv xarakter daşıyıb və nəticədə milli ordumuzun 13 hərbi qulluqçusu həlak olub. Fürsətdən istifadə edərək şəhid olmuş hərbçilərimizə Allahdan rəhmət diləyir və onların ailələrinə dərin hüznlə başsağlığı verirəm. İtkinin müqayisə olunmaz ağırlığına baxmayaraq, şəhidlərimizin valideynlərinin, yaxınlarının nümayiş etdirdikləri səbr, təmkin, vətənpərvərlik, vətəndaş mövqeyi həqiqətən də ən yüksək qiymətə layiqdir. Bu dəyanət bütün xalqımız, cəmiyyətimiz və hər bir vətəndaşımız üçün örnəkdir. Qeyd etmək istərdim ki, erməni təxribatçı qrupların basqın cəhdləri qabaqcadan planlaşdırılmış aksiya olsa da, onlar qarşılarına qoyduqları məqsədə nail olmamış və ciddi itkilər verərək geri çəkilmişlər. Şübhəsiz, Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı qondarma rejim daxildə ictimai narazılığın artacağını və cəmiyyətin ciddi təzyiqlərinə məruz qalacaqlarını bildiklərindən, öz itkilərinin miqyası barədə obyektiv informasiya verməkdən çəkinirlər. Bununla yanaşı, bizə məlumdur ki, Azərbaycan Silahlı Qüvvələrinin sayıqlığı və adekvat cavabları nəticəsində ermənilər böyük itki veriblər. Hətta sərt senzura şəraiti olsa belə, Ermənistanın informasiya resursları onlarla hərbi qulluqçunun öldüyünü açıqlayıblar.

Bütün bu faktlar bir daha Azərbaycan Silahlı Qüvvələrinin gücünü və yüksək döyüş qabiliyyətini aydın nümayiş etdirdi. Erməni işğalçıları əmin oldular ki, onların qarşısında 1990-cı illərin əvvəllərində olduğu kimi pərakəndə hərbi dəstələr deyil, peşəkar, ən müasir silahlarla təchiz olunmuş döyüşkən nizami ordu dayanıb. Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir.

CƏBHƏ XƏTTİNDƏ GƏRGİNLİYİN ARTMASINI BIR NEÇƏ SƏBƏBİ

- Gərginliyin səbəbləri kimi müxtəlif versiyalar irəli sürülür. Sizin fikrinizcə, cəbhə xəttində Ermənistanın son həmlələri nə ilə bağlıdır?

- Cəbhə xəttində gərginliyin artmasını bir neçə səbəblə izah etmək olar. İlk növbədə hazırkı gərginlik Ermənistanın mövcud status-kvonu qoruyub saxlamaq siyasətinin tərkib hissəsi kimi başa düşülməlidir. Bilirsiniz ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası Ermənistanın işğalçı simasının ifşa olunması, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində çox böyük uğurlar qazanıb. Biz artıq erməni lobbisini ənənəvi dominantlıq etdiyi coğrafiyada sıxışdırmağa nail olmuşuq. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının üzvü olduğu dövrdə bu münaqişənin dünya ictimaiyyətinin diqqət mərkəzinə gətirilməsi üçün zəruri addımlar atdı. Artıq bütün aparıcı beynəlxalq təşkilatlar, əsas güc mərkəzləri, ayrı-ayrı nüfuzlu dövlətlər mövcud status-kvonun saxlanmasının yolverilməzliyini bəyan edir və münaqişənin beynəlxalq hüquq prinsipləri çərçivəsində həllinə tərəfdar çıxırlar. Bundan sonrakı dövrdə Ermənistanın əsaslı bəhanə limiti qalmayıb. Odur ki, Sarkisyan rejimi bir tərəfdən, dünya ictimaiyyətinin, ATƏT-in Minsk qrupunun problemin köklü həlli ilə bağlı onlara ünvanlanan və getdikcə daha təkidli xarakter alan tələblərindən yayınmağa, əsas diqqəti münaqişənin müxtəlif neqativ təzahürləri üzərində fokuslaşdırmağa cəhd göstərir. Digər tərəfdənsə, vaxtı gələndə Azərbaycanın işğal altında olan torpaqları azad etməklə bağlı digər yollara əl atacağından çəkinərək, onun fəaliyyətini məhdudlaşdırmağa, hansısa müqavilə vasitəsilə əl-qolunu bağlamağa çalışır. Ancaq bütün bu cəhdlərin heç bir səmərəsi yoxdur və ola da bilməz. Azərbaycan bundan sonra da bütün imkanlardan, malik olduğu resurslardan, güclü siyasi, iqtisadi və hərbi potensialından istifadə etməklə münaqişənin ədalətli həllinə nail olacaq.

Digər səbəb Ermənistan hökumətinin son zamanlar onun daxili və xarici siyasətinə öz etirazını açıq şəkildə nümayiş etdirən erməni diasporunun və yerli ictimaiyyətin diqqətini mövcud ciddi sosial-iqtisadi problemlərdən yayındırmaq cəhdi ilə bağlıdır. Bilirsiniz ki, həyata keçirdiyi işğalçılıq siyasətinin nəticəsi olaraq Ermənistan regionun siyasi, sosial-iqtisadi və mədəni həyatından təcrid olunmuş vəziyyətə düşüb. Ölkənin bütün iqtisadiyyatı əsasən Rusiyanın, kiçik bir hissəsi isə erməni lobbisinin və hakimiyyətdə təmsil olunmuş ayrı-ayrı mafioz şəxslərin nəzarətindədir. Heç bir daxili resursun, xarici investisiyanın olmadığı şəraitdə, habelə bütün regional layihələrdən kənarda qaldığı üçün onun inkişaf perspektivi də yoxdur. Buna görə də bu gün Ermənistan ciddi maliyyə sıxıntılarının, sosial və demoqrafik gərginliyin məngənəsindədir. İşsizlik, yoxsulluq, səfalət, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması və digər səbəblərdən əhali başqa ölkələrə üz tutur. Ermənistanın rəsmi orqanları etiraf edirlər ki, orta hesabla hər il 60-70 min nəfər ölkəni birdəfəlik tərk edir. Nəticə etibarilə cəmiyyətdə narazılıq artır və hakimiyyət Qarabağ kartından istifadə etməklə ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmağa çalışır. Ancaq Ermənistan iqtidarı, erməni lobbisi başa düşməlidirlər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca, bu ölkənin və xalqın durumu daha da ağırlaşacaq. Faktiki dövlət müstəqilliyini itirmiş Ermənistan bir neçə ildən sonra bu itkini formal cəhətdən də rəsmiləşdirmək məcburiyyətində qalacaq.

Eyni zamanda onu da qeyd etməliyəm ki, Azərbaycanın dinamik inkişafı, beynəlxalq arenada ardıcıl uğurları, diplomatiyamızın yüksək fəallığı, dünya ölkələri ilə təmasların, əməkdaşlıq əlaqələrinin daha da güclənməsi, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə dünyada olan böyük hörmət və etimad Ermənistan rəhbərliyini, erməni lobbisini qıcıqlandırır və bərk narahat edir. Buna görə də onlar həm siyasi, həm də hərbi sahədə davamlı təxribatlara əl ataraq Azərbaycan hakimiyyətini nüfuzdan salmaq, ölkəmizdə daxili ictimai-siyasi vəziyyəti gərginləşdirmək istəyirlər. Amma göründüyü kimi, bütün bu cəhdlər əks effekt verir.

Ermənistanın son təxribatlarının arxasında həm də beynəlxalq ictimaiyyətin diqqətini MDB məkanında cərəyan edən digər hərbi münaqişələrdən yayındırmaq və onun ağırlıq yükünü başqa müstəviyə keçirmək niyyətinin dayandığı da istisna edilmir.

BEYNƏLXALQ TƏŞKİLATLAR AZƏRBAYCANIN GÖZLƏNTİLƏRİNİ DOĞRULTMADI

- Erməni kəşfiyyat-təxribat dəstələrinin çoxsaylı itkilərə gətirib çıxaran son aksiyası Ermənistana qarşı beynəlxalq səviyyədə hər-hansı təzyiqlərin artmasına səbəb ola bilərmi?

- Hesab edirəm ki, Ermənistana qarşı ciddi sanksiyaların tətbiq olunması çoxdan baş verməli idi. Bu gün Ukrayna hadisələri fonunda Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ilk növbədə 1992-ci ildən BMT-nin qəbul etdiyi dörd qətnamənin icrasını qulaq ardına vuran işğalçı Ermənistana şamil edilməli idi. Beynəlxalq aləmin, BMT qətnamələrinin, ATƏT Minsk qrupu həmsədrlərinin iyirmi ildən artıq bir müddətdə çağırışlarına zidd olaraq Ermənistan bu gün də cəbhə bölgəsindəki bütün təxribatların müəllifidir. Bu ölkə bu günün özündə də öz işğalçılıq siyasətindən əl çəkməyib. Ermənistan silahlı qüvvələri Azərbaycanın 20 faiz ərazisini işğal edib, həmin ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilib, nəticədə 1 milyondan artıq insan qaçqın və məcburi köçkün düşüb. Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri başda olmaqla nüfuzlu beynəlxalq qurumların qərarlarını icra etməkdən boyun qaçırır. Son günlər məhz onun təxribatının nəticəsi olaraq cəbhə xətti boyunca gərginlik artdı, atəşkəsin tam pozulması və hərbi əməliyyatların bərpa edilməsi təhlükəsi yarandı, çox sayda insan həlak oldu, sərhəddə yaşayan dinc əhalinin həyatı təhlükə ilə üzləşdi. Düşünürəm ki, Ermənistana qarşı ciddi sanksiyaların tətbiq olunması həm də bütün regionda təhlükəsizliyin təmin olunması üçün vacibdir. Üstəlik, dünyada analoji halların təhlili təsdiq edir ki, təcavüzkarı dayandırmağın ən effektli yolu ona qarşı təsirli praktiki tədbirlərin görülməsindən keçir.

Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, ABŞ Dövlət Departamentinin, BMT-nin, Avropa İttifaqının və digər nüfuzlu dövlət və qurumların açıqlamaları Azərbaycan ictimaiyyətinin gözləntilərini doğrultmadı. Beynəlxalq aləm, ATƏT Minsk qrupuna daxil olan dövlətlər, BMT Təhlükəsizlik Şurası başda olmaqla bütün aparıcı beynəlxalq təşkilatlar mövcud situasiyaya diqqəti artırmalı və regionda qarşıdurmanın yenidən alovlanmaması üçün Ermənistanı destruktiv fəaliyyətdən çəkindirəcək real tədbirlər görməli idilər.

OLA BİLSİN Kİ, MƏSƏLƏ İLƏ BAĞLI CƏMİYYƏTƏ DAHA TEZ MƏLUMAT VERİLƏ BİLƏRDİ...

- Məlum hadisələr baş verən zaman media qurumları Müdafiə Nazirliyinin informasiya sahəsində qeyri-operativ fəaliyyətindən bir qədər şikayətləndi. Sizcə, MN-in informasiya fəaliyyətindəki bu gecikmənin səbəbi nə idi?

- Bilirsiniz, biz 90-cı illərin əvvəllərində şiddətli hərbi qarşıdurma gedən zaman üzləşdiyimiz informasiya blokadasının və cəmiyyətimizdə yaşanan informasiya özbaşınalığının hansı fəsadlara yol açdığını unutmamışıq. O zaman erməni işğalı, qəddarlığı, qaçqın və məcburi köçkünlərin acınacaqlı durumu haqqında məlumatı beynəlxalq ictimaiyyətə dolğun çatdırmaq əvəzinə, daha çox yerli əhalini əsassız panikaya salırdılar. Həmin dövrdəki hakimiyyətin rəsmi şəxslərinin məlumatları bir-birini təkzib edirdi, mediada isə ciddi anarxiya yaşanırdı. Bu fəaliyyət də müvafiq olaraq, cəmiyyəti çaşdırır, hərbçiləri ruhdan salırdı, hətta hərbi əməliyyat planları belə qəzet səhifələrinə çıxarılırdı. Bütün bunlar sonda ölkəmizin və müdafiə siyasətimizin əleyhinə işləyirdi. Ola bilsin ki, məsələ ilə bağlı cəmiyyətə daha tez məlumat verilə bilərdi. Ancaq nəzərə almaq lazımdır ki, Müdafiə Nazirliyi qapalı qurumdur. Hərbi əməliyyatlar, cəbhə xəttindəki insidentlər və digər bu tipli hadisələrlə bağlı informasiyaların ölkə ictimaiyyətinə doğru-dürüst çatdırılması da böyük məsuliyyət tələb edən məsələdir. Erməni təxribat qrupları dövlət sərhədi və cəbhə boyu müxtəlif istiqamətlərdə Azərbaycan ordusunun mövqelərinə total basqın ediblər. Təbii ki, bütün informasiyaların toplanması, sistemləşdirilməsi, təhlil edilməsi və müvafiq ictimai yükü olan məlumatın hazırlanmasına zaman lazımdır. Buna görə də informasiyanın ləngidilməsi və qeyri-operativliklə bağlı mülahizələri əsaslı hesab etmirəm.

ERMƏNİ TƏBLİĞATI ARASINDA SİNXRONLUQ...

- Ancaq bu informasiya verilənə kimi cəbhə zonasındakı vəziyyətlə, həlak olmuş əsgərlərin sayı ilə və digər məsələlərlə bağlı mediada, sosial şəbəkələrdə həqiqətdən uzaq, olduqca zərərli məlumatlar yayılırdı...

- Hesab edirəm ki, peşəkar media, QHT-lər, siyasi partiyalar, ümumilikdə, tanınmış ziyalılarımız da daxil olmaqla Azərbaycan ictimaiyyəti cəbhədəki gərginliyə və itkilərimizə təmkinlə yanaşdı və düzgün mövqe tutdu. Bu da bir daha sübut edir ki, heç bir problem Azərbaycanda mövcud olan milli birliyi sarsıtmaq gücündə deyil. Bununla yanaşı, bu və ya digər səbəbdən ümumi tendensiyadan kənara çıxma hallarını da qeyd etməyi özümə borc bilirəm. Məyusedici hal ondan ibarətdir ki, bəzi siyasi qrupların, onların nəzarətində olan azsaylı QHT-lərin və media nümayəndələrinin iqtidara qarşı ifrat dözümsüzlüyü ən son həddini də keçib. Xarici anti-Azərbaycan və erməni dairələri tərəfindən idarə olunan bəzi qurumlarsa ən kiçik problemi belə mövcud hakimiyyətin idarəçiliyi ilə əlaqələndirməyə və özünəməxsus məntiqlə qeyri-real iddialar irəli sürməyə çoxdan aludə olublar. Baş vermiş məlum hadisə ilə bağlı da onların tutduğu mövqe bir daha təsdiq etdi ki, bu qrupların iddiaları ilə erməni təbliğatı arasında aydın görünən sinxronluq mövcuddur.

Eyni zamanda, o da qeyd olunmalıdır ki, qoşunların təmas xəttində yaranmış gərginliklə bağlı bir çox internet media resursları qeyri-adekvat, anlaşılmaz mövqe tutdular. Məhz bu resurslar yanlış, qeyri-obyektiv informasiyaların mənbəyinə çevrildilər, bəzi hallarda isə bilərəkdən və ya bilməyərəkdən erməni mediasının təxribat xarakterli məlumatlarını Azərbaycan ictimai rəyinə daşıyaraq cəmiyyətdə çaşqınlıq, ruh düşkünlüyü yaratmağa xidmət etdilər.

- Belə vəziyyətdə media necə davranmalıdır, hansı mövqeni tutmalıdır?

- Hesab edirəm ki, qlobal şəbəkənin mövcud olduğu, informasiyanın transmilli xarakter daşıdığı müasir dövrdə milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etmək medianın ən mühüm funksiyalarından biridir. Belə şəraitdə tanınan, ictimai rəyə real təsir imkanlarına malik KİV xüsusi həssaslıq nümayiş etdirərək lokomotivə çevrilməli, cəmiyyətin obyektiv və operativ informasiya ehtiyacını ödəmək missiyasını milli maraqlarla uzlaşdırmağı bacarmalıdırlar. Azərbaycan mediası, jurnalistlərimiz daim vətənpərvərlik mövqeyindən çıxış etməli, milli dövlətçiliyə sədaqətin, milli maraqlar uğrunda prinsipiallığın rəmzi olduqlarını heç zaman unutmamalıdırlar. Ümid edirəm ki, Azərbaycan jurnalistikası öz şərəfli tarixi ənənəsinə sadiq qalaraq, bütün dövrlərdə olduğu kimi, bundan sonra da Azərbaycan xalqına və dövlətçiliyinə xidmət missiyasını ləyaqətlə davam etdirəcəkdir.

LEYLA YUNUSUN HƏBSİ HAQDA

- Sülh və Demokratiya İnstitutunun sədri Leyla Yunusun həbsi barədə nə deyə bilərsiniz? Qeyd edək ki, bəzi xarici təşkilatlar artıq bu həbsləri və ümumilikdə Azərbaycanda insan haqlarının durumunu pisləyən bəyanatlarla çıxış ediblər.

- Azərbaycan demokratiya yolu ilə inamla irəliləyən, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində öz öhdəliklərinə ardıcıl əməl edən, vətəndaş cəmiyyəti institutlarının, medianın inkişafına hərtərəfli dəstək verilən ölkədir. Bu gün Azərbaycanda 2500-dən artıq QHT, yüzlərlə media orqanı, onlarla siyasi partiya azad, sərbəst şəkildə fəaliyyət göstərir. Buna görə də ölkəmizdə insan haqlarının durumu, söz və məlumat azadlığı və digər sahələrdə mövcud vəziyyəti mənfi qiymətləndirən müəyyən xarici dairələrin, təşkilatların iddialarını əsaslı hesab etmirəm. Düşünürəm ki, bu iddialarla çıxış edən xarici təşkilatlar öz ölkələrində baş verən neqativ hallara diqqətlərini artırsalar, daha obyektiv görünərlər.

Konkret olaraq Leyla Yunusun həbsi məsələsi ilə əlaqədar qeyd etmək istərdim ki, hüquq mühafizə orqanları ona qarşı ciddi faktlara əsaslanan ittiham irəli sürüblər. Hazırda istintaq prosesi gedir. İttihamların əsaslı olub-olmamasını yalnız məhkəmə müəyyənləşdirə bilər. Nəticə etibarilə müxtəlif xarici dairələr və daxili qruplar tərəfindən məsələni siyasiləşdirmək, müvafiq orqanların fəaliyyətinə kölgə salmaq cəhdləri səmərəsizdir və heç bir nəticə verə bilməz. Diqqətə çatdırmaq istərdim ki, həm Azərbaycan qanunvericiliyi, həm də beynəlxalq qanunlar cinayət törətdiyi ehtimal olunan şəxslərin fəaliyyət istiqamətinə görə məsuliyyətdən azad olunma praktikasını nəzərdə tutmurlar. Hamı qanun qarşısında bərabərdir və hər kəs öz əməlinə görə cavab verməlidir.

Digər tərəfdən, açıq-aydın görünür ki, Azərbaycanın daxilində müxtəlif xarici dairələr tərəfindən istiqamətləndirilən, erməni lobbisi ilə bağlılığına dair böyük şübhələr olan anti-milli qrup fəaliyyət göstərir. Son zamanlar Leyla Yunusun müdafiəsi məqsədilə erməni mediasında yayılan materiallar, gücləndirilən anti-Azərbaycan kampaniyası müvafiq nəticəyə gəlmək üçün əsas yaradır. Bu qrup daim cəmiyyətdə inamsızlıq mühiti yaratmaq, milli birliyi sarsıtmaq, xaricdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq üçün bir vasitə rolunu oynayır. Xüsusilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mühüm beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində onların fəaliyyəti daha da gücləndirilir, yüksək qrantlar hesabına müxtəlif siyasi kampaniyalar təşkil olunur və beynəlxalq ictimaiyyətin, transmilli medianın, xarici təşkilatların diqqəti süni şəkildə qabardılmış, uydurma məsələlərə yönəldilir. Onların nəzərinə çatdırmaq istərdim ki, Azərbaycan müstəqil ölkədir və bu tipli cılız aksiyalarla onun siyasətini məhdudlaşdırmaq, nüfuzuna xələl gətirmək, ölkəmizin əldə etdiyi uğurlara kölgə salmaq cəhdləri heç bir praktiki nəticə verə bilməz.