-
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun fikrincə, Avropa Birliyinin komissarı Catherine Ashton-la qurumun digər nümayəndəsi Shtefan Füle-nin Azərbaycanda insan haqlarının pozulması ilə bağlı bəyanatları qərəzli və subyektiv mülahizələrdir.
AzərTAс-a müsahibəsində Əli Həsənov bunu da vurğulayıb ki, Azərbaycan sürətlə inkişaf edən, yüksək beynəlxalq nüfuza malik, bütün əsas fundamental insan haqlarının, demokratik azadlıqların təmin olunduğu hüquqi dövlətdir.
Şöbə müdirinin sözlərinə görə, Avropa İttifaqına və Avropa Şurasına üzv dövlətlərdə olduğu kimi, Azərbaycanda da hər bir şəxs, o cümlədən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri ölkə qanunlarına hörmətlə yanaşmağa, onun tələblərinə riayət etməyə borcludur:
«Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton və qurumun genişlənmə üzrə komissarı Štefan Füle-nin məlum bəyanatında «məşhur» elan edilmiş, habelə müxtəlif xarici təşkilatların açıqlamalarında adları keçən, amma ölkəmizdə geniş ictimaiyyətə tanış olmayan şəxslər konkret cinayət əməllərində şübhəli bilinərək aidiyyəti orqanlar tərəfindən həbs olunub və onların müəyyən müddətə saxlanılması barədə məhkəmələr tərəfindən müvafiq qərarlar verilib. Yalnız istintaq və məhkəmə araşdırması onların günahkar olub-olmadığına aydınlıq gətirə bilər. Buna görə də, hesab edirəm ki, həmin dairələrin bəzi maraqlı yerli antimilli qrupların «operativ» donoslarına əsaslanan tələsik, növbətçi bəyanatları subyektiv mülahizələrdən ibarətdir, qərəzli və qeyri-obyektiv xarakter daşıyır, habelə istintaqa və məhkəmələrə təzyiq məqsədi güdür».
Əli Həsənovun fikrincə, Azərbaycan ictimaiyyəti nüfuzlu beynəlxalq qurumlardan, insan haqları sahəsində fəaliyyət göstərən xarici təşkilatlardan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı əməli yardım gözləyir.