“Uliss” romanı əsasında video oyun yaradılacaq

James Joyce

James Joyce

-

İrland rejissoru Eoghan Kidney öz məşhur həmvətəni James Joyce-un “Uliss” romanı əsasında video oyun yaradacaq.

Məqsəd dünya ədəbiyyatının klassikası sayılan, amma çətin oxunan bu romanı oxucular üçün daha asan “həzm olunan” hala gətirməkdir.

Rejissor layihə üçün pul toplamaq üçün “Find it” saytında kampaniyaya start verib və artıq hazırlıq işləri üçün lazım olan 4 min funt-sterlinqi toplaya bilib.

Video oyun əsərin ilk bölümlərini əhatə edəcək, Dublini gəzən baş qəhrəman Stefan Dedalın düşüncələri səsləndirilməklə yanaşı buna uyğun şəhər mənzərələri canlandırılacaq.

Eoghan Kidney hesab edir ki, bir çox oxucular əsərin məhz ilk bölümlərində “ilişir”, həvəsdən düşürlər. Ona görə də, onlara bu gözəl əsəri axıracan oxumaq üçün “kömək etmək” lazımdır.

Rejissor ümid edir ki, gələcəkdə əsərin digər qəhrəmanı Leopold Blümun da Dublin sərgüzəştlərini adi oxucuya çatımlı hala salmaq mümkün olacaq.

James Joyce “Uliss” romanında həm də ənəvi roman təhkiyəsi kanonlarını dağıtmağı qarşısına məqsəd qoyduğu üçün qəhrəmanların düşüncələrinə, onların şəhərdə gördükləri, şahidi olduqları hadisələrin təsvirinə səhifələrlə yer ayrılır. Bu qalın romandakı hadisələr isə cəmi 1 gündə baş verir.