O qadın...

Elnaz Eyvazlı

-

Qadının birdən-birə belə qışqır-bağır salmasından diksindim. Anama baxdım. Anam gözləri ilə işarə elədi ki, fikir vermə, qoy əl çəksin. Anam onun dəli olduğunu sanmışdı yəqin...

Elnaz Eyvazlı

O QADIN...

Çox təəssüf edirəm ki, o Qadının soyadını unutmuşam. Əminəm ki, xatırlaya bilsəm, bəlkə, çoxları kimdən danışdığımı bilərdi (səhv etmirəmsə, soyadının əvvəlində Mir... vardı).

*****

Metronun “Sahil ” stansiyasında bir az gözlədikdən sonra qatar gəldi. Qapılar açıldı. İçəridəkilər çıxdı. Mən qəfildən:

Odur, həmin qadındır, həmin qadındır, - deyə kəkələdim.

Rəfiqəm qolumdan tutub qatara çəkdi. Qapılar bağlandı. Qadın qapının o üzündən, mən bu üzündən bir-birimizə baxdıq. O, məni tanımazdı. Səsimə dönmüşdü. Mən onu tanıdım ancaq. Yenə həmin paltarda, qara çantası da qoltuğunda idi. Qatar yola düşdü...

***

1992, ya 93-cü il idi. Məktəbi bitirməmişdim. Qəzetlərdə ara-sıra yazılarım, şeirlərim çap olunurdu. Bir gün də qəzetlərin birindən məktub aldım. Şeirlərimi “Ədəbiyyat” qəzetinə aparmağı məsləhət görürdülər. Çox düşünüb-daşınandan sonra qərara gəldim ki, aparım, baxsınlar. Bəlkə, heç məndən yazan-pozan olmaz, işimi bilim də. Nə isə... Anamla “Ədəbiyyat” qəzetinə getdik. Səhv etmirəmsə, o zaman qəzetin baş redaktoru Davud Nəsib idi. Bizi çox gözəl qarşıladı, şeirlərimi gözdən keçirib, bir xeyli təriflədi. Təklif etdi ki, bu şeirlər qalsın bizdə, zaman-zaman çap edərik. Babal yuya bilmərəm, bilmirəm sonradan dediklərini etdilərmi, ya yox. Ancaq bu, mənim sözügedən qəzetə ilk və son gedişim oldu (bu günə kimi)...

Qəzetin redaksiyası Mətbuat Prospektində Nəşriyyatın binasında yerləşirdi. O vaxtlar 5 nömrəli marşrut avtobusun da dayanacağı Nəşriyyatla üzbəüz idi. Dayanacağa gəldik.

İstidən adamın dodaqları çat verirdi. Dayanacaqda bir qadın vardı. Əynində qara, o zamanlar artıq dəbdən düşmüş ”jatıy” deyilən parçadan yubka, yaxası düyməli köynək, başında da qara yaylıq. Balaca əl çantasını qoltuğuna vurmuşdu. Ortaboylu, beli bir balaca bükülmüş bu qadına azı altmış yaş vermək olardı. Qadın, gözlərimi ondan ayırmadığımı görüb:

- Mənə neçə yaş verərəsən, qızım, – dedi.

Xətrinə dəyməmək üçün bir az azaldıb:

- Altmış ancaq olar, - dedim.

Qadın istehza ilə güldü.

- Altmış, hə?! Nə altmış? Mənim qırx beş yaşım var, qırx beş...

Utandım, həm də çox pərt oldum. Başımı aşağı saldım.

Qadın birdən aqressiv və emossional ifadə ilə qışqıra-qışqıra:

- Məni bilirsən kim qoydu bu günə? Bilirsəən? – üzünü Milli Məclis istiqamətinə tutdu, əlini irəli uzadıb qışqırdı, – Allah tifağını dağıtsın bunların, dağıtsın tifağını!!!

Qadının birdən-birə belə qışqır-bağır salmasından diksindim. Anama baxdım. Anam gözləri ilə işarə elədi ki, fikir vermə, qoy əl çəksin. Anam onun dəli olduğunu sanmışdı yəqin. Ancaq niyə görəsə, mən bu söhbətin davamını gözləyirdim. İnanırdım ki, o, dəli deyil. Qadın üzümdəki təlaşı hiss etdi yəqin. Qoltuğundakı qara çantasını açdı. Çıxardığı bükülünü mənə verdi:

- Saxla bunu!

Sonra çantanı bağlayıb yenidən qoltuğuna vurdu. Əlimdəkini alıb ehtiyatla açmağa başladı. Bükülünün arasından qırmızı lentlə haşiyələnmiş bir dəstə şəkil çıxardı. Ağ-qara, çoxdan çəkildiyi məlum olan şəkillər. Bir-bir şəkilləri mənə göstərməyə başladı. Anam mənim haldan-hala düşdüyümü görüb, yenə işarə elədi : “Keç bu yana”. Hara keçirəm, keçərəm? Kələfin ucunu indi tapmışdım.

- Bax, bu mənim qardaşımdır. Azərbaycanda ən savadlı, güclü geoloq-alim idi. Müdafiəyə hazırlaşırdı. Bu şəkil Yaponiyada çəkilib, gör camaat necə yığılıb başına?! Burada da açılışdadır, lenti kəsir. Başını əkmək üçün bəhanə ilə göndərdilər Amerikaya, dedilər get, gələndən sonra müdafiə edərsən, müdafiə qaçmır. Bax, lap elə belə də dedilər. Xahiş etdi, müdafiəmi edim sonra gedərəm, -dedi, qoymadılar. O da getdi, bir də qayıtmadı, – qışqıra-qışqıra,– Allah tifaqlarını dağıtsın, balalarını yarı yolda qoysun, qardaşımın tifağını dağıtdılar. Alim qardaşım, gözəl qardaşım,– qadın hönkürə-hönkürə ağlamağa başladı. Mən də ki...haçaandı qoşulmuşdum ona. Daha anam işarə vermirdi, işarədən keçmişdi. Mənim də ağlamağım anamın halını qarışdırmışdı, deyəsən.
Bu o biri qardaşımdır. O da alim idi (Səhv etmirəmsə, kimyaçı alim demişdi). O da qaldı yarıyolda. Böyük qardaşımın dərdinə dözmədi, ürəyi partladı. Qaldım bu boyda yer yüzündə təm-tək. Ailə də qurmadım, dedim kimisə bədbəxt etməyim, onu da sağ buraxmazlar.

Yenə başladı qarğış eləməyə, ağlamağa. Özümdə deyildim. Ağlamaqdan birtəhər olmuşdum. Qadın, bimirəm məni sakitləşdirmək üçün, ya doğrudan da, maraqdanmı:

- Haradan gəlib, hara gedirsən? – dedi.
- Nəşriyyata gəlmişdim. “Ədəbiyyat” qəzetinə şeirlərimi gətirmişdim.

Elə bunu demişdim ki, özündən çıxdı:

- Yalansa, onları yalan kəssin. Qardaşlarımın faciəsindən sonra şeirlərimi apardım dediyin qəzetə. Beş yüz şeir, təsəvvür edirsən, beş yüz! Gözəl qarşıladılar, tərifləyə-tərifləyə yola saldılar. Bilirdilər ki, elə-belə adam deyiləm, alim olduğumu da, qardaşlarımın da tanınmış adamlar olduğunu, soyadımızın məşhurluğunu – hamısını bilirdilər. Ona görə də belə qarşılanmağım təbii idi. Bir müddət keçdi, şeirlərimdən xəbər çıxmadı. Getdim ki, görüm nə xəbər var. Mənə nə desələr yaxşıdır? Şeirlərin itib. Dedim, necə yəni itib? Beş yüz şeirlik bir dəftər birdən-birə necə itə bilər axı? Dedilər itib də, əlindən gələni əlli qaba çək. Çox çək-çevirdən sonra: “Bizə belə göstəriş veriblər, əl çək bizdən,” – dedilər. Məni də belə odladılar. Həəə, qızım, mən dəli deyiləm, vallah, billah dəli deyiləm. Bu qədər dərdlə, bəla ilə dəli olmadım, ölmədim. Kaş ki mən də öləydim, qaldım nə mənası. İndi ata yurdumda bir tək mən qalmışam. Evim sarayın (Respulika sarayını nəzərdə tuturdu) yanındadır. Orada da oturmağa qoymurlar, evimi əlimdən almaq istəyirlər. Nə vaxtdı qulağım dinc idi, dedim yəqin bitdi. O gün daş atıb pəncərəmi sındırıblar. Baxıb nə görsəm yaxşıdır? Daşı kağıza büküblər, yazıblar ki, tezliklə bu evi tərk elə. Gedən deyiləm, heç hara gedən deyiləm. Axırı ölməkdir, evimdə öləcəm...

Şəkilləri səliqə ilə çinləyib çantasına yığdı. Oxşaya-oxşaya, ağlaya-ağlaya. Avtobus da gəldi. Anam mənə:

- Gəl, getdik, - dedi. Qadın yaşlı gözləri ilə bizi yola saldı.

Ancaq üstündən illər keçsə də, nə o qadın, nə onun danışdıqlarını unutmadım. Hər dəfə Sahil metrosu tərəflərə keçəndə, gözüm onu axtarır. Haradansa qəfil yenə qarşıma çıxacağına ümid edirəm. Bir də rastlaşsam, ona veriləsi bir xeyli sualım var. Görsəm, tanıyaram. Onsuz da həmişə eyni paltarda olur...