Cənab Cavanbəxt bildirib ki, sentyabrın 23-də Urmiyanın Xəyyam xiyabanında mitinqdə iştirak etdiyinə görə, bir sıra fəallar həbs olunublar. Onların arasında Məhəmmədhüseyn Purqurbani, Məcid Əlizadə, Firidun Mehdipur, Fərdin Muxtari, Mehdi Cəlali, Əmir Fərəczadə və s. var.
Cənab Cavanbəxt onu deyir ki, Təbrizdə aksiyada iştirak edən fəallardan Mustafa Əvəzpur iki qardaşı ilə birgə həbs edilib. Paytaxt Tehranda da mitinq keçirilib, amma orada həbs edilənlərin sayı barədə məlumat verilmir. Zəncanda saxlanılan mühəndis Məcid Nəzəri azad olunsa da, digərinin məhkəməsi gözlənilir. Ümumiyyətlə, 23 sentyabr aksiyalarında iştirak etdiyi üçün, ilkin məlumatlara görə yüzdən çox adamın həbs edildiyi bildirilir.
İranın təhlükəsizlik qüvvələri nəzarəti artırıblar. Hətta, internet xətlərinin izlənildiyi, telefon danışıqlarına qulaq asıldığı barədə məlumatlar var.
Əlirza Cavanbəxt onu bildirir ki, Pişəvəri hökumətinin qurulmasının ildönümü -- dekabrın 12-də də aksiyaların keçiriləcəyi planlaşdırılır. İran təhlükəsizlik qüvvələri hər hansı kütləvi aksiyadan bir neçə ay əvvəl hazırlıq vəziyyətinə gətirilir.
Mehr ayının biri-sentyabrın 23-ü İranda təhsil ilinin ilk günündə İran Azərbaycanının şəhərlərində ana dilinin məktəblərdə tədrisi tələbi ilə aksiyalar keçirilib.