İran doğumlu professor Maryam Mirzakhani nüfuzlu beynəlxalq riyaziyyat mükafatı olan «Field Medal» qazanıb. Maryam Mirzakhani Harvard təhsili alıb, Stanford Universitetinin professorudur. İndi o, «Field Medal»ının 4 qalibindən biridir.
Qaliblər avqustun 12-də Beynəlxalq Riyaziyyatçılar Konqresinin Seulda keçirilən konfransında açıqlanıb.
Maryam Mirzakhani 1977-ci ildə Tehranda doğulub. 2004-cü ildə Harvard Universitetində doktorluq dərəcəsi alıb. Maryam hiperbolik səthlərin həcminin müasir üsulla hesablanması və qeyri-adi formaların həndəsəsi üzrə ekspertdir. Onun Teichmüller nəzəriyyəsi, hiperbolik həndəsə, erqodik nəzəriyyə və symplektic həndəsə sahəsində araşdırmaları var.
Maryam Mirzakhani «Field Medal»ını alan ilk qadındır.
«Field Medal»ı 1936-cı ildə təsis edilib. Beynəlxalq Riyaziyyat Birliyinin dörd ildən bir keçirdiyi Konqresdə yaşı 40-dan çox olmayan iki, üç və ya dörd riyaziyyatçıya verilən mükafatdır.
Mükafat onu təsis edən Kanada riyaziyyatçısı John Charles Fields-in şərəfinə adlandırılıb. «Field Medal» riyaziyyat sahəsində ən yüksək mükafatlardan biri hesab olunur. İlk dəfə 1936-cı ildə Finlandiya riyaziyyatçısı Lars Ahlfors və ABŞ riyaziyyatçısı Cessi Duqlasa təqdim edilib. Bundan sonra, İkinci dünya müharibəsinə görə növbəti mükafat yalnız 1950-ci ildə verilib. Həmin ildən başlayaraq hər dörd ildən bir təqdim olunur.